NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub

...

Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriya Ərəb Respublikasında səfərdə olub.
"Şərq qapısı" xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb.
Səfər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib.
Prezident Əhməd Əl Şaraa cari ilin aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq, bu missiyanın qısa müddətdə təşkilinə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib. O, həmçinin Azərbaycanın və Suriyanın oxşar proseslərdən keçdiyini, Azərbaycanın əz ərazi bütövlüyünü bərpa etdiyi kimi Suriyanın da münaqişədən sonra bərpa dövrünə qədəm qoyduğunu qeyd edib. Bu xüsusda o, Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri ilə bağlı təcrübəsinin Suriyada tətbiqinin faydalı olacağını diqqətə çatdırıb.
Suriya lideri cari ilin yanvarında Suriya xalqına göndərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.
S.Şərifov Prezident İlham Əliyevin suriyalı həmkarını Azərbaycana dəvətini ehtiva edən məktubu Suriyanın dövlət başçısına təqdim edib.
Baş nazirin müavini Azərbaycan Hökumətinin Suriyanın yeni administrasiyasına siyasi dəstəyini bir daha ifadə edərək, bu dəstəyin əyani göstəricisi kimi Azərbaycanın öz rəsmi nümayəndə heyətini Dəməşqə hələ ötən ilin dekabrında ezam etdiyini və ölkəmizin 12 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etdiyini vurğulayıb.
Tərəflər görüş zamanı, həmçinin Suriyanın qədəm qoyduğu bərpa və yenidənqurma prosesinə Azərbaycan Respublikasının mümkün dəstəyinin istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin, həmçinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, iqtisadiyyat və sənaye naziri Nidal Əş-Şaar, energetika naziri Məhəmməd Əl-Bəşir, mədəniyyət naziri Muhammad Yasin Saleh, təhsil naziri Muhammad Absurrah Rahman Turkuo ilə də görüşləri olub. Görüşlərdə aidiyyəti istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılıb və bu istiqamətlər üzrə konkret planlar müəyyənləşdirilib.

Nəşr edilib : 04.05.2025 20:55