NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Ağacın sədaqəti və ya Naxçıvanın may rayihəsi

...

Gözəl qoxu, xoş rayihə insanın ən təbii və ən qədim arzularından biridir. Ətir qoxusu təmizlik və gözəllik anlayışları ilə, demək olar ki, sinonimdir. Təsadüfi deyil ki, atalarımız “Təmiz yer gül qoxar”, – deyiblər. Üzərimizdən xoş ətir gəlməsi, evimizdə gözəl iyin duyulması üçün təmizlik və səliqə-sahmanla yanaşı, müxtəlif parfümeriya vasitələrinə də az vəsait sərf etmirik. Çoxlarımız uzun müddət qalıcı təsir bağışlayan bir ətir axtarışına da kifayət qədər vaxt ayırırıq. Bir sözlə, gözəl qoxuya qarşı biganə qalan insan az tapılar.

Məişətimizə və parfümeriya aləminə daxil olan bütün bu gözəl ətirlərin mənbəyi isə yenə təbiətin özüdür. Ana təbiətin qoynunda bitən hər otun, hər çiçəyin, hər ağacın özünəməxsus ətri var. Taleyimizə Naxçıvan kimi saf havalı, fərqli iqlimli və bənzərsiz təbiətli bir diyarda doğulub boya-başa çatmaq yazıldığından, biz təbiətin nəfəsini elə yerindəcə duyub onun qoxusunu ruhumuza çəkə bilirik.
Bu qədim diyarın hər fəslinin öz ətri, öz nəfəsi var. Mən isə özümü tanıyandan bəri Naxçıvanın may rayihəsinə vurğunam. Aprelin sonu, mayın ilk günlərindən etibarən Naxçıvanın havası sözlə ifadə edilməyəcək qədər gözəl qoxur. Bu qoxunu hiss etmək üçün səhər yuxudan oyanıb pəncərəni açmaq kifayətdir. İlin bu çağında Naxçıvanın havası min bir gülün, çiçəyin ətri ilə dolur. Sanki təbiət görünməz bir ətir çələngi toxuyaraq bütün diyara yayır öz nəfəsini.
Lakin bu min bir ətrin içində elə bir çiçək var ki, onun iyi hamısından bir addım öndə dayanır. Elə bil, Naxçıvanın may nəfəsinin adı onunla başlayır. Uzun müddət həmin ətrin hansı ağaca məxsus olduğunu müəyyən edə bilmirdim. Çünki bu aylarda Naxçıvanın dağı-daşı, aranı-yaylağı gül çələngini xatırladır. Haçadağın, Əshabi-kəhfin ətəklərində açılan bənzərsiz mənzərələr insanı bir daha Yaradanın qüdrəti qarşısında heyran qoyur. Sanki al lalələrdən yer üzünə xalı sərilir, təbiət isə onu min bir rənglə ilmə-ilmə naxışlayır. Naxçıvan zirvələrinin kişi əzəməti qarşısında bu laləli yamaclar bəzəkli bir gəlini xatırladır.
Dağlardan gələn çiçək qoxusunu küləklər qanadlarına alıb arana gətirir. Orada isə zəhmətkeş insan əli ilə becərilən bağların, ağacların və güllərin ətri ona qarışır. Üstəlik, yaz yağışlarının torpaqla qovuşduğu anlarda havaya yayılan o misilsiz torpaq qoxusu da bu xoş iyə əlavə olunur. Belə bir ətir aləmində hansı çiçəyin daha üstün olduğunu seçmək çətindir.
Çox sonralar anladım ki, Naxçıvanın may rayihəsinin adı iydədir. Naxçıvan-Şərur, Naxçıvan-Babək, Naxçıvan-Şahbuz magistralları boyunca, xüsusilə də Əshabi-kəhf ziyarətgahına aparan yolun kənarında sıralanan iydə ağaclarının əhatəsində olarkən bunu bütün varlığımla hiss etdim. Təklikdə də gözəldir iydə çiçəyinin qoxusu. Amma onu fərqli edən, bir addım önə çıxaran arxasında dayanan minlərlə çiçəyin məstedici qoxusu ilə qovuşmasıdır. Başqa sözlə desək, Naxçıvanın may sehrinin açarı iydədir.
Qədim diyarın sərt iqliminə sinə gərən, əkinə yararsız torpaqlarda belə adi bir çubuqdan pöhrələnib həyata bağlanan iydə sanki bu torpağın inadkar ruhunun təcəssümüdür. Naxçıvanda bir ağacı böyütmək böyük zəhmət tələb edir. Buna görə də yerli şəraitə daha tez uyğunlaşan ağac və kollara üstünlük verilir. İydə isə neçə əsrlərdir ki, Naxçıvan təbiətinin və Naxçıvan insanının doğmasına çevrilib. Yaz boyunca xoş bahar ətri saçan çiçəyi, payızda isə min bir dərdə dərman olan meyvəsi ilə, demək olar ki, hər həyətdə özünə yer tapıb.
Mən gözümü açandan Nehrəmdəki doğma evimizin həyətində bir iydə ağacı görmüşəm. O ağac hər dörd-beş ildən bir quruyar, sonra yenidən öz kökündən pöhrələyib həyata qayıdardı. Çox keçmədən yenə çiçəkləyər, yenə bar verərdi. Hər may ayında ətrafındakı qızılgüllərlə birlikdə həyətimizi xoş ətrə qərq edərdi. Nehrəmdə, demək olar ki, hər həyətdə eyni mənzərəyə şahid olurdum.
İndi doğma evimizə yolum düşəndə gözüm yenə həmin iydə ağacını axtarır. Aradan iyirmi beş ildən çox zaman keçsə də, o ağac yenə quruyub öz dibindən pöhrə verir. Bu onun bitdiyi torpağa, həmin torpağın insanına sədaqətindən başqa bir şey deyil. Sanki iydə həyatdan əl çəkməməyi, torpağa bağlı qalmağı və yenidən dirçəlməyi öyrədir insana.
Naxçıvan insanının iydəyə sevgisi də elə həmin sədaqət qədər qüvvətlidir. Bu diyarda iydə ağaclarının əkilməsinə xüsusi önəm verilir. Yaşayış məntəqələrinə aparan yolların çoxunda sıralanmış iydə ağacları görünür. Susuzluğa davamlı olduğundan şoran və şorakət torpaqların yaşıllaşdırılmasında da bu ağacdan geniş istifadə olunur.
İlk baxışda o qədər də əzəmətli görünməyən iydə, əslində, başdan-başa şəfa mənbəyidir. Meyvəsinin tərkibində selik, zülal, aşı maddələri, “C” vitamini və müxtəlif üzvi turşular vardır. Ondan hazırlanan preparatlar mədə-bağırsaq və boğaz xəstəliklərinin müalicəsində istifadə olunur.
Söhbətə gözəl rayihədən başlayıb iydənin şəfa qaynağı olmasına qədər gəlməyim təsadüfi deyil. Çünki iydə məstedici ətri ilə ruhu oxşayan, meyvəsi ilə isə insan dərdinə məlhəm olan bir təbiət möcüzəsidir. O mənə bir az da Naxçıvan insanını xatırladır – zəhmətkeş, dözümlü, sədaqətli və torpağına bağlı insanı.
Bu günlər Naxçıvanda iydə fəslidir. Gəlin, hər səhər mayın iydə qoxulu havasını doyunca ciyərlərimizə çəkək. Unutmayaq ki, təbiblər hər bir xəstəliyin, xüsusilə də ağciyər xəstəliklərinin şəfası üçün ilk, növbədə, təmiz və bol oksigenli havanı məsləhət görürlər. Biz isə Tanrının bəxş etdiyi belə bir sərvətin içində yaşayırıq. Bu diyara gözəl havanı Yaradan bəxş edib, onu iydə ətirli edən və qoruyub yaşadan isə qədirbilən, yurdsevər insanlardır.

Lalə HÜSEYNOVA
 

Nəşr edilib : 23.05.2026 12:30