NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb

...

"Son dövrlər Naxçıvan Muxtar Respublikasında aqrar sektorun digər sahələrində olduğu kimi, baramaçılığın bərpası və inkişafı istiqamətində də ciddi canlanma müşahidə olunur. Bu sahədə atılan hər bir addım təkcə bugünkü məhsuldarlığı təmin etmir, həm də gələcəkdə əldə olunacaq yüksək nəticələrin möhkəm təməlini qoyur. Xüsusilə qeyd edilməlidir ki, uzunillik fasilədən sonra 2024-cü ildə muxtar respublikada baramaçılıq ənənələrinin yenidən bərpasına başlanılıb. Həmin il pilot layihə çərçivəsində gətirilən 30 qutu ipəkqurdu toxumu inkubasiya prosesindən keçirilərək təmənnasız şəkildə kümçülərə paylanılmış və nəticədə, 1119 kiloqram yaş barama istehsal edilib".

Bu sözləri "Şərq qapısı"na müsahibəsində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Rübabə Hüseynzadə deyib.

O qeyd edib ki, bu uğurlu başlanğıc 2025-ci ildə daha da genişləndirilərək davamlı xarakter alıb. Belə ki, həmin il 40 qutu ipəkqurdundan 1757 kiloqram yaş barama əldə olunub ki, bu da cəmi bir il ərzində məhsuldarlıqda 17 faiz artım deməkdir. Bu statistik göstəricilər seçilən inkişaf strategiyasının nə qədər doğru və effektiv olduğunu bir daha təsdiq edir. Həyata keçirilən sürətli bərpa prosesi nəticəsində Naxçıvan orta məhsuldarlıq göstəricisinə görə iki il ardıcıl olaraq ölkə üzrə Zərdab rayonundan sonra ikinci yerə yüksəlib.

"Bu nailiyyətlər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən məqsədyönlü tədbirlərin bariz nümunəsidir. Müsbət tendensiyanın davamı olaraq cari ildə muxtar respublikaya 50 qutu ipəkqurdu toxumu gətirilib. Toxumlar əvvəlcə Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub və daha sonra yenidən əvəzi ödənilmədən kümçülərə paylanılıb. Bu addım regionda baramaçılığın daha da kütləviləşməsinə və məhsul həcminin artmasına xidmət edəcək", – deyə nazirliyin sektor müdiri əlavə edib.

Nəşr edilib : 13.05.2026 12:14