Zelenski hərbçi soydaşlarımızı təltif edib
16:38 12.08.2026
0
0
0
NAXÇIVAN :
12 Avqust 2026, Çərşənbə
Cəmiyyət və texnologiya inkişaf etdikcə insanların şəhər həyatına dair tələbləri də dəyişir. Bu gün müasir şəhər anlayışı yalnız yeni binalar, yollar və infrastrukturlarla deyil, həm də insan üçün sağlam, təhlükəsiz, komfortlu və ekoloji cəhətdən təmiz yaşayış mühitinin yaradılması ilə ölçülür. Bu baxımdan, dayanıqlı və “yaşıl şəhər” modelinə keçid XXI əsrin əsas inkişaf istiqamətlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 4 mart tarixli “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da Naxçıvanın müasir şəhər modelinə keçidi baxımından mühüm əhəmiyyət daşıyır. Sərəncama əsasən Naxçıvan şəhərində ictimai nəqliyyatın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan, geniş sərnişin tutumuna və yüksək komfort imkanlarına malik “BYD” markalı 60 avtobus alınıb. Bununla yanaşı, enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib.
Bu yenilik Naxçıvanda ictimai nəqliyyatın keyfiyyətcə yeni mərhələyə keçidini təmin etməklə yanaşı, şəhərin ekoloji mühitinin qorunmasına, enerji səmərəliliyinin artırılmasına və “yaşıl iqtisadiyyat” prinsiplərinin gündəlik həyatımıza daha geniş şəkildə daxil olmasına xidmət edir. Layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə xidmət göstərilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində şəhərin ictimai nəqliyyat sistemində istifadəyə verilən yeni elektrikli avtobuslar bu dəyişikliklərin artıq real nəticəyə çevrildiyini göstərir. Ekoloji üstünlükləri ilə yanaşı, avtobusların salon komfortu, yay aylarında sərinlik, qış mövsümündə isə istilik imkanları sərnişinlər üçün daha rahat və təhlükəsiz nəqliyyat şəraiti yaradacaq. Beləliklə, Naxçıvanda ictimai nəqliyyatın yenilənməsi təkcə köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi deyil. Bu, şəhər həyatının keyfiyyətinə birbaşa təsir edən, insanların gündəlik hərəkət imkanlarını yaxşılaşdıran və müasir şəhər mədəniyyətinin formalaşmasına xidmət edən mühüm dəyişiklikdir.
Yeni nəqliyyat sisteminin üstünlükləri yalnız avtobusların elektrik mühərriki ilə işləməsi və ətraf mühitə daha az təsir göstərməsi ilə məhdudlaşmır. Burada əsas yeniliklərdən biri də ictimai nəqliyyatın idarə olunmasında müasir texnologiyalardan istifadə edilməsidir. “BakuBus” MMC tərəfindən avtobusların hərəkətinin monitorinq mərkəzi vasitəsilə real vaxt rejimində izlənilməsi marşrutlar üzrə hərəkətin daha səmərəli təşkilinə imkan verəcək. Bu sistem avtobusların qrafikə uyğun hərəkətinə nəzarəti gücləndirməklə yanaşı, gecikmələrin və marşrutdan kənarlaşmaların qarşısının alınmasına da kömək edəcək.
Sərnişindaşıma xidmətlərində elektron ödəniş sisteminin tətbiqi də şəhər nəqliyyatında mühüm yeniliklərdəndir. Avtobuslarda quraşdırılmış müvafiq qurğular vasitəsilə ödənişlərin elektron qaydada həyata keçirilməsi sərnişinlərin avtobusa minməsi və düşməsi zamanı vaxt itkisinin qarşısını alacaq, ödəniş prosesini daha rahat və təhlükəsiz edəcək. Beləliklə, müasir texnologiyalar yalnız nəqliyyat vasitəsinin özündə deyil, sərnişinin gündəlik istifadə etdiyi xidmətlərin təşkilində də özünü göstərəcək.
Yenilənmiş avtobus parkı və onun üçün yaradılan müasir infrastruktur sürücülərin və texniki heyətin iş şəraitinə də müsbət təsir göstərəcək. Rahat və müasir əmək mühiti, texniki xidmət imkanlarının yaxşılaşdırılması, peşəkar idarəetmə və xidmət standartlarının yüksəldilməsi ictimai nəqliyyatın keyfiyyətinin davamlı şəkildə artırılmasına zəmin yaradır. Bu isə, son nəticədə, həm sərnişin, həm də nəqliyyat sistemində çalışan əməkdaş üçün daha əlverişli şərait deməkdir.
Əslində, bütün bu yeniliklərin mərkəzində insan amili dayanır. Sərnişinin dayanacaqda uzun müddət gözləməməsi, avtobusun vaxtında gəlməsi, ödənişin rahat həyata keçirilməsi, yayda sərin, qışda isti salonda hərəkət etmək imkanı və təhlükəsiz nəqliyyat xidmətindən yararlanmaq müasir şəhər həyatının adi standartlarına çevrilməlidir. Naxçıvanda ictimai nəqliyyatın yeni modelinin əsas üstünlüyü də məhz bu standartların formalaşdırılmasıdır. Bu təkcə nəqliyyatda deyil, iqtisadi-mədəni həyatımızın hər sahəsində enerjiyə qənaət, ətraf mühitin qorunması sağlam gələcək prinisplərinə əsaslanan bir yaşıl davranış modelidir.
İnsanların daha sıx yaşadığı şəhər mühitində təmiz hava, yaşıllıqların qorunması, səs-küyün azaldılması, təhlükəsiz və komfortlu nəqliyyat sistemi bir-biri ilə sıx bağlı məsələlərdir. Belə şəhər mühiti insanların gündəlik həyat keyfiyyətinə, psixoloji rahatlığına və ümumi rifahına birbaşa təsir göstərir. Bu baxımdan, “yaşıl şəhər” anlayışı yalnız ekoloji məsələ deyil, həm də insanın daha rahat və sağlam yaşaması üçün yaradılan müasir həyat standartıdır.
Dünyanın bir sıra ölkələrində velosipedlərdən, elektrikli skuterlərdən, elektrik avtomobillərindən və ictimai nəqliyyatdan geniş istifadə artıq gündəlik həyatın bir hissəsinə çevrilib və “yaşıl davranış” bir kodeks kimi qəbul edilib. İnsanların şəxsi nəqliyyat vasitəsindən asılılığının azaldılması, ictimai nəqliyyatın daha əlçatan və komfortlu olması, ekoloji təmiz hərəkət vasitələrinə üstünlük verilməsi şəhər mədəniyyətinin mühüm göstəricilərindən hesab olunur. Bu yanaşma təkcə bu gün yaşayan insanların deyil, gələcək nəsillərin də sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququna xidmət edir.
Təkcə indiki deyil, gələcək nəsillərin də maraqlarına xidmət edən bu strateji yanaşma ölkəmizdə də dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Belə ki, 2021-ci il 2 fevral tarixində qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıya qoyulan əsas hədəflərdən biri “təmiz ətraf mühitin və “yaşıl artım” ölkəsinə çevrilmənin təmin edilməsidir. Bu, digər prioritetlərlə birgə Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvanda elektrikli avtobusların tətbiqi həmin strateji yanaşmanın şəhər səviyyəsində konkret ifadəsidir. Çünki “yaşıl nəqliyyat”ın mahiyyəti yalnız elektrik mühərrikli avtobusların küçələrdə hərəkət etməsindən ibarət deyil. Əsas məsələ şəhər sakinlərinin daha təmiz, sakit, təhlükəsiz və komfortlu nəqliyyat mühitinə alışması, ekoloji məsuliyyətin gündəlik həyatın bir hissəsinə çevrilməsidir.
Naxçıvanda şəhər həyatının müasir standartlara uyğunlaşması baxımından ictimai nəqliyyatın yenilənməsi ilə yanaşı, alternativ hərəkət vasitələrinin inkişafı da diqqətdə saxlanılmalıdır. Hazırda şəhərimizdə velosiped zolaqlarının mövcudluğu bu istiqamətdə müəyyən imkanlar yaradır. Lakin velosipeddən istifadə mədəniyyətinin daha da genişləndirilməsi, onun yalnız əyləncə vasitəsi deyil, gündəlik hərəkətin alternativ formalarından birinə çevrilməsi üçün şəhər infrastrukturunun və ictimai yanaşmanın paralel şəkildə inkişaf etdirilməsinə ehtiyac var.
Elektrikli ictimai nəqliyyatın digər mühüm üstünlüyü onun şəhər sakinləri üçün daha əlçatan və bərabərhüquqlu nəqliyyat imkanları yaratmasıdır. Müasir şəhərdə ictimai nəqliyyatdan tələbələr, yaşlı insanlar, fiziki məhdudiyyətli şəxslər, işləyən vətəndaşlar, eləcə də şəhərə gələn qonaqlar istifadə edirlər. Buna görə də ictimai nəqliyyatın rahat, təhlükəsiz, vaxtında və əlçatan olması şəhərin sosial həyatının normal fəaliyyətinin əsas şərtlərindən biridir.
Naxçıvanda həyatın səhər erkən saatlardan başlayaraq gecə saatlarınadək davam etdiyi nəzərə alınarsa, ictimai nəqliyyatın hərəkət qrafikinin şəhərin real sosial ritminə uyğunlaşdırılması da mühüm məsələdir. Xüsusilə qış aylarında günün daha tez başa çatdığı vaxtlarda sakinlərin işdən, təhsildən və digər gündəlik fəaliyyətlərdən sonra rahat şəkildə evlərinə qayıda bilməsi şəhər xidmətlərinin keyfiyyət göstəricilərindən biridir. Müasir, səssiz, rahat və ekoloji təmiz avtobusların istifadəsi bu baxımdan Naxçıvan sakinlərinin gündəlik həyatına mühüm rahatlıq gətirəcək.
Ekotəmiz avtobusların tətbiqi həm də böyüyən şəhərlərə xas olan tıxac problemini də aradan qaldıran ən yaxşı üsulur. Xüsusən günün pik saatlarında fərdi avtomobillərin yaratdığı tıxaclar Naxçıvanda da artıq özünü göstərən ciddi problem kimi bu məsələyə olan diqqəti daha da artırır. Ona görə də elektrikli avtobusların tətbiqi şəhərimizin daha müasir sima qazanmasına xidmət etməklə Naxçıvanın gələcəkdə tamamilə “yaşıl şəhər” modelinə keçidi üçün də mühüm baza formalaşdırır.
Digər tərəfdən, komfortlu və etibarlı ictimai nəqliyyat fərdi avtomobillərdən istifadənin müəyyən qədər azalmasına da şərait yarada bilər. Bu isə şəhərin nəqliyyat yükünün yüngülləşdirilməsi, küçələrdə hərəkətin daha səmərəli təşkili və pik saatlarda yaranan sıxlığın azaldılması baxımından əhəmiyyətlidir. Xüsusilə şəhər inkişaf etdikcə nəqliyyat məsələsinə yalnız yolların genişləndirilməsi prizmasından deyil, ictimai nəqliyyatın cəlbediciliyinin artırılması baxımından yanaşmaq daha səmərəli nəticə verə bilər.
Bu mənada, Naxçıvanda elektrikli avtobusların istifadəyə verilməsi şəhərin nəqliyyat sistemində yeni mərhələnin başlanğıcıdır. Sakit hərəkət edən, komfortlu salonu, müasir idarəetmə sistemi və ekoloji üstünlükləri ilə seçilən bu avtobuslar şəhər sakinlərinin gündəlik həyatına yeni rahatlıq gətirməklə yanaşı, Naxçıvanın müasir və insanmərkəzli şəhər kimi formalaşmasına da öz töhfəsini verəcək.
Beləliklə, Naxçıvanda elektrikli avtobusların istifadəyə verilməsi şəhərin nəqliyyat sistemində, sadəcə, texniki yenilənmə deyil, daha geniş inkişaf prosesinin mühüm tərkib hissəsidir. Bu dəyişiklik ekoloji təmiz nəqliyyatın tətbiqi ilə yanaşı, şəhər xidmətlərinin müasir texnologiyalar əsasında qurulmasına, sərnişin rahatlığının və təhlükəsizliyinin artırılmasına, insanların gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Əslində, komfortlu şəhər yalnız müasir binaları, geniş küçələri və yeni infrastrukturu ilə deyil, insanın gündəlik həyatını nə qədər rahat təşkil etməsi ilə ölçülür. Vaxtında gələn avtobus, təmiz və sakit nəqliyyat vasitəsi, rahat ödəniş sistemi, təhlükəsiz hərəkət, əlçatan xidmət və sağlam şəhər mühiti bu komfortun ayrılmaz hissələridir. Naxçıvanda həyata keçirilən yeni ictimai nəqliyyat modeli də məhz bu yanaşmanı ön plana çıxarır.
Bu baxımdan, elektrikli avtobusların şəhər həyatına daxil olması gələcək üçün daha böyük imkanların başlanğıcı kimi qiymətləndirilə bilər. İctimai nəqliyyatın inkişafı, alternativ hərəkət vasitələrinin təşviqi, yaşıllıqların qorunması və ekoloji davranış mədəniyyətinin formalaşması bir-birini tamamlayan proseslərdir. Bu proseslər davamlı xarakter aldıqca Naxçıvanın müasir, rahat, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı şəhər modelinə yaxınlaşması da sürətlənəcək. Bu gün küçələrində elektrikli avtobusların hərəkət etdiyi Naxçıvan, əslində, gələcəyin şəhər modelinə doğru yeni bir addım atır. “Yaşıl nəqliyyat” bu yolun yalnız başlanğıcıdır. Əsas hədəf isə insanın özünü rahat, təhlükəsiz və sağlam hiss etdiyi, müasir texnologiyanın təbiətlə uzlaşdığı, şəhər həyatının keyfiyyətinin davamlı yüksəldiyi Naxçıvan yaratmaqdır. Bu mənada, “yaşıl nəqliyyat” yalnız nəqliyyat vasitəsinin dəyişməsi deyil, şəhərin gələcək həyat fəlsəfəsinin dəyişməsidir.
Əli CABBAROV
Digər xəbərlər