Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazi...
16:11 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
"Azərbaycan Vəkillər Kollegiyası Naxçıvan Muxtar Respublikasında vəkillik institutunun inkişafına və güclənməsinə xüsusi önəm verir. Bu məqsədlə hər il kollegiyanın təşkilatçılığı ilə muxtar respublikada müxtəlif tədbirlər keçirilir və bugünkü tədbir də məhz bu məqsədə xidmət edir. Bildiyiniz kimi, mediasiya ölkəmiz üçün nisbətən yeni bir hüquq institutudur. Azərbaycan Vəkillər Kollegiyası bu institutun inkişafına və möhkəmlənməsinə dəstək göstərən əsas qurumlardan biridir və hesab edirəm ki, bu istiqamətdə artıq mühüm nailiyyətlər əldə olunub".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O qeyd edib ki, bugünkü tədbirdə Naxçıvan Muxtar Respublikasının hüquq ictimaiyyəti geniş tərkibdə iştirak etdi, maraqlı müzakirələr aparıldı və dəyərli çıxışlar səsləndirildi: "Düşünürəm ki, vəkilliklə mediasiya arasında əməkdaşlıq bundan sonra da davam etdirilməlidir. Bu, ilk növbədə, vətəndaşların həm hüquqi yardıma, həm də mediasiya xidmətlərinə əlçatanlığını artıracaq və onların məmnunluğuna müsbət təsir göstərəcək. Səfər çərçivəsində bu gün Culfa rayonunda yeni vəkillik bürosunun açılışı da həyata keçirildi. Hesab edirəm ki, hər şəhər və rayonda vəkillik bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir. Vətəndaşlarımız bu bürolara müraciət edərək keyfiyyətli hüquqi yardım ala biləcəklər.
Həmçinin səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsi ilə əməkdaşlıq istiqamətində görüşümüz olacaq. Ümumiyyətlə, Azərbaycan Vəkillər Kollegiyası ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin Beynəlxalq münasibətlər və hüquq fakültələrinə daim hərtərəfli dəstək göstərir və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsi də bu diqqətdən kənarda qalmayacaq.
Bundan sonra da yeni nəsil hüquqşünasların yetişməsinə bütün imkanlarımızla dəstək verəcəyik. Bu dəstək, ilk növbədə, müxtəlif təlimlərin və tədris proqramlarının təşkili, eləcə də tələbələrin təşəbbüslərinin dəstəklənməsi istiqamətində olacaq. Tələbələrin müxtəlif müsabiqələrdə, layihələrdə və tədbirlərdə iştirakının təşviqi, onların peşəkar inkişafına dəstək göstərilməsi də Kollegiyanın diqqət mərkəzindədir".
"Gələcəkdə məqsədimiz Naxçıvanda bu cür tədbirlərin davamlı xarakter almasıdır. Bugünkü konfransın nəticələrinə əsasən növbəti illərdə də oxşar tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ümid edirəm ki, gələcək konfranslarımız beynəlxalq xarakter daşıyacaq və təkcə yerli iştirakçılar deyil, xarici ölkələrdən hüquqşünaslar da Naxçıvan Muxtar Respublikasına dəvət olunacaq. Beləliklə, geniş tərkibli və nüfuzlu beynəlxalq hüquq forumlarının keçirilməsi üçün əlverişli platforma formalaşacaq", – deyə Anar Bağırov əlavə edib.
Digər xəbərlər