NAXÇIVAN :

30 Iyun 2025, Bazar ertəsi

Tarix təkrarlanır: Rusiya bu gün də sabitliyə yox, zülmə xidmət edir

...

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlı ailələrin yaşadığı ünvanlara xüsusi təyinatlı qüvvələr tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyri-mütənasib gücdən istifadə olunması, mülki vətəndaşların fiziki və mənəvi zorakılığa məruz qalması, o cümlədən ölüm və yaralanma halları, dərin təəssüf və narahatlıq doğurur. Bu hadisə son dövrlərdə Rusiya ərazisində yaşayan azərbaycanlılara qarşı müşahidə edilən narahatedici meyillərin fonunda baş verib. Ən təəssüf doğuran məqam isə bu proseslərin ayrı-ayrı hüquq-mühafizə tədbirlərindən çox, sistemli və məqsədli kampaniya təsiri bağışlamasıdır.

Azərbaycan Respublikası daim beynəlxalq hüququn prinsiplərinə, ölkələrin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə sadiq olub. Eyni zamanda Azərbaycan dövləti və cəmiyyəti xaricdə yaşayan soydaşlarımızın təhlükəsizliyi, hüquq və azadlıqlarının qorunması məsələsinə həssas yanaşır. Harada yaşamalarından asılı olmayaraq, hər bir azərbaycanlının hüquqlarının təmin olunması dövlətimiz üçün prinsipial məsələdir.

Beynəlxalq hüquq və humanizm prinsiplərinin tələbidir ki, Rusiyada baş verən son hadisələr tam, obyektiv və şəffaf şəkildə araşdırılsın. Həmçinin həlak olmuş vətəndaşlarımızın ailələrinə dəstək göstərilməli və məsul şəxslər ədalət qarşısına çıxarılmalıdır. Müttəfiqlik, tərəfdaşlıq və dostluq münasibətləri prinsipinə uyğun şəkildə, soydaşlarımızın hüquq və azadlıqlarının təminat altına alınması üçün zəruri addımlar atılmalıdır. 

Ərazisində yaşayan xalqların bərabər hüquqlarının təmin edilməsi, dünyəvilik, humanizm prinsiplərinin əsas götürüldüyü respublika olaraq beynəlxalq ictimaiyyətə, xüsusilə də insan hüquqları təşkilatlarına çağırış edirik ki, bu cür hallara münasibətdə ikili standartlardan uzaq, obyektiv və prinsipial mövqe nümayiş etdirilsin. İnanırıq ki, Azərbaycan-Rusiya münasibətlərində mövcud müttəfiqlik əlaqələri, əməkdaşlıq potensialı bu kimi çətinliklərin də qarşılıqlı hörmət, dialoq və hüquqi yanaşmalar əsasında həllinə şərait yarada biləcək. Bütün məsələlərdə olduğu kimi, bu həssas məsələdə də əsas istinad nöqtəmiz ədalət, insan hüquqları və beynəlxalq hüququn üstünlüyüdür.

Sara ƏZİMOVA
jurnalist

Nəşr edilib : 30.06.2025 09:54