Naxçıvanlı şahmatçı “Şəki Open" turnirində uğur qa...
19:40 27.06.2025
0
0
0
NAXÇIVAN :
27 Iyun 2025, Cümə
Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsi ilə bağlı Sərəncam milli irsin qorunmasına yönəlik mühüm addımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 22 may 2025-ci il tarixdə imzalanan “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam zəngin tarixi-mədəni irsimizin mühafizəsi, beynəlxalq miqyasda təbliği və gələcək nəsillərə mükəmməl şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın orta əsr memarlıq inciləri ölkə sərhədləri daxilində, eləcə də onun hüdudlarından kənarda Yaxın və Orta Şərq regionunda təsir dairəsinə malik olmuşdur. İslam dövrü memarlığının monumental nümunələri, əsasən, XII-XIV əsrlərdə özünün inkişaf zirvəsini fəth etdiyi üçün bu dövr memarlığın, eləcə də incəsənətin intibah dövrü adlandırılır. Orta əsr memarlıq sənətinin şah əsərləri Möminə xatun, Yusif Küseyir oğlu, Qarabağlar, Bərdə türbələri memarlıq şərhi, daş nəqqaşlığı, konstruktiv xüsusiyyətləri baxımından orta əsr Azərbaycan memarlığnın ümumi üslub sistemini formalaşdırmışdır.
XII əsrin əvvəllərində Naxçıvan şəhərinin qüdrətli Atabəylər dövlətinin paytaxtına çevrilməsi ilə onun əhəmiyyəti olduqca artır, burada sənətkarlıq və inşaat xeyli genişlənir. Yerli ənənələrin ümumi Azərbaycan memarlığına xas cəhətlərlə birləşməsindən bariz siması olan bir memarlıq məktəbi yaranır. Qısa müddət ərzində Naxçıvan sənətkarları qarşısında duran memarlıq-inşaat problemlərini müvəfəqiyyətlə həll edərək Azərbaycan memarlığının ən yüksək zirvələrini təşkil edən əsərlər yaratmağa nail olur və Yaxın Şərq ölkələri memarlığında ön mövqedə durur.
Memar Əcəmi yaradıcılığı dünən, bu gün, gələcəkdə də bir çox Azərbaycan və dünya memarlarının yaradıcılığı üçün ilham mənbəyidir. Müəllifi olduğu memarlıq abidələri ilə zəngin kompozisiyası istərsə də ifadə etdiyi mənaya görə dünyanın diqqətini cəlb edir.
Əcəmi Əbubəkr oğlu Naxçıvani Azərbaycan mədəniyyətinin inkişaf etdiyi bir vaxtda, XII əsrdə Naxçıvanda yaşayıb. Həmin dövrdəki intibah özünü həm memarlıq, həm də ədəbiyyatda göstərirdi. XII əsr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi 2021-ci ildə ölkəmizdə geniş şəkildə qeyd olundu. Bu dövrün parlayan ulduzlarından biri də memarlıq sahəsinə yenilik gətirən Əcəmi Naxçıvani idi. O Naxçıvani ki Atabəylərin hakimiyyəti dövründə Naxçıvanda yaşamış, Yaxın və Orta Şərqin dahi memarı kimi şöhrət qazanmış, “şeyx-ül-mühəndis” (mühəndislərin başçısı) ləqəbini almışdır.
Naxçıvan şəhərində yüksələn Möminə xatun türbəsi görünüşü, zəngin memarlıq elementləri ilə ziyarətçilərini heyran edir. Atabəylər Memarlıq Kompleksi abidələri sırasına daxil olan Möminə xatun türbəsində memar Əcəminin ustalığı və müdrikliyi aydın duyulur.
XII əsrdə Azərbaycanda hakimiyyətdə olan Atabəylər (Eldənizlər) dövlətinin diplomat qadınlarından sayılan Möminə xatunun şərəfinə tikilən abidənin inşası Şəmsəddin Eldənizin vəfatından sonra oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb. 1186-cı ildə Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan abidə anaya, qadına hörmət və ehtiramın ifadəsi kimi bu gün də Naxçıvana gələn xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır.
Çox zərif və yüksək bədii təfəkkür məhsulu olan abidənin üzərindəki naxışlar qadın ucalığını, qadın möhtəşəmliyini , zərafətini daşıyır və hiss edir. Möminə xatun türbəsi təkcə Azərbaycan memarlığında deyil, ümumən, İslam memarlığında ən uca və incə kompozisiyası ilə seçilən uzunömürlü türbələrdən biri hesab edilir. Bu abidədə təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirilib. Abidənin baştağında yazılan “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” beyti isə onu göstərir ki, mədəniyyətimizdə Möminə xatun kimi heç vaxt köhnəlməyən, öz varlığı ilə yerləşdiyi bölgəni tanıdan, şöhrətləndirən abidələr insanların yaddaşında və tarixdə həmişə qalacaq.
Ümummilli Lider Heydər Əliyev milli memarlığımızın bu möhtəşəm abidəsini 1999-cu il oktyabrın 14-də ziyarəti zamanı demişdir: “Bu abidənin qiyməti yoxdur. Möminə xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər bizim üçün bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərmişdir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”. Bu əhəmiyyətli memarlıq abidəsi tariximizi təsdiq edən bir abidə kimi Atabəylər dövlətinin və Azərbaycanın XII əsrdəki dövlətçilik tədqiqinə, öyrənilməsinə geniş imkanlar açıb. Möminə xatun türbəsi Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri kimi UNESKO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına düşməyə qadirdir.
Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinin 2024-2025-ci illərdə UNESKO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilməsi hamımızı qürurlandırdı. Bu onu göstərir ki, Azərbaycan memarlığında iz qoyan, cığır açan Əcəmi Naxçıvani irsi ölməzdir və bütün dünya onun ustalığını qəbul edir. Bu həm də ona imkan verir ki, memar Əcəmi yaradıcılığı daha geniş tədqiq olunsun. Çünki onun irsi gəncliyimizə, gələcəyimizə nümunədir.
Rəhim RƏHİMOV
“Xan Sarayı” Dövlət Tarix- Memarlıq, Möminə Xatun və Açıq
Səma Altında Muzey Kompleksinin direktoru
Digər xəbərlər