Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkd...
16:55 27.08.2026
0
0
0
NAXÇIVAN :
27 Avqust 2026, Cümə axşamı
Xarici müəllif Şərurun turizm, kənd təsərrüfatı və ticarət potensialını necə qiymətləndirir?
Zəngəzur dəhlizi Cənubi Qafqazın nəqliyyat xəritəsində mühüm dəyişikliklər yarada biləcək layihələrdən biri kimi diqqət çəkir. Layihənin reallaşmasının regional ticarətə, nəqliyyat əlaqələrinə, turizmə, enerji əməkdaşlığına və investisiyalara yeni imkanlar aça biləcəyi bildirilir. Lakin nəqliyyat dəhlizləri yalnız xəritə üzərindəki marşrutlardan ibarət deyil. Onların keçdiyi ərazilərin iqtisadiyyatı, tarixi, təbiəti və insan potensialı da gələcək inkişafın mühüm hissəsidir.
Xarici müəllif Peter Marko Tase də “International Policy Digest”də yayımlanan məqaləsində məhz bu yanaşmadan çıxış edərək Şərurun Zəngəzur dəhlizinin yarada biləcəyi imkanlardan necə faydalana biləcəyini araşdırıb. Müəllifin fikrincə, Naxçıvanın qərb hissəsində yerləşən Şərur müasir turistlərin axtardığı bir sıra xüsusiyyətləri özündə birləşdirir. Münbit kənd təsərrüfatı torpaqları, zəngin mədəni irs, özünəməxsus kənd həyatı, təbii mənzərələr və strateji coğrafi mövqe rayonu gələcəkdə mühüm turizm və iqtisadi məkana çevirə bilər.
Naxçıvan Dövlət Universitetinin dosenti, “Şərq qapısı” qəzetinin əməkdaşı Əli Cabbarov müəllifə Şərurun tarixi və iqtisadi əhəmiyyəti barədə danışaraq rayonun məhsuldar kənd təsərrüfatı, sahibkarlıq ruhu və qonaqpərvərlik ənənələri ilə seçildiyini bildirib. 1930-cu ildə inzibati rayon kimi yaradılan Şərurun əhalisi 111 mindən çoxdur. 30 mindən artıq sakinin yaşadığı Şərur şəhəri Naxçıvan Muxtar Respublikasının ikinci böyük şəhər mərkəzidir. Rayonun əsas üstünlüklərindən biri isə əlverişli coğrafi mövqeyidir.
Aqrar potensial və yeni bazarlar
Məqalədə Şərurun kənd təsərrüfatı imkanlarına xüsusi diqqət yetirilir. Rayonun iqlimi və münbit torpaqları burada erkən məhsul yetişdirilməsinə şərait yaradır. Müəllifin Şərura səfəri zamanı rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov bildirib ki, Şərurun torpaqları ildə iki dəfə məhsul götürməyə imkan verir. Fevralın sonlarından başlayan yaz mövsümü may ayının ortalarında artıq təzə kartof və rayonun məşhur göycəsinin əldə olunmasına şərait yaradır. Şərurun aqrar ənənələri yeni deyil. Sovet dövründə rayonun kənd təsərrüfatı məhsulları Azərbaycanın iri şəhərləri ilə yanaşı, Rusiyanın müxtəlif şəhərlərinə də göndərilib. Üzümçülük və şərabçılıq da rayonun iqtisadi tarixində mühüm yer tutub. Araz və Arpaçay çayları, eləcə də, təxminən, 150 milyon kubmetr su tutumuna malik Arpaçay su anbarı rayonun kənd təsərrüfatı və su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Müəllif hesab edir ki, regional bağlantıların genişlənməsi yerli fermerlərin daha böyük bazarlara çıxışını asanlaşdıra, kənd təsərrüfatı məhsullarının emalı və logistika sahəsində yeni investisiyalara imkan yarada bilər.
Şərurun turizm xəritəsində yeri
Şərurun turizm potensialı da məqalənin əsas istiqamətlərindən biridir. Rayonun Şahbulaq kəndinə gedən yol boyunca uzanan kanyonlar və qeyri-adi qaya formaları fotoqrafiya və macəra turizmi üçün maraqlı məkanlar kimi təqdim edilir. Ağrı dağına açılan mənzərə isə müəllifin diqqət çəkdiyi digər təbii üstünlüklərdəndir. Şərurun əhəmiyyəti yalnız təbii mənzərələrlə məhdudlaşmır. Rayon minilliklərə gedib çıxan insan məskunlaşmasının izlərini qoruyur. Tənənəm kəndində yerləşən Qazma mağarası Azərbaycanın mühüm Paleolit dövrü abidələrindən biridir. Yaxınlıqdakı qədim Oğlanqala yaşayış məntəqəsində aparılan arxeoloji tədqiqatlar isə qədim şəhər mədəniyyətinin izlərini və müdafiə tikililərini üzə çıxarıb. Qarasu qalası, Qızqala, Maxta nekropolları, Parçı İmamzadəsi, Piri Süleyman xanəgahı, tarixi Yengicə hamamı və ənənəvi buzxana da Şərurun zəngin mədəni landşaftının əsas elementləri sırasındadır. Müəllifin fikrincə, bu abidələri təbiət mənzərələri ilə birləşdirən piyada marşrutları, mədəni turlar, fotoqrafiya, quş müşahidəsi və ekoturizm layihələri rayonun turizm imkanlarını genişləndirə bilər.
Kənd həyatı və kulinariya turizmi
Şərurun bağları, üzümçülük təsərrüfatları, ailə fermer təsərrüfatları və ənənəvi ərzaq istehsalı kulinariya turizmi üçün də imkanlar yaradır. Müasir turistlərin bir hissəsi artıq yalnız tarixi abidələri ziyarət etməklə kifayətlənmir. Onlar səfər etdikləri ərazinin gündəlik həyatını, yerli mətbəxini və ənənələrini yaxından tanımağa maraq göstərirlər. Bu baxımdan Şərurda mövsümi məhsulların birbaşa təsərrüfatlarda təqdim olunması, kənd həyatı ilə tanışlıq, yerli yeməklərin hazırlanması və aqroturizm marşrutlarının yaradılması yeni turizm məhsullarının formalaşdırılmasına imkan verə bilər. Rayonun qonaqpərvərlik ənənələri də bu potensialı tamamlayan mühüm amillərdəndir.
Dəhlizdən daha böyük imkanlar
Peter Marko Tase yazır ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə əsas diqqət yollar, dəmir yolları, gömrük məntəqələri və logistika mərkəzlərinə yönəlsə də, nəqliyyat infrastrukturu özü-özlüyündə davamlı inkişaf yaratmır. Əsas məsələ həmin bağlantı imkanlarından yerli icmaların necə faydalanacağıdır. Bu baxımdan, Şərurun təbii ehtiyatları, tarixi-mədəni irsi, kənd təsərrüfatı məhsuldarlığı və strateji mövqeyi onun üçün geniş inkişaf imkanları yaradır. Nəqliyyat əlaqələrinin genişlənməsi hotel, restoran, ailətipli qonaq evləri, logistika xidmətləri, kənd təsərrüfatı məhsullarının emalı və kiçik sahibkarlıq sahələrinə investisiyaları stimullaşdıra bilər. Şərurun üstünlüyü yalnız coğrafi mövqeyində deyil. Rayon nisbətən kiçik ərazidə düzənliklərdən dağ mənzərələrinə, qədim mağaralardan tarixi abidələrə, kənd həyatından müasir nəqliyyat imkanlarına qədər müxtəlif xüsusiyyətləri birləşdirir. Müəllif hesab edir ki, Şərur üçün ayrı-ayrı turizm obyektlərini tanıtmaq əvəzinə arxeologiya, qastronomiya, kənd həyatı, ekoturizm və regional tarix istiqamətlərini birləşdirən kompleks marşrutlar hazırlamaq daha səmərəli ola bilər.
Şərurun gələcəyi
Şərurun müasir tarixində Vətən müharibəsinin də xüsusi yeri var. Müəllif rayonun şəhidlərinin xatirəsinin Şərur şəhərindəki Şəhidlər Xatirə Kompleksində yaşadıldığını qeyd edir. Məqalədə vurğulanır ki, regional nəqliyyat layihələri inkişaf etdikcə Şərur Azərbaycanı, Türkiyəni və daha geniş Avrasiya məkanını birləşdirən yeni bağlantılardan faydalana biləcək rayonlardan birinə çevrilə bilər. Zəngəzur dəhlizinin gələcəyi yalnız daşınan yüklərin həcmi və qatarların hərəkət sürəti ilə ölçülməyəcək. Bu prosesin əhəmiyyətli göstəricilərindən biri də onun marşrut üzərində yerləşən yaşayış məntəqələrinə, o cümlədən Şərura gətirəcəyi iqtisadi imkanlar olacaq. Peter Marko Tasenin yanaşmasına görə, Şərurun əsas üstünlüyü onun təbiəti, tarixi, kənd təsərrüfatı və qonaqpərvərliyi ilə yanaşı, bu xüsusiyyətlərin bir məkanda və bir-birini tamamlayan şəkildə cəmləşməsidir. Beləliklə, Şərur gələcəkdə yalnız nəqliyyat dəhlizinin üzərində yerləşən rayon kimi deyil, turizm, aqrar istehsal, ticarət və regional iqtisadi əlaqələrin kəsişdiyi mühüm məkan kimi də diqqət çəkə bilər.
Qeyd. Peter Marko Tasenin “Sharur’s Future Along the Zangezur Corridor” məqaləsi əsasında hazırlanıb. Mənbə: International Policy Digest.
https://intpolicydigest.org/the-platform/sharur-s-future-along-the-zangezur-corridor/
Digər xəbərlər