NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Heydər Əliyev milli-mənəvi dəyərlərin hamisi kimi

...

Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi bu günümüz üçün də əhəmiyyətli və vacibdir. Milli-mənəvi dəyərlər dedikdə ağlımıza dilimiz, dinimiz, adət-ənənələrimiz, yaşayış tərzimiz, ədəbiyyatımız və sair məqamlar gəlir. Dəyərlərimizin tarixi əhəmiyyəti də vardır. Azərbaycan xalqı milli-mənəvi dəyərlərin yaşadılmasında hamılıqla mühüm rol oynayır. Çağdaş və müstəqil Azərbaycanı Ulu Öndər Heydər Əliyev bütün beynəlxalq platformalarda tanıtdı.  Bu mənada, milli dəyərlərimizin qorunması, inkişafı elə məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının taleyinə Allah tərəfindən bəxş edilmiş nadir şəxsiyyətlərdən biridir. Ulu Öndər dünya siyasətinin nəhənglərindən sayılır. Onun siyasi fəaliyyətini araşdırdıqca, oxuduqca görürük ki, Ulu Öndər dilimizə, dinimizə, mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza dövlətçiliyimizin inkişafı kontekstində yanaşmışdır.

Dahi şəxsiyyət milli-mənəvi dəyərlərimizi həm də siyasi varlığımızın, birliyimizin mühüm xüsusiyyətlərindən biri kimi dəyərləndirirdi. Ölkəmizdə yaşayan, yaradan, buranın vətəndaşı olan hər bir şəxs üçün bu dəyərlər əziz və müqəddəsdir. Hər kəs öz vətəndaşlıq borcu kimi dəyərlərimizin qorunub saxlanılmasında səy göstərməlidir. Böyük rəhbər dəyərlərimizi inkişaf etdirmək mövzusunu həmişə diqqət mərkəzində saxlamışdır. Azərbaycanın müstəqil olmadığı dövrlərdə adət-ənənələrimizə, milli və dini bayramlarımıza qadağalar qoyulmuşdu. Heydər Əliyev hakimiyyətə gələn kimi bu qadağalar aradan qaldırıldı.

Siyasi xadim çıxışlarında hər zaman ədəbiyyatın onun həyatında danılmaz rola malik olduğunu söyləyirdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdən hər bir şair və yazıçının yubileyinə xüsusi diqqət yetirmiş, təntənəli şəkildə qeyd etdirmişdir. Nizami Gəncəvinin 840 illik və Məhəmməd Füzulinin 500 illik yubileylərinin qeyd edilməsi bu sahədəki əhəmiyyətli tədbirlərdəndir. Özü də təşkil edilən hər yubileydə, qurultayda şəxsən iştirak etmişdir. Heydər Əliyev Azərbaycan ədəbiyyatının dünyaya tanıdılmasında böyük rol oynamışdır. Heydər Əliyevin bacarıqlı siyasəti nəticəsində Azərbaycan ədəbiyyatı yeni mərhələyə keçid etdi. Ulu Öndər elm, mədəniyyət, ədəbiyyat və incəsənətin tanınmış nümayəndələrinə dövlət səviyyəsində qayğı göstərmişdir. Onların müxtəlif orden və mükafatlarla təltif edilməsində, tarixi şəxsiyyətlərlə bağlı filmlər çəkilməsində Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Dövlətçilik, vətənpərvərlik, özünüdərk, milli oyanış, milli-mənəvi dəyərlər, ilk növbədə, ədəbiyyat vasitəsilə təbliğ olunur. Ölkə başçısı hər dəfə ədəbiyyatın adil cəmiyyət üçün nə qədər gərəkli bir amil olduğunu vurğulayırdı.

“Kitabi-Dədə Qorqud” dastanı hər kəs kimi Heydər Əliyevin də diqqətini cəlb etmişdir. “Kitabi-Dədə Qorqud” eposu Azərbaycan xalqı üçün ən böyük millli-mənəvi dəyərlərdən hesab edilir. Dahi rəhbər bu dastanın məktəblərdə, universitetlərdə geniş şəkildə öyrənilməsi, gənc nəslin milli dəyərlərimiz haqqında məlumatlı olması üçün dastanın mənimsənilməsinə xüsusi önəm verirdi. Onun dövründə bu epos müxtəlif dillərə tərcümə olundu və geniş araşdırılmağa başlandı. Heydər Əliyevin 1999-cu ilin fevral ayında imzaladığı Sərəncama əsasən “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi də məqsədyönlü addım idi. Onun verdiyi qərarlar, gördüyü işlər nəticəsində milli irsimiz, milli ədəbiyyatımız qorundu, təbliğ olundu və dünya səviyyəsində tanındı. Dastan bir neçə dəfə çap edilərək təqdim olunmuş, orta və ali məktəblərdə də özünə xüsusi yer tutmuşdur. Ölkə rəhbəri bu əsərin Azərbaycan xalqının, milllətinin milli kimliyi üçün vacibliyini vurğulayırdı və onu milli kimliyin simvollarından biri kimi qəbul edirdi. Bu epos yalnız ədəbiyyat nümunəsi deyil, həm də Türk dünyasının ortaq mədəni sərvəti kimi xüsusi əhəmiyyət daşıyırdı.

Milli dəyərlərimizin qorunmasında dahi siyasətçinin misilsiz xidmətləri olmuşdur ki, bunlardan biri də Azərbaycan dilinin dövlət dili olaraq təsbit olunmasıdır. Dilimizin dövlət dili statusu qazanmasında Heydər Əliyevin mühüm rolu olmuşdur. Dil həm də bizim mədəniyyətimizin göstəricisidir. Dilsiz bir cəmiyyəti təsəvvür etmək mümkün deyil. Heydər Əliyev Azərbaycan dilinə xüsusi qayğı və diqqət göstərmiş, Azərbaycan dili hərtərəfli beynəlxalq münasibətlərdə də inkişaf edib təkmilləşmişdir. Dil xalqın, millətin varlığının milli göstəricisidir. Zaman-zaman Azərbaycanın müstəqilliyi əlindən alınsa da, Azərbaycan dili öz varlığını qoruyub saxlaya bilmişdir. Ölkəmizdə rus dilinin hakim olduğu dövrlərdə belə Heydər Əliyev Azərbaycan dilində danışmaqdan çəkinmirdi. Ulu Öndərin yüksək intellekti, sanballı və bacarıqlı siyasəti nəticəsində ana dilimiz öz layiq olduğu yeri tutmuşdur. Məktəblərdə, universitetlərdə Azərbaycan dili dərslərinin saatları artırılmışdır. Görkəmli dövlət xadimi Azərbaycan dili haqqında bir çox fərmanlar imzalamış, mühüm addımlar atmışdır. Dilimizin öyrənilməsi və təbliği üçün elmi-tədqiqat institutlarına, digər təhsil müəssisələrinə dəstək verildi. Dahi şəxsiyyətin bu istiqamətdə yaratdığı irs bizə göstərir ki, xalq dilini sevərək və qoruyaraq var ola bilər. Buradan anlayırıq ki, ana dilinə bağlılıq milli şüurun təməlidir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən orada Azərbaycan dilinə də xüsusi diqqət və həssaslıqla yanaşılmışdır. Heydər Əliyevin dil siyasətini onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Ulu Öndər milli ideologiyanın da yaranıb formalaşması üçün mühüm addımlar atmışdır. Milli ideologiyanın əsas prinsipi və istiqaməti Azərbaycançılıq idi. Onun əsas dayağı isə Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi idi. Görkəmli şəxsiyyət həmişə Azərbaycanın suverenliyi üçün mühüm və əhəmiyyətli addımlar atırdı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası da bunun sübutudur. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycanın dövlət müstəqilliyini hüquqi cəhətdən daha da möhkəmləndirdi. Milli-mənəvi dəyərlər, milli ideologiya və multikulturalizm siyasəti Heydər Əliyev üçün dövlətin prioritet istiqamətlərindən biri olmuşdur. Ümummilli Lider multikulturalizmlə bərabər tolerantlıq ənənələrinin də möhkəmləndirilməsində mühüm rol oynamışdır. O, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayışını təmin etmək üçün ardıcıl siyasət həyata keçirmişdir. Heydər Əliyev çıxışlarında qeyd edirdi ki, respublikamızın bütün vətəndaşları dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqlara malikdirlər.

Heydər Əliyevin ölkəmiz üçün misilsiz xidmətlərindən danışarkən Onun Azərbaycan gəncliyinə göstərdiyi xüsusi qayğı və diqqət barədə danışmamaq olmaz. Heydər Əliyev gənclərimizin hamisi idi. Hazırda ölkəmizdə həyatın bütün sahələrində gənclər fəallıqları ilə seçilirlər. Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək olmaz. Milli dəyərlərin yaşadılması siyasəti müstəqil Azərbaycan üçün ən ümdə vəzifələrdən biridir. Tarixi şəxsiyyətin bu istiqamətdəki fəaliyyəti həmişə aktual olmuşdur. Gənclərimiz də bu ruhda tərbiyə edilməli, milli dövlətçiliklə sıx bağlı olmalıdırlar. Gənclərin vətənpərvər ruhda böyüdülməsi ilk olaraq orta məktəbdən başlayır. Onların bu dəyərlərə bağlılığı, uğurlu olmaları bu dəyərlərin qorunub saxlanılmasında və inkişaf etdirilməsində çox böyük əhəmiyyət kəsb edir. Gənclər milli-mənəvi dəyərlərlə böyüdükcə öz kimliklərini daha yaxşı dərk edirlər. Xalqın, millətin mədəniyyətini mənimsəyərək olduqca güclü şəxsiyyətə çevrilirlər. Teatr, musiqi, kino, incəsənət və ədəbiyyat vasitəsilə gənclərdə milli dəyərlərə maraq oyadıla bilər. Müasir texnologiyalar və sosial şəbəkələr vasitəsilə milli dəyərləri onlara çatdıra bilərik. Beləliklə, milli kimliyi qorumağın əhəmiyyətini daha asan izah etmək mümkündür. Müasir dövrdə qloballaşmanın təsiri altında bəzi milli dəyərlər itirilmək təhlükəsi ilə üzləşir. Ancaq gənclər bu dəyərləri qorumaq, gələcək nəsillərə ötürmək məsuliyyətini dərk etməlidirlər. Bir sözlə, gənclər milli dəyərlərimizə sahib çıxmalıdırlar. Milli-mənəvi dəyərlərə sahib çıxdıqda cəmiyyət daha sağlam, mədəni və vətənpərvər şəxslər yetişdirə bilər. Dəyərlərimizə sahib çıxmaq gələcəyimizin də daha parlaq olması deməkdir.

Azərbaycan günü-gündən inkişaf edən, müasirləşən və dünya birliyinə inteqrasiya edən bir ölkədir. Biz də, öz növbəmizdə, milli-mənəvi dəyərlərimizi unutmamalı, adət-ənənələrimizə sadiq qalmalı, gənc nəsillərimizə bu dəyərləri aşılayıb onları milli dövlətçilik və vətənpərvərlik ruhunda yetişdirməliyik. Azərbaycan beynəlxalq konfranslara, mədəni tədbirlərə, idman yarışlarına və sair ev sahibliyi edərək çox böyük ilklərə və uğurlara öz adını yazdırır. Beləliklə, beynəlxalq regional layihələrin iştirakçısı olan Azərbaycan hər bir vətəndaşının fəxrinə çevrilib. Biz də böyük rəhbərdən bizə miras qalan milli ideologiyamıza – Azərbaycançılıq ideologiyasına sahib çıxmalı, üstün tutmalı və müdafiə etməliyik. Bu istiqamətdə bizim yol göstəricimiz isə Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin təbliği, qorunması, yaşadılması istiqamətində söylədiyi sözlər, həmçinin Ümummilli Liderin özünün həyat tərzi olmalıdır. Heydər Əliyev öz həyatı, şəxsiyyəti ilə hamıya ən yaxşı nümunə, ən yaxşı örnəkdir. Onun yolunun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də mədəni, mənəvi sahədə mühüm nailiyyətlər əldə etmişdir. Cənab Prezident təkcə Heydər Əliyevin yolunu davam etdirməklə kifayətlənmir, bu yolu zənginləşdirərək yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirir. İlham Əliyev ardıcıl və güclü siyasət yürüdərək bu yolun müasir şəraitə uyğun inkişaf etdiricisidir. Bu yol isə Ulu Öndər Heydər Əliyevin yoludur.

                                                                                   Ülviyyə ASLANOVA

                                                    AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Nəşr edilib : 08.05.2025 15:22