NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

...

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.

Məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən general-mayor Namiq Bayramov onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bu cür kursların ordumuzun döyüş qüdrətinin artırılması və peşəkar zabit kadrları ilə komplektləşdirilməsində xüsusi əhəmiyyətə malik olduğu bildirilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar nəticəsində HHQ-nin gündən-günə gücləndiyi vurğulanıb.

Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.

Nəşr edilib : 08.06.2026 10:33