"Ümummilli Lider Heydər Əliyevin yolu ilə sağlamlı...
20:41 09.05.2025
0
0
0
NAXÇIVAN :
09 May 2025, Cümə
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik konsepsiyasını yaratmışdır. Ona görə də 1969-cu ilin 14 iyulunda Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.
Azərbaycan xalqının tükənməz gücünə, zəngin potensialına dərindən inanan görkəmli dövlət xadimi Heydər Əliyev böyük qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını yaratmağa başlamışdı. Ümummilli Liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. O illərdə Ulu Öndər Heydər Əliyev, ilk növbədə, bugünkü dövlət müstəqilliyimizin əsası olan güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin etməsinə şərait yaratmışdı. Respublikanın hər yerində böyük quruculuq işləri aparılmış, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, Azərbaycan üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdir. Ən başlıcası budur ki, Ulu Öndər xalqımızın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövrü Azərbaycanda ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur. Milli təəssübkeşlik hissi ilə zəngin olan quruculuq dövrünün baş memarı dahi rəhbər Heydər Əliyev idi. Sözün həqiqi mənasında, müstəqil Azərbaycan dövləti məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur Ümummilli Liderimiz bu barədə deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.
Şərəfli ömrünü Azərbaycan xalqının nicatına həsr edən Ulu Öndərimiz də Azərbaycan xalqının qəlbində tarix yaradan böyük şəxsiyyət kimi yaşayır. Ümummilli Liderimiz sovetlər birliyi dönəmində ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanın müstəqilliyinin əsasını qoymuşdur. Onun uzaqgörən, düşünülmüş siyasəti nəticəsində keçmiş ittifaqın iqtisadi və siyasi cəhətdən zəif bir respublikası olan Azərbaycan qısa zaman kəsiyində sürətli inkişaf yoluna çıxarılmışdır. 1969-cu ildən sonra Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və elmi cəhətdən qazandığı uğurların başlıca səbəbi Heydər Əliyev dühası və onun yaradıcı gücə malik inkişaf strategiyasıdır.
Ümummilli Liderimiz Heydər Əliyev böyük uzaqgörənliklə: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam. Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır”, – deyərək ölkəmizə rəhbərliyi dövründə respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə qovuşdurmuş, Azərbaycan iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırmışdır.
1990-1993-cü illərdə Ümummilli Liderimizin Naxçıvanda yaşayaraq siyasi fəaliyyət göstərməsi müstəqillik yolunun davamı və bərpası istiqamətində mühüm bir mərhələdir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Naxçıvanda siyasi hakimiyyətə qayıdışı, Naxçıvandan başlanan müstəqillik yolunun Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. O dövrdə Azərbaycanda cərəyan edən hadisələrdən fərqli olaraq Naxçıvan görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin bərpası uğrunda mübarizənin mühüm siyasi mərkəzinə çevrilmişdi.
Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti Azərbaycanın istiqlal mübarizəsinin yolunda xüsusi mərhələ təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi ilk dəfə Naxçıvanda qəbul olunmuş, keçmiş sovetlər ittifaqının hələ yaşadığı bir dövrdə cəsarətli addım kimi Naxçıvan Muxtar Respublikasının adından “Sovet, Sosialist” sözləri çıxarılmış, milli şüurun dirçəlməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın Naxçıvanda saxlanması şərti ilə ilk dəfə bu torpağı tərk etmişlər. 20 Yanvar faciəsinə ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında verilmiş, bu günün “Milli matəm günü” kimi qeyd olunması barədə qərar çıxarılmışdır.
1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi model formalaşdırılırdı. Muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilir, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, quruculuq işləri aparılırdı. Məhz həmin dövrdə qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılmış, Araz çayı üzərində Sədərək-Dilucu körpüsü tikilib istifadəyə verilmişdir. Naxçıvan şəhəri yaxınlığında istilik elektrik stansiyası tikilmiş, İran İslam Respublikasından və Türkiyənin İğdır Vilayətindən Naxçıvan Muxtar Respublikasına yüksəkgərginlikli elektrik xətləri çəkilmişdir. İlk dəfə aqrar islahatlara və özəlləşdirmə tədbirlərinə də Naxçıvandan başlanmışdır.
Bu dövrün tarixi təcrübəsi bir daha göstərir ki, Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyimizin təşəkkül prosesi xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Bu böyük şəxsiyyətin ömrünün hər anı, hər günü ölkə, xalq qayğısı, müstəqilliyimizi əbədi etmək amalı ilə əlamətdardır. Bu, böyük şəxsiyyətlərə – yalnız xalqını, vətənini, milli dövlətçiliyini sevənlərə xas olan yüksək keyfiyyətdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev ölkə vətəndaşlarının hüquqlarını qoruya bilən dövlətin əsasını qoymuşdur. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi kimi öz sağlığında xalqın qəlbində heykəlləşmiş, əbədiləşmişdir.
Müstəqil Azərbaycan bu gün Heydər Əliyev siyasəti ilə qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, ən böyük azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir. Ümummilli Liderimizin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir.
Bu gün memarı Heydər Əliyev olan Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir. Hərtərəfli inkişаf хəttini dаvаm еtdirən ölkə Prеzidеnti cənab İlham Əliyevin həyаtа kеçirdiyi tədbirlər nəticəsində Аzərbаycаn dаhа dа inkişаf еdərək rеgiоndа lidеr dövlətə çеvrilmişdir. Bu inkişаf ölkə həyаtının bütün sаhələrini, еləcə də bütün rеgiоnlаrı əhаtə еdir.
Xalqımız öz xoşbəxtliyini, ölkəmiz isə öz inkişaf və tərəqqisini bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilən Heydər Əliyev siyasətində, quruculuq və inkişaf yolunda tapır. Bu yol Azərbaycanın dünəni, bu günü və sabahıdır. Azərbaycan bu yolla irəliləyərək yüksəlir, inkişafının sürəti ilə dünyanı heyrətə salır. Belə inkişaf tempi isə Azərbaycana yad deyil. Ötən əsrin 70-ci illərində də ölkəmiz bu cür vüsəti Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaşamışdı. İndi isə Ümummilli Liderin bu ideyaları ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin ideyaları yaşayır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır. Çünki bu yolu Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan Qalib xalqın Qalib lideri Prezidentimiz cənab İlham Əliyev davam etdirir.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər