NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

62 illik birgə ömür

...

Ailə insanın dünyaya göz açdığı ilk mühit, ilk sevgini, ilk etibarı və ilk qorunmanı hiss etdiyi məkandır. Ölkəmizdə qurulan ideal ailə modelinin təməlində mənəvi dəyərlərin qorunması, özünəməxsus ənənələrin yaşadılması, fərdlər arasında sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük və hörmət dayanır. Yalnız bu zaman ailə möhkəm və dayanıqlı olur. Bu da sirr deyil ki ailələrin davamlığının başlıca şərtlərindən biri mehribanlıq və qarşılıqlı  hörmətdir. Nə qədər ki, kişi və onun qadını arasında qarşılıqlı hörmət, böyük-kiçik yeri bilinirsə, deməli, həmin ailə möhkəm təməl üzərində qurulub. Onu da unutmayaq ki, ailədə ata, ana bir-birlərinə qayğı göstərirsə, həmin ailədə mehriban övladlar böyüyəcək. Möhkəm təməl üzərində qurulan uzunömürlü ailələrdən biri də Naxçıvan şəhərində yaşayan  İbrahimovlar ailəsidir. Sözü gedən bu ailə cəmiyyətə və gənc nəslə nümunədir.  Elə buna görə də milli-mədəni dəyərləri yaşadaraq bu günə qədər qoruyub saxlayan İbrahimovlar ailəsi ilə həmsöhbət olmaq qərarına gəldik və yollandıq onların yaşadığı ünvana.  Ailə başçısı 84 yaşlı Sərdar İbrahimov  bizə “Xoş gəlmişsiniz”, – deyərək içəri dəvət etdi.

Onlarla söhbət zamanı öyrənirik ki, ömür-gün yoldaşı Rəfiqə nənə ilə 62 ildir ki, evlidirlər. Rəfiqə nənə deyir ki, atalarımızın sözüdür: – “Ailə kiçik dövlətdir. Bu cür dövlətin qurucusu olan biz hər zaman çalışmalıyıq ki, verdiyimiz qərarlarla möhkəm təməllər inşa edək. Bu  gün bizim artıq 5 uşaq, 12 nəvə, 14 nəticəmiz var.   Şükürlər olsun ki, bu  gənc nəsil bizim gördüyümüz  ağrılı-acılı zəmanədə böyümür. Rəfiqə nənə qeyd etdi ki, qəlbimizdə yaşatdığımız sevgi əsl sevgidirsə, nə çətinlik olursa-olsun, nə qədər zaman keçir-keçsin, davam edəcək. Bizim ailənin hər bir üzvü bir-birinə qarşı mehribandır”.  Rəfiqə nənə onu da qürurla deyir ki, Sərdar kişi yaxşı insan olmaqla yanaşı, qayğıkeş ata, mehriban həyat yoldaşı, sevimli babadır. Həmsöhbətim ailədə düzgün  tərbiyənin əsas rol oynadığını vurğulayaraq söhbətinə davam edir: – “Ata, ana bir-birinə qayğı göstərirsə, həmin ailədə mehriban övladlar böyüyəcək. Mənim xoşbəxtliyim övladlarımın xoşbəxtliyidir. İndiki dövrdə gənclər dözümsüz və səbirsiz davranırlar. Halbuki günümüzdə rahat yaşamaq üçün hər şərait var. Ailənin davamlı olması üçün kişi və qadının birgə mübarizə aparması mütləqdir” .

Elə söhbətimizin bu yerində  Sərdar baba da bizə qoşulur. O deyir ki, sevgi yaşa baxmır. Biz uzun illərdir ki, birgəyik. Hətta ahıl çağımızda da onun qulluğunda dururam. Çünki həyat yoldaşım mənə hər zaman qayğıkeş olub. Ən yaxın yolyoldaşım, sirdaşımla birgə bizə bəxş olunan bu 62 ildə  mənalı ömür sürmüşük.  Hər zaman əl-ələ, çiyin-çiyinə çalışmışıq ki, cəmiyyətə yararlı övlad böyüdək. Ailə böyükləri nümunəvi davranışları ilə həm öz övladlarına, həm də ətrafındakılara nümunə olmalıdırlar. 

 Söhbətimizdən bu nəticəyə gəldik ki, ailədə qadın və kişi öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdır. Ailə həyatlarını düzgün şəkildə planlaşdırmalıdırlar ki, ailə mühiti içərisində özlərini xoşbəxt hiss etsinlər. Düzgün ailə modeli əvəzolunmaz sərvətdir. İdeal ailələri birləşdirən isə təkcə qan bağı yox, sevgi, hörmət və bir-birini başa düşmə qabiliyyətidir. Ona görə də gəlin həqiqi ailənin təməlini bu sadalananlarla qoyaraq möhkəmləndirək.

Bülbül QULİEVA

Nəşr edilib : 15.05.2025 09:15