NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

...

Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür. 

"Şərq qapısı" xəbər verir ki, anadan olmasından 188 il ötsə də, müsəlman Şərqində ilk xeyriyyəçilik hərəkatının, milli teatrımızın və milli mətbuatımızın banisi, ilk təbiətşünas, təkamülçü alimi Həsən bəy Zərdabi böyük hörmət və ehtiramla anılır.
O, 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib.
1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayıb. 
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.
Həsən bəy Zərdabi ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyib.
1907-ci il noyabrın 28-də vəfat edib və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.
Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.

Nəşr edilib : 28.06.2025 09:39