Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib...
23:55 06.10.2026
0
0
0
NAXÇIVAN :
07 Oktyabr 2026, Çərşənbə
Ölkənin ən çətin dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcını qoyub. Yarandığı gündən dövlətçiliyin möhkəmləndirilməsinə, ölkənin inkişafına və milli maraqların qorunmasına xidmət edən YAP qısa müddətdə ümumxalq partiyasına çevrilib.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi. Əksinə, ölkədə hakimiyyət böhranı, idarəçilikdə pərakəndəlik, iqtisadi çətinliklər və ictimai-siyasi sabitsizlik hökm sürürdü. Azərbaycanın gələcəyindən narahat olan ziyalılar və tanınmış şəxslər ölkəni bu ağır vəziyyətdən çıxara biləcək siyasi qüvvənin yaradılması təşəbbüsü ilə çıxış etdilər. Onlar xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın siyasi tarixində mühüm hadisə oldu. Həmin dövrdə partiyanın Bakı şəhərində təşkilatlanmasına imkan verilmədiyindən ölkənin müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirakı ilə keçirilən konfransa Naxçıvan ev sahibliyi etdi. Ulu Öndər həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.
Yeni Azərbaycan Partiyasının yaranması həmin dövrün mürəkkəb ictimai-siyasi reallıqlarının məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan və demokratik prinsiplərə söykənən siyasi təşkilat 30 ildir, dövlətimizə, xalqımıza, ən yeni dövrdə şanlı dövlətçilik tariximizin yazılmasına ləyaqətlə xidmət edir. Sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir.
Yeni Azərbaycan Partiyası güclü liderin ətrafında yaranmış partiyadır. Partiyanın yarandığı dövrə nəzər salanda görürük ki, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini öz xalqına və dövlətinə xidmətə həsr edən bir şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam, etimad və dəstəyi artırırdı. Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə xilaskarı Heydər Əliyevin siyasi xətti olaraq qəbul edilirdi. Bu səbəbdən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrildi, Azərbaycanın tərəqqisi yolunda fəaliyyətini uğurla davam etdirərək ölkəmizin möhtəşəm nailiyyətlər əldə etməsinə fundamental töhfələr verdi.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin tək səbəbi var idi – xalqın partiyanın sədrinə olan sevgisi və inamı. Çünki zaman göstərdi ki, xalq xilaskarına – dahi lider Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Təbii ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas prioritet məsələlərdən biri ən müasir təcrübənin Azərbaycanda bütün sahələrdə tətbiq edilməsi və ölkəmizin bütün sahələrdə qazandığı təcrübə ilə dünyaya nümunə olması idi. Məhz bu çağırışların reallıqda öz əksini tapması son illərin davamlı uğurlarını, Azərbaycanın beynəlxalq aləmdə təqdir olunan inkişaf modelini şərtləndirən əsas amillər sırasında oldu. Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması Yeni Azərbaycan Partiyasına olan inam və məhəbbəti gücləndirdi.
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasını yeni dövrün reallıqlarına uyğun şəkildə daha çevik, özünəməxsus və müasir idarəetmə platforması kimi formalaşdırdı. Azərbaycanın siyasi lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən etdi. Son illərdə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olub.
Azərbaycan ötən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə edib. Bu uğurlar həm iqtisadiyyat, həm sosial sahədə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilib. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.
Bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilən VII Qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Vətən müharibəsindəki Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması ölkənin gələcək inkişafı baxımından önəmli hadisə sayılırdı. Hakim partiyanın budəfəki qurultayı da vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasına dair qərar qəbul edildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2 oktyabr 2026-cı ildə YAP-ın VIII Qurultayındakı dərinməzmunlu və proqram xarakterli çıxışı ölkəmizin növbəti dövrdəki inkişaf strategiyasını, milli təhlükəsizlik prioritetlərini və ideoloji dayaqlarını müəyyən edən yeni konseptual yanaşma kimi çıxış edir. Dövlətimizin başçısının nümayiş etdirdiyi bu strateji baxış təkcə partiyanın deyil, bütövlükdə, Azərbaycanın suverenliyini, siyasi-iqtisadi müstəqilliyini və milli həmrəyliyini daha da möhkəmləndirmək üçün yol xəritəsi funksiyasını yerinə yetirir. Bu yeni konseptual yanaşma milli maraqların qorunmasını, müasir çağırışlara adekvat reaksiyanı və gələcək hədəflərə doğru inamlı addımları özündə ehtiva edərək dövlətçiliyimizin sarsılmaz təməlini təşkil edir.
Yeni Azərbaycan Partiyasının qurultayında səslənən mesajların ümumi mənzərəsi də məhz bunu göstərir: Azərbaycan qarşısında duran vəzifələr artıq yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. İndi isə daha güclü, daha müasir və daha rəqabətqabiliyyətli Azərbaycan qurmaq mərhələsi başlayır. Zəfər böyük tarixi nəticədir. Lakin əsl məsələ həmin Zəfərin yaratdığı imkanlardan necə istifadə etməkdir. Azərbaycanın qarşısındakı əsas sual da artıq budur: növbəti onilliklərdə bu siyasi, hərbi və iqtisadi potensial hansı yeni uğurlara çevriləcək? Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirilən mesajların mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycan Zəfər mərhələsini başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoyur.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha göstərdi ki, bu təşkilat çoxmillətli bir ölkənin, sülhü, sabitliyi, tolerant, ümumbəşəri dəyərləri həyat tərzinə çevirən, müxtəlif xalqların birgəyaşayışına nail olan, tarixlə müasirliyi özündə birləşdirən Azərbaycanın hakim partiyasıdır. Onun başında xalqımızın arxalandığı, inandığı, güvəndiyi, etibar etdiyi, etimad göstərdiyi, dünyada yaşayan bütün azərbaycanlıların lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır.
Bu gün İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Çünki görülən işlər və Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət ölkəmizin inkişafının mühüm təminatıdır. 760 mindən çox insanı birləşdirən partiyamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük qələbələr qazanacağı şübhəsizdir.
Arzu ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini
Digər xəbərlər