Belarusun Baş naziri Ağdama gəlib - YENİLƏNİB...
13:51 06.05.2025
0
0
0
NAXÇIVAN :
06 May 2025, Çərşənbə axşamı
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri vardır. Ümummilli Liderimiz müdrik siyasəti, uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına nail olmuş, ölkəmiz özünün geostrateji, iqtisadi və mədəni potensialı sayəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu 40 ildən artıq bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan dövlətinin, xalqımızın tarixi taleyində müstəsna rol oynamış Ulu Öndər Heydər Əliyev zəngin və şərəfli bir ömür yolu keçmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti müstəqil Azərbaycanın bütün vətəndaşları üçün əsl həyat məktəbi, xalqa və dövlətçilik ideallarına sədaqət və məhəbbətin parlaq nümunəsidir.
Ulu Öndərimiz Azərbaycan dövlətinin, xalqımızın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmişdir. Xalqımız qarşısında müstəsna xidmətlərinə görə dahi şəxsiyyət hələ sağlığında hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaltmış, Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmışdır. Ulu Öndər Heydər Əliyevin tərcümeyi-halını vərəqləsək, orada yalnız bir məqsəd, bir amal görmək mümkündür: Azərbaycan naminə çalışmaq, Azərbaycan xalqının xoşbəxtliyi naminə fəaliyyət göstərmək.
Tarix sübut edir ki, yalnız xalqa bağlı olan, onun maraqlarını qoruya bilən, vətən və millət sevgisi ilə yaşayan siyasətçilər böyük uğur qazanırlar. Siyasi fəaliyyətinin bütün dönəmlərində dahi şəxsiyyət Heydər Əliyev xalqa bağlı olduğunu, ümummilli maraqları hər zaman uca tutduğunu dəfələrlə sübut etmişdir. Böyük rəhbər Vətəni, milləti qarşısında ölkənin taleyüklü məqamlarında bütün məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət və millət kimi tarixin sınaqlarından çıxarmışdır. Bununla da, xilaskarlıq missiyasını yerinə yetirmişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqa arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində dahi şəxsiyyət Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir. Ümummilli Lider Azərbaycan xalqını fəlakətlərdən qurtarmış, dövlətçiliyi möhkəmləndirmiş, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini bərpa etmiş, sabitlik və firavanlığa şərait yaratmışdır. Çox çətinliklə əldə etdiyimiz müstəqilliyimizi dönməz və əbədi etmişdir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarmışdı. Üçrəngli bayrağımız ilk dəfə Ümummilli Liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdı. Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində hərc-mərclik, özbaşınalıq, Vətəndaş müharibəsi baş qaldırmışdı.
Müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirilmək təhlükəsi qarşısında qoymuşdu. Azərbaycan dövlətçiliyinə qənim kəsilən dairələrin fikrincə, xaotik proseslərin nəticəsi kimi Azərbaycan parçalanmalı və nəticə etibarilə, iri dövlətlərdən asılı vəziyyətə düşməli idi. Xarici dairələrin təsiri altına düşən sapı özümüzdən olan baltaların rəvac verəcəkləri vətəndaş müharibəsi xalqa böyük müsibətlər gətirməli idi. Amma onlar ən mühüm məqamı – Azərbaycan xalqının böyük inam bəslədiyi Ulu Öndərin ətrafında birləşmək istəyini nəzərə almamışdılar. Xalq görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişini vəziyyətdən yeganə çıxış yolu kimi görürdü və vaxtında öz böyük oğlunu Bakıya dəvət etməklə çox düzgün bir addım atmışdır.
Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, Azərbaycanı zamanın ağır məngənəsindən xilas etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik konsepsiyasını yaratmışdır.
1990-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın nicatı Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Həmin dövrdə Azərbaycan 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə doğru sürüklənirdi. Ulu Öndərimiz 1990-1993-cü illərin Azərbaycanını belə xarakterizə edirdi: “Gərək heç kəs bunu unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Bundan istifadə edən bəzi qüvvələr, həmin o Xalq Cəbhəsinin içərisindən çıxmış qüvvələr Azərbaycanın cənubunda yeni bir “cümhuriyyət” yaratmağa çalışdılar. Şimalda yeni hərəkat başladı, separatçılıq meyilləri artıq özünü göstərdi. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlamış təcavüzü, müharibə və Azərbaycanın daxili vəziyyətinin bu qədər ağır, bu qədər çətin olması, idarə oluna bilməməsi. Bundan istifadə edərək Ermənistan silahlı qüvvələri çox hallarda heç bir müqavimətə rast gəlmədən Azərbaycanın torpaqlarını sürətlə işğal etməyə başladılar. 1993-cü ildə Azərbaycan yanırdı”.
Bu gün hər birimiz sevinir və qürur hissi keçiririk ki, müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda Ulu Öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlar qazanır. 1993-cü ilin Azərbaycanı ilə müasir dövr Azərbaycanını müqayisə etsək, Ulu Öndər Heydər Əliyevin və onun siyasi xəttinin müstəqil Azərbaycana bəxş etdiyi inkişaf və tərəqqinin əsl mahiyyəti ortaya çıxar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarını həyatda real təcəssüm etdirən müstəqil Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. Azərbaycan artıq dünyada sayılıb-seçilən ölkələrdən biridir. Respublikamızda beynəlxalq toplantılar, konfranslar, Avropa səviyyəli musiqi, dünya səviyyəli idman tədbirləri keçirilir. Azərbaycan regionda ən qüdrətli və lider dövlət olmaqla yanaşı, iqtisadi və siyasi göstəricilərinə, ictimai-siyasi sabitliyinə görə inkişaf etmiş dünya dövlətləri ilə bir sırada durur. Bu əzəmətli tərəqqi yoluna nəzər salarkən Heydər Əliyevin həmişəyaşarlığı bir daha aydın olur. Xalqımız bütün varlığı ilə inanır ki, ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. İndi ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır.
Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Bu müharibə, yalnız torpaqların işğaldan azad edilməsi deyildi. Bu, həm də Azərbaycanın milli kimliyinin, qürurunun və suverenliyinin dünyaya sübutu idi. Xalq, dövlət və ordu birliyi, Ali Baş Komandanın müdrik qərarları ilə əsl qəhrəmanlıq dastanı yazdı. Bu zəfər Azərbaycan xalqının gücünü, iradəsini və əyilməzliyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın bu möhtəşəm zəfəri beynəlxalq siyasi səhnədə yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət, ölkəmizin beynəlxalq münasibətlərdə fəal rol almasına, qlobal məsələlərdə söz sahibi olmasına şərait yaratdı. Bu gün Azərbaycan xalqı Prezidentinin ətrafında bir yumruq kimi birləşərək yeni hədəflərə doğru inamla addımlayır.
İlahi ABBASOV
Naxçıvan şəhər 3 saylı Notariat ofisinin xüsusi notarusu
Digər xəbərlər