Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
NAXÇIVAN :
11 Fevral 2026, Çərşənbə
Azərbaycanın təşəbbüsçüsü olduğu, bilavasitə, iştirakı ilə reallaşan elə bir layihə yoxdur ki, beynəlxalq əlaqələr sisteminin möhkəmləndirilməsinə, regional əməkdaşlığın gücləndirilməsinə töhfə verməsin. Bu sırada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), Cənub Qaz Dəhlizi, Şimal-Cənub, Şərq-Qərb Nəqliyyat dəhlizlərini, Bakı-Tbilisi-Qars dəmir yolunu nümunə göstərmək olar. Hazırda Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilən Azərbaycandan keçən dəhlizlər dünyanın “super güc”ü ABŞ, ikinci ən böyük iqtisadiyyata malik Çin də daxil olmaqla, Mərkəzi Asiya, həmçinin Avropa İttifaqı ölkələrinin böyük marağındadır. Təqdirəlayiq hal ondadır ki, respublikamız okeana çıxışı olmadan əsas nəqliyyat-tranzit mərkəzi statusunu qazanmağa müvəffəq olub. Prezident İlham Əliyev də ölkəmizin statusunu görülən işlərin timsalında mühüm nailiyyət kimi dəyərləndirib: “Onu da bildirməliyəm ki, adətən, nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik”.
Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra qalib ölkə kimi regionda yaratdığı yeni reallıqlar fonunda irəli sürdüyü Zəngəzur dəhlizi layihəsi Orta Dəhlizin effektivliyini daha da artırmaqla uzaq gələcək üçün həm beynəlxalq iqtisadi münasibətlərin, həm də qlobal nəqliyyat şəbəkəsinin, ticarət əlaqələrinin güclənməsində mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu il avqustun 8-də Ağ Evdə baş tutan görüşlər çərçivəsində əldə olunan tarixi razılaşmalardan sonra artıq bu layihənin reallaşmasına qarşı mövcud əngəllər tamamilə aradan qaldırılıb. Respublikamız təşəbbüs göstərdiyi bütün layihələr kimi, Zəngəzur dəhlizinin də gerçəkləşməsi yönündə üzərinə düşən bütün tədbirləri vaxtında və dəqiqliklə icra etməkdədir. Cari il oktyabrın 21-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündən sonra mətbuata bəyanatında da dəhlizin böyük potensiala malik olduğunu diqqətə çatdırdı, layihənin reallaşması yönündə ölkəmizin həyata keçdirdiyi işləri vurğuladı: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Dekabrın 5-dən Zəngəzur dəhlizinin Naxçıvan hissəsində də işlərə başlanılıb. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb. Hazırda Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işləri aparılır. Tikinti işləri 188 kilometrlik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək. Bu xüsusda nəzərə alsaq ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas halqalarından sayılan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükötürmə qabiliyyəti 5 milyon tondur, o zaman 15 milyon ton yükötürmə gücünə malik olacaq Zəngəzur dəhlizinin Orta Dəhlizin potensialının artırılmasında daha böyük əhəmiyyətə malik olacağını demək çətin deyil. Bir fakta da diqqət çəkmək olar ki, “The Times of India” qəzetinin yazdığına görə, qarşıdakı illərdə Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollar artacaq. Hazırda bu qitələr arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyard dollar təşkil edir. Yəni görünən odur ki, il ötdükcə daşınan yüklərin həcmi xeyli artacaq. Belə olan halda Zəngəzur dəhlizinin yaxın bir neçə ildə reallaşmasını bütün region ölkələrinə böyük fayda gətirəcək mütərəqqi addım kimi dəyərləndirmək olar.
Zəngəzur dəhlizi layihəsi bir sıra aspektlərdən, həm beynəlxalq, həm də regional baxımdan olduqca mühüm siyasi, iqtisadi elementləri özündə ehtiva edir. Dəhlizin reallaşması əsas tərəflərdən biri kimi çıxış edən ABŞ-nin, o cümlədən dünyanın ikinci ən böyük iqtisadiyyata malik ölkəsi Çinin xüsusi marağındadır. Belə ki, layihə tarixi İpək Yolunun bərpasını hədəfləyən Çin rəhbəri Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü üçün mühüm perspektivlər vəd edir. Dünya Bankının təşəbbüsə dair hazırladığı hesabatda deyilir ki, əgər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilən nəqliyyat layihələri tam olaraq reallaşsa, ümumdünya ticarət dövriyyəsinin həcmi 6,2 faiz yüksələr ki, bu da, öz növbəsində, gəlirlərin 2,9 faizə qədər artmasına səbəb olacaq. Dövriyyənin və gəlirlərin artması isə iştirakçı ölkələrdə yoxsulluğun aradan qalxmasına, yeni iş yerlərinin açılmasına və sərmayələrin səmərəliliyinə imkanlar yaradacaq. Bu faktlar da bir daha Zəngəzur dəhlizinin nə qədər böyük qlobal əhəmiyyətli layihə olduğunu sübut edir.
Təqdiredici məqamdır ki, Avropanı Asiya ilə birləşdirəcək dəhliz həm də Türk dünyasını bir araya gətirəcək. Bununla da TDT-nin həm siyasi, həm də iqtisadi nüfuzu xeyli güclənəcək. Azərbaycanın Naxçıvan üzərindən Türkiyə ilə kəsintisiz quru əlaqəsi yaranacaq ki, bu da iki ölkənin münasibətlərinə yeni iqtisadi, ticari dəyər qazandıracaq.
Naxçıvan üçün yeni səhifə açılır, tarixi missiya bərpa edilir
Zəngəzur dəhlizinin gerçəkləşməsi ilə uzun illərdir, blokadada qalan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında yeni mərhələnin əsası qoyulacaq. Dəhlizin yerləşdiyi ərazidə nəqliyyat infrastrukturu yenilənəcək ki, bura həm avtomobil, həm də dəmiryolları daxildir. Prezident İlham Əliyevin “Naxçıvanla bağlı böyük planlarımız var” ideyası üzərindən nəhəng iqtisadi layihələr, o cümlədən də Azad İqtisadi Zona həyata vəsiqə qazanacaq, o cümlədən “Yaşıl Enerji Zonası” ilə bağlı təşəbbüslər tam şəkildə reallaşdırılacaq. Bütün bunların timsalında, sözsüz ki, Naxçıvan idxaldan daha çox ixrac edən regiona çevriləcək. Blokada dövründən fərqli olaraq özəl sektor üçün daha əlverişli imkanlar açılacaq, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında yeni dönəm başlayacaq. Dəhliz böyük coğrafiyanı, yəni iki qitəni birləşdirdiyi üçün Naxçıvan ticarət mərkəzi olmaqla yanaşı, sivilizasiyalararası dialoq məkanına da çevriləcək. Buraya turist axını güclənəcək, turizm növləri geniş yayılacaq. Təbii ki, turizmin inkişafı otelçilikdə, xidmət sektorunda, kafe, restoran biznesində canlanma yaradacaq. Və beləliklə də sağlam biznes mühiti formalaşacaq ki, bu da yeni sahibkarlıq subyektlərini ortaya çıxaracaq.
Zəngəzur dəhlizi böyük güclərin marağının burada kəsişməsinə vəsilə olmaqla Naxçıvanın sabit, təhlükəsiz region funksiyasını özündə saxlayacağına təminat verəcək. Dünyada da qəbul olunan tendensiya budur ki, beynəlxalq sərmayədarlar, iri sahibkarlar, şirkətlər hər zaman sabitlik, əmin-amanlıq olan regiona yatırım yatırmaq, imkanları əlverişli olan ərazilərdə uzunmüddətli layihələr həyata keçirmək istəyir. Belə olan halda Zəngəzur dəhlizinin həm də bölgəyə yeni sərmayə axınına təkan verəcəyi fikrini söyləmək olar. Beləliklə, muxtar respublika iqtisadiyyatına həm yerli, həm də xarici sərmayələrin həcmi kifayət qədər artacaq ki, bu da, son nəticədə, yeni iş yerlərinin yaradılmasına, əhali məşğulluğunun artırılmasına xidmət edəcək. Dəhliz muxtar respublikada ailə biznesinə də təsirsiz ötüşməyəcək. Xüsusilə də buraya üz tutan xarici qonaqların, turistlərin böyük marağına səbəb olacaq bölgəyə xas məhsulların istehsalında kəskin artım müşahidə olunacaq ki, bu da kənd təsərrüfatı sahələrinə yeni dividentlər qazandıracaq.
Ümumi fikir odur ki, Zəngəzur dəhlizinin reallaşması Naxçıvanda inkişaf coğrafiyasını xeyli genişləndirəcək, həm sənaye, həm özəl biznes, həm kənd təsərrüfatı dirçəldiləcək, tarixi İpək Yolu funksiyasının yenidən icra edilməsi ticarət, logistika, turizm sektorlarında böyük canlanma yaradacaq. Mövcud zəngin tarixi-mədəni irsi, müalicəvi su ehtiyatları və ekoturizm potensialı, Prezidentin sərəncamlarına, sosial-iqtisadi inkişafa dair Dövlət Proqramına uyğun tarixi abidələrin bərpası Naxçıvana turist axınının daha da artmasına imkan verəcək. Bütün sadalanan amillərə, görülən və görüləcək işlərin mahiyyətinə əsaslanaraq əminliklə demək olar ki, Zəngəzur dəhlizinin reallaşması Naxçıvanı unikal tranzit bölgəsinə çevirəcək. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə burada reallaşdırılacaq bütün təşəbbüs və layihələr təkcə muxtar respublikanın deyil, ümumilikdə, ölkənin sosial-iqtisadi inkişaf mənzərəsini zənginləşdirəcək, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri daha da möhkəmlənəcək, qlobal nüfuzu xeyli güclənəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər