NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

“Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı tədbir keçirilib

...

Şərur Rayon İcra Hakimiyyətinin və YAP Şərur Rayon Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş  "Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı tədbir keçirilib.

Öncə  tədbir iştirakçıları Şərur şəhərinin  mərkəzində  ucalan  Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər. 
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Şərur Rayon Təşkilatının sədri Əmir Babayev tədbiri açaraq  vurğulayıb ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Qeyd olunub ki, ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. 
Tədbirdə  Şərur rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova, Naxçıvan MR Ali Məclisinin deputatı Pərvin Nəcəfsoy, YAP Rayon Təşkilatının məsləhətçisi Adil Əhmədov, partiya fəalı Günay Orucova çıxış etmişlər.  
Tədbirdə bir qrup gəncə üzvlük vəsiqələri, bir qurup partiya fəallarına isə partiya sıralarında səmərəli fəaliyyətlərinə görə hədiyyələr təqdim olunmuşdur.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olunmuşdur.

Nəşr edilib : 07.05.2025 16:59