DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə ke...
10:41 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Dünəndən bu günə ipəklə gələn yol
Ulu və qədim Naxçıvan. Duz yüklü, ipək zərafətli, meyvə təravətli nə karvanlar keçib Naxçıvanın sinəsindən dünyaya. Qazançı, Əylis körpüləri, karvansaralar, Batabatdakı Fərhad evi və daha sadalamadığımız onlarla abidələr bu gün də karvan yollarının izlərini özündə daşımaqdadır. Naxçıvan bir çox məhsulları və yerləşdiyi əlverişli coğrafi mövqeyi ilə ticarət yollarının kəsişdiyi, mədəniyyətlərin qovuşduğu Nuhun diyarı kimi tarixdə əhəmiyyətli yer tutub. Naxçıvan Böyük İpək Yolunun əsas dayanacaqlarından olub. Bu marşrutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, qiymətli daşlar, Avropadan Şərq ölkələrinə isə qalay, sink, civə, mahud parça və sair daşınırdı. İpək Yolu Dərbənd, Şirvan, Şəki, Beyləqan, Gəncə, Qəbələ, Təbriz və Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermiş, onların hər birinin ipək ticarəti mərkəzinə çevrilməsinə şərait yaradaraq məşhurlaşmasına səbəb olmuşdu.
İpəkçilik və ipək parça, xüsusilə də basmanaxışlı parçalar Naxçıvan əhalisinin məişətində əsrlərboyu mövcud olmuşdur. Bölgə ərazisində təsərrüfatın bu sahəsinin geniş yayıldığı yer isə Ordubad idi.
Tarixi mənbələr göstərir ki, 1926-cı ildə ipək fabriklərinin istehsal etdiyi xam ipək materialları əsasında Ordubadda corab-kəlağayı fabriki açılmış, Vənənd, Əylis, Üstüpü, Çənnəb, Parağa və Bist kəndlərində onun şöbələri yaradılmışdı. Fabrikdə ipək, yarım ipək corablar, baş və cib yaylıqları istehsal olunurdu. 1928-1929-cu illərdə 12 kiçik ipək fabriki birləşdirilərək Ordubad İpək Kombinatı yaradılıb. Naxçıvan Muxtar Respublikası blokada şəraitinə düşməsi ilə əlaqədar istehsal həcmi azalmış, qısa bir müddətdə tənəzzülə uğramışdır.
Tarixi bağdan “ipək bağı”na
Təbii sərvətləri, əvəzsiz məhsulları ilə tarixən dünya bazarında özünəməxsus yer tutan Naxçıvanda ipəkçilik önəmli rola malik olmuş, iqtisadiyyatın inkişafına, ekoloji mühitin bərpasına, əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfələr vermişdir. Naxçıvanda ənənəvi baramaçılıq sahəsinin yenidən dirçəldilməsi, ipəkçiliyin şöhrətinin özünə qaytarılması məqsədilə atılan addımlar bu gün öz bəhrəsini verməkdədir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda ənənəvi məşğuliyyət növü olan baramaçılıq və ipəkçiliyin bərpa edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. 2023-cü ilin əvvəllərindən başlayaraq hazırlanan pilot layihə 35 ildən sonra ənənələrin bərpasına rəvac verib. İlk olaraq yem bazasında çatışmazlıqları aradan qaldırmaq üçün yeni tut bağlarının salınmasına başlanılıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə Ordubad rayonunun Əylis düzündə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 600 ədəd tut tingindən ibarət “Türkiyə-Azərbaycan ipək bağı” salınıb. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 20 min, o cümlədən Dövlət Proqramına uyğun olaraq alınan 18 min 381 tut tinginin əkini aparılıb. Qulluq sayəsində bağ bu gün yem bazası kimi istifadəyə yararlıdır.
Bu sahənin yenidən dirçəldilməsi yalnız iqtisadi amillərlə ölçülə bilməz. Bu, ənənəyə sadiqlik, dəyərlərin yaşadılmasına göstərilən səylərin nəticəsi olaraq tarixi bağlılığın təzahürü kimi bu gün özünü görülən real işlərdə təcəssüm etdirməkdədir.
Yüksək məhsuldarlıq uğrunda
2024-cü ildə kümxanalar hazırlanıb, Çin Xalq Respublikasından 30 qutu ipəkqurdu toxumu gətirilib. Gətirilən toxumlar Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub, əldə olunan ipəkqurdları kümçülərə əvəzi ödənilmədən paylanılıb. 2025-ci ildə Naxçıvan kümçülərinə verilən 40 qutudan 1757 kq yaş barama əldə edilib. Hər iki il Naxçıvan öz liderliyini qoruyub saxlayıb və ölkə üzrə göstəricilərinə görə ikinci yerdə bərqərar olub.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Rübabə Hüseynzadə bizimlə söhbətində bildirir ki, baramaçılığın inkişafı istiqamətində tədbirlər hazırda da davam etdirilir. Cari ildə muxtar respublikaya 50 qutu ipəkqurdu toxumu gətirilib. İnkubasiyaya qoyulduqdan sonra muxtar respublikanın bütün bölgələrinə paylanılıb. Davamlı olaraq yerlərdə olur, monitorinqlər aparır, məhsuldarlığın əldə olunması üçün lazımi tövsiyələrimizi veririk. Məqsəd Naxçıvanda baramaçılığın yenidən inkişafına dəstək olmaq, bu sahəyə marağı artırmaqla ilbəil daha yaxşı göstəricilərə nail olmaqdır.
Bu işə sevgi ilə yanaşmaq lazımdır
Yolumuzu elə tarixən ipəyi ilə məşhur olan Ordubada salırıq. Sabirkənddə kümxanaya daxil oluruq. Tut yarpaqlarının iyinə bülənd olmuş kümxanada hər kəs çalışır. Müsahibimiz Xəlil Fərəcov deyir: “Birinci il bir qutudan 100 kq məhsul əldə etdik, yəni plandan artıq nəticəyə nail olduq. Hətta bunun üçün mükafatlandırıldım da. Bu sahə bizə yad deyil. Ta keçmişlərdən Ordubad əhalisi bu işlə geniş məşğul olmuş, öz dolanışıqlarını təmin etmişlər. Kəndlərin əksəriyyətində tut ağacları yetişdirilirdi ki, bu da baramaçılıq üçün yem bazası təşkil edirdi. 40 il bundan əvvəl ailəlikcə bu işlə məşğul olmuşuq. 35 ildən sonra yenidən baramaçılığın bərpası bizim üçün də çox sevindirici oldu. Ümidvaram ki, insanların bu sahəyə marağı artacaq və rayonumuzun baramaçılıq şöhrəti özünə qayıdacaqdır”.
“Bu işə sevgi ilə yanaşmaq lazımdır”, – deyə 59 yaşlı Zəminə Rüstəmova söhbətimizə qoşulur: “Bizim ev kəndin başındadır. Hər gün səhər 6-dan durub yola çıxıram. Kümxanaya çatan kimi səliqə-sahmana fikir verir, qurdları yemləyirəm. Bu iş səbir və sevgi tələb edir. Bəzən onları əzizləyirəm. 1989-cu ildə ailəmiz artıq üçüncü il idi ki, baramaçılıqla məşğul olurdu. Yaxşı baxdığımıza görə hər il bizə verilən qutu sayı artırdı. Məlum vəziyyətlə əlaqədar bu sahə də iflic oldu. Amma yenidən baramaçılıqla məşğul olmağım mənə ruh verir. Həvəslənirəm. Üçüncü ildir, yenə bu sahədə çalışıram, bu il də yüksək məhsuldarlığa nail olacağımıza inanıram”.
Yol bizi Vənəndə aparır. Həmsöhbətim Yaqut Babayeva deyir ki, bu, olduqca həssas işdir: “İpək qurdlarını bəsləmək, onların tələf olmasına yol verməmək üçün davamlı qulluq etməlisən. 30-40 gün ərzində gecəni gündüzünə qatıb kümxananın təmizliyinə, qurdların yemlənməsinə, rütubətliliyinin və temperaturunun müəyyənləşdirilmiş norma daxilində olmasına diqqət etməlisən. Əks halda məhsuldarlıqdan söhbət belə gedə bilməz”.
Baramaçılıqla yenidən məşğul olmaq zövq verir
“Doğulduğum Üstüpü kəndində əvvəllər haradasa 20 ailə baramaçılığa öz töhfəsini verirdi. Bizim ailə də 5 il sərasər bu işlə məşğul olub. Mən özüm hazırda Şəhriyar qəsəbəsində yaşayıram, amma torpaqdan əl götürməmişəm, təsərrüfatla məşğulam, əkirəm becərirəm. Bununla belə, baramaçılıq mənim üçün olduqca zövqlü bir işdir. 5 qutu götürmüşəm, hər qutudan 70-80 kq məhsul əldə edəcəyimə ümidvaram. İpəkqurdu elədir ki, gərək nazını çəkəsən, mütləq təzə yarpaq olmalıdır, ona görə yetişdirilmə dövrü məhz tut ağaclarının yeni yarpaqladığı dövrə təsadüf edir. İki saatdan bir yemlənməli, qurumuş yarpaqlar vaxtında ətrafdan təmizlənməlidir. Hər növ həşəratdan qorumalısan, davamlı müşahidə altında saxlamalısan. Bu işdə təcrübən varsa, sənə xoş və maraqlı gələcək”, – deyir Ayaz
Abdullayev.
Culfa rayonunun Kırna və Ərəzin kəndlərində olan kümxanalara da baş çəkirik. Çalışanların əksəriyyəti qadınlardır. Əgər əvvəllər baramaçılıq daha çox Ordubad rayon əhalisi üçün məşğuliyyət sahəsi idisə, indi muxtar respublikanın dörd bir yanında kümçülər yetişdirilir. Bu da muxtar respublikada baramaçılığın inkişafı üçün hesablanmış düzgün fəaliyyət istiqamətidir. Ərəzin kənd sakini Aysel Zeynallı 3 ildir ki, 6 nəfər qadınla birgə bu sahədə çalışır. Deyir ki, keçən il 4 qutudan 224 kiloqram yaş barama əldə etdik. Bu il daha çox məhsuldarlığa nail olacağımıza inanıram.
Zəhmət və sevgi olan yerdə nəticə qaçınılmazdır. Təcrübəli kümçülərin cəlb edilməsi, habelə 3 il ərzində qazanılan təcrübə, göstərilən dövlət dəstəyi muxtar respublikada baramaçılığın yeni tarixinin yazıldığını göstərir. Bu tarix, sadəcə, baramaçılığı deyil, bu sahəyə yenidən həyat verənləri də yaşadacaq.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər