NAXÇIVAN :

03 Oktyabr 2026, Şənbə

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

...

Oktyabrın 3-də Nizami Kino Mərkəzində Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin yerli premyerası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə rəsmi şəxslər, mədəniyyət xadimləri, filmin yaradıcı heyəti, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Filmin təqdimatından əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən həyata keçirilən “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində istehsal olunmuş bir neçə maraqlı film yaxın vaxtlarda tamaşaçılara təqdim ediləcək.
O qeyd edib ki, Azıx mağarasının dünya tarixində oynadığı roldan və burada aparılan yeni tədqiqatlardan bəhs edən sənədli film də yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək. "Sevindirici haldır ki, gənc nəslin arasında Azərbaycan irsini ekran dili ilə araşdırıb tanıtmağa həm marağı, həm də sevgisi olan peşəkarlar yetişir. Bu janrda çəkilən filmlərin beynəlxalq festivallarda nümayiş olunması və mükafatlara layiq görülməsi yüksək qiymətləndirilir", - deyə o qeyd edib.
Əməkdar jurnalist, “Real” Təhlil İnformasiya Mərkəzinin direktoru, filmin media məsləhətçisi Mir Şahin Ağayev çıxışında “Cənnətin iqamətgahı” filminin Ordubadın zəngin tarixi və mədəni irsinin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
“Bu gün biz Azərbaycan xalqının, Azərbaycan milli-mənəvi xəzinəsinin çox əhəmiyyətli bir parçasının tarixdə qalması üçün atılmış addımın şahidiyik. Həqiqətən Ordubad Azərbaycanın çox əsrarəngiz bir köşəsidir. Çox möhtəşəm mənzərələri ilə tarixdə qala biləcək yerdir”, – deyə Mir Şahin Ağayev bildirib.
ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxışında qurumun “Cənnətin iqamətgahı” layihəsinə tərəfdaşlığından məmnunluğunu ifadə edib. O bildirib ki, bu böyük layihənin tərəfdaşı olmaqdan qürur duyurlar.
Qeyd edib ki, layihə Azərbaycanın qədim şəhəri Ordubadın qədim tarixinin və zəngin mədəniyyətinin, xüsusilə gənc nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev isə təqdim olunan filmin onun üçün çox qiymətli və maraqlı ekran əsərlərindən biri olduğunu bildirib. O, etnoqrafik filmlərin dünya kinosunun qədim istiqamətlərindən biri olduğunu qeyd edərək, çağdaş dövrdə bu janrda ekran əsərlərinin nisbətən az çəkildiyini vurğulayıb.
Cəmil Quliyev bildirib ki, 1960-cı illərdən etibarən dünya kinosunda etnoqrafik filmlərin inkişafına böyük töhfələr verilib. Onun sözlərinə görə, bu janr yalnız keçmişi və müxtəlif xalqların həyat tərzini əks etdirməklə kifayətlənmir, həm də həmin irsin gələcək nəsillərə çatdırılmasına imkan yaradır.
Xalq artisti, professor, filmin bəstəkarı Siyavuş Kərimi çıxışında Azərbaycanın təbiətinin və mədəni zənginliyinin onun yaradıcılığı üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Dünyanın müxtəlif yerlərində, qırxdan artıq ölkədə olmuşam. Bununla belə demək istəyirəm ki, mən çox vətənpərvərəm və Azərbaycan kimi gözəl ölkənin olmadığını düşünürəm. Dünyada çox gözəl və fərqli məkanlar var, amma mənim üçün Azərbaycan hər zaman ən gözəlidir. Ordubad isə xüsusilə maraqlı və özünəməxsus məkandır”, – deyə Siyavuş Kərimi vurğulayıb.
Digər çıxış edənlər də “Cənnətin iqamətgahı” filminin Ordubadın qədim tarixinin, zəngin mədəni irsinin və etnoqrafik xüsusiyyətlərinin tanıdılması baxımından əhəmiyyətindən danışıb, layihənin yaradıcı heyətinə uğurlar arzulayıblar.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, ICESCO-nun Bakı Regional Ofisinin tərəfdaşlığı və “Real” Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə həyata keçirilib.
Çıxışlardan sonra filmin yaradıcı heyəti təqdim olunub və ekran əsərinin tam versiyası tamaşaçılara nümayiş etdirilib.

Nəşr edilib : 03.10.2026 21:18