NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Kamal Abdulla: “Naxçıvan Dövlət Universitetinin bu yeni uğuruna sevinməmək olmaz"

...

"Məşhur dramaturq, dövlət xadimi, müəllif olan Şandor Lejakın bu gün bir əsərinin universitetdə tamaşaya qoyulması, həqiqətən də, Azərbaycan teatr səhnəsi üçün çox böyük bir hadisədir. Məhz belə əsərlərin səhnəyə qoyulması ilə əhvali-ruhiyyələrin, kökümüzdən gələn çağırışların nə qədər bir-birinə yaxın olduğunu hiss etmək mümkündür”.
Bu sözləri Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla jurnalistlərə müsahibəsində söyləyib. 
  Rektor qeyd edib ki, bu gün macar xalqının türk xalqlarına yaxınlığı mövzudur. Bütün düşünən beyinləri silkələyir və bu istiqamətdə tədqiqatlar yazılır, müxtəlif işlər aparılır. Bu cür əsərlər  o birliyin sanki bir nümayişi kimidir. Bu gün həmin müəllifin böyük bir universitet heyəti ilə  Naxçıvana gəlməsi Macarıstanla Azərbaycan arasında olan əlaqələrin son dərəcə yüksək səviyyədə olması ilə səciyyələnir.
 "Mən Naxçıvan Dövlət Universitetinə uğurlar arzu edirəm. Burada çox gözəl kollektiv var. Universitetin nəhəng olması ilə yanaşı, çox gözəl ailə kimi olması hiss edilir. Bizim burada professor  Rafiq Əliyevlə birgə tələbə və müəllimlərlə görüşümüz oldu. Çox ciddi və professional söhbət aparıldı. Naxçıvan auditoriyası, naxçıvanlı həmkarlarımızın dünyada gedən ictimai-siyasi proseslərə, elmi proyektlərə olan münasibəti bizi çox sevindirdi”, – deyə Kamal Abdulla qeyd edib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 14.05.2025 20:46