NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Naxçıvanda buna əməl etməyənlər 50 manat cərimə olunacaqlar

...

Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə iştirakı ilə "Təmiz hava" aylığı çərçivəsində ekoloji reyd keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, reyd zamanı Naxçıvan şəhərinin mərkəzi küçə və prospektlərində xüsusi cihaz vasitəsilə daxiliyanma mühərrikli avtomobillərdən çıxan qazların tərkibindəki zərərli maddələrin miqdarı ölçülüb.
Normadan artıq zəhərli qaz ixrac edən avtomobillərin sürücüləri ilə profilaktik maarifləndirici söhbətlər aparılaraq xəbərdarlıq olunub. Avtomobillərinin normadan artıq zəhərli qaz buraxmasına səbəb olan nasazlıqların dərhal aradan qaldırılması tövsiyə olunub.
Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov jurnalistlərə açıqlamasında reydin keçirilməsində əsas məqsədin atmosferə buraxılan zəhərli maddələrin minimuma endirilməsi və bu barədə sürücülərin maarifləndirilməsi olduğunu bildirib: "Təmiz hava" aylığı çərçivəsində reydlərin birinci mərhələsi 10 iyun tarixədək davam edəcək. Qeyd olunan tələblərə cavab verməyən və atmosferə buraxdığı zəhərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücüləri inzibati xətalar məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunacaqlar".

Nəşr edilib : 15.05.2025 15:31