DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə ke...
10:41 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Biz qurub-yaradanıq
Ölkə başçısının 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamda deyilir: “Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır”.
Xalq-ordu birliyinin “dəmir yumruğ”unun düşmənin başında şimşək kimi çaxıb onu darmadağın etməsi ilə qazandığımız qələbədən sonra dövlətimizin qarşısında dayanan əsas vəzifələrdən biri də illərdir, düşmən tapdağında xarabaya çevrilən yurd-yuvamızın bərpa edilməsi oldu. El-obamızın hər qarışını gülüstana çevirib yenidən öz sakinlərinə qucaq açması həm hər birimizi sevindirdi, həm də dövlətimizin gücünün yenidən nümayişi oldu. Artıq beş ildir ki, davam edən quruculuq işlərini, öz yurduna qayıdan insanlar üçün yaradılan şəraiti bütün Azərbaycan xalqı görür və öz dövləti ilə qürur duyur. Biz hər kəsə sübut edirik ki, torpaqlarımızı işğaldan azad etdiyimiz kimi onu qurub yenidən gülüstana çevirməyi də bacarırıq.
Tarix bir çox xalqlar arasında müharibələrə şahid olub. Ölkələrin döyüşlərdən sonra hələ uzun müddət problemlər yaşadığı tarixdən bir çoxumuza məlumdur. Tarixi faktlar sübut edir ki, SSRİ kimi nəhəng bir dövlət İkinci Dünya müharibəsindən sonrakı çətinliklərin öhdəsindən qısa zamanda gələ bilməyib. 44 günlük Vətən müharibəsində tarix yazan Azərbaycan dövləti sonrakı dövrdə də bu sahədə dünyaya nümunə göstərdi. Ordumuzun şanlı qələbəsinin davamı olaraq Qarabağ hərb meydanından quruculuq meydanına döndü. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycanın müharibədən sonra cəmi bir il ərzində misilsiz bərpa-quruculuq işlərinə başlaması dünyanı heyrətə gətirdi. Bu işləri dövlətimiz heç kimdən kömək istəmədən, kimsədən yardım almadan həyata keçirir. Həm də çox qısa bir müddət ərzində. Bu real bir faktdır ki, müharibədən yeni çıxmış bir dövlətin ayağa qalxmağı zaman tələb edir. Amma buna baxmayaraq, beş illik qısa zaman kəsiyində azərbaycanlılar sübut etdi ki, bir ölkənin Vətənini ürəkdən sevən lideri və ona dayaq olan xalqı varsa, o hər sahədə qalibdir. Bəli, biz bunu hər sahədə sübut etdik, Böyük Qayıdışa da nail olduq. Altı ildir ki, hər gün yurduna qayıdan Ağdam, Xocalı, Zəngilan, Şuşa sakinlərinin sevincinə şərik olur, ölkə başçısının işğaldan azad edilən ərazilərə etdiyi səfərləri qürurla izləyirik. Onun bölgəyə etdiyi hər səfər yeni təməlqoyma və açılış mərasimləri ilə yadda qalır.
Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldirik
Dövlət başçısının Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində dediyi kimi: “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır”.
Ölkə başçısı işğaldan azad edilən ərazilərdə olarkən hər zaman diqqətə çatdırır ki, biz Qarabağı cənnətə çevirəcəyik. Baxmayaraq ki, düşmən buraları xarabaya çevirib. Son beş ildə Qarabağda böyükhəcmli infrastruktur layihələri həyata keçirilir. Yollar, hava limanları, məktəblər, elektrik stansiyaları, xəstəxanalar, yaşayış binaları, mədəniyyət və təhsil obyektləri, turizm məkanları tikilir, saymaqla bitməyən işlər görülür. Bərpa olunan məscidlərdən azan səsi yüksəlir. Öz çıxışlarında bütün bunların sadalamaqla bitməyəcəyini deyən dövlət başçısı bildirdi ki, Qarabağın dirçəldilməsi ən mühüm vəzifələrdən biridir ki, bu sahədə mühüm işlər görülür.
Azərbaycanın xarabaya çevrilmiş onlarla kəndi və şəhəri belə qısa bir müddət ərzində dirçəltməsi dünya tarixində, bəlkə də, görülməmiş bir memarlıq hadisəsi idi. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün də təsdiqidir. Nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması həm torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümü, həm də dövlət-xalq birliyinin ən gözəl nümunəsidir. Onu da qeyd etmək yerinə düşər ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Belə ki, ilk qələbə müjdəmiz olan Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri “Zəfər yolu”nun təməlinin qoyulması ilə yadda qaldı. Bu gün o yollar bizim üçün uzaq olan yerləri yaxın edib. Yollar bizi evimizə, doğma Şuşamıza, Laçınımıza aparır.
Tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisi
Bəşər sivilizasiyasının ilk yaşayış məskənlərindən olan Qarabağ ərazisində, demək olar ki, bütün dövrlərə aid abidələr mövcuddur. Qarabağda Azıx, Tağlar mağaraları, Xocalı kurqanları, Babadərviş, Qaraköpəktəpə yaşayış yerləri və sair abidələr Azərbaycan arxeoloqları tərəfindən tədqiq edilmişdir. Azad olunan ərazilərimizdə 706-sı dövlət qeydiyyatında olmaqla, 2600-dən çox tarix-mədəniyyət abidəsi var. Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng monastırları, Qutlu Musa türbəsi, Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix-mədəniyyət abidələridir. Onlardan bəziləri artıq bərpa edilib. Bununla yanaşı, Üzərliktəpədə də arxeoloji işlər həyata keçirilir. Həmçinin Üzeyir bəy Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi, Aşağı və Yuxarı Gövhər ağa, Saatlı, Ağdam Cümə məscidləri öz doğmalarını gözəl siması ilə qarşılayır.
“Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”, – deyən xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə bu abidələrin mühafizə, bərpa, konservasiya, tədqiqat və təbliğat işlərinin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur. Ulu Öndərin adını daşıyan fondun işğaldan azad olunan ərazilərdəki fəaliyyəti nəticəsində işğal dövründə dağıdılmış tarixi abidələrimizin milli kimliyi özünə qaytarılır. Vaxtilə düşmən vandallığı ilə xarabaya dönən məscidlərimizdən yüksələn azan səsi düşmənin qulağını kar edir. Yenidən həyata dönən Qarabağda ucalan tarixi abidələr isə bu yerlərin əbədi sahibi olduğumuzu bir daha sübut edir.
Bütün bunları cəmi beş il ərzində bacarmışıq
İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir. 2025-ci ildə 69,2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bütün bunlar quruculuq işlərinin daha da sürətlənməsinə şərait yaratmaqla yanaşı, əkin sahələrinin də əhatə dairəsini genişləndirir. Tikinti-quruculuq işlərinə rəqəmlərin gözü ilə baxanda nə qədər böyük işlər gördüyümüzə şahid oluruq. Belə ki 5 il ərzində çəkilən tunellərin uzunluğu 70 kilometrdir. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib.
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı açılışlar və təməlqoyma mərasimləri, insanların öz doğma yurduna qayıdışı işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. İlk köç qədim Zəngilanın Ağalı kəndindən başlayanda vaxtilə torpağımızı əsarətdə saxlayan düşmənin ağlına gəlməzdi ki, onların xarabaya çevirdiyi, viran qoyduğu yerlərdə ağıllı kəndlər qurulacaq. İllərlə zirvəsində özlərinə çaqqal yuvası qurub yaşadıqları Murovun buz kəsmiş aşırımları zəhmətkeş azərbaycanlıların nəfəsinin hənirtisi ilə əriyəcək. Başı göylərə ucalan dağların bağrı açılaraq salınan dərin tunellər bizi torpağımıza daha da yaxınlaşdıracaq. Biz bunu bacardıq. Artıq 85 mindən çox insan öz isti ocağında çırağını yandırır, yaşayır, çalışır, təhsil alır. Onlarla kənd, qəsəbə və şəhərdə yaşayan keçmiş məcburi köçkünlər üçün bu gün ən gözəl şərait yaradılıb. İnsanların məşğulluğunun təmin edilməsi üçün sənaye zonaları salınıb. İllər sonra öz doğma evinə qayıdan hər kəs Müzəffər Sərkərdəsinə və məğrur oğullarına minnətdarlıq hissi ilə ömür sürür.
Bu gün Şuşada Aşağı və Yuxarı Gövhər ağa, Saatlı məscidlərindən ucalan azan səsini, Xocalının qarlı küçələrində qartopu oynayan uşaqların gülüşünü, Zəngilandan ucalan toy sədasını eşidən, Laçında ayaq tutub yeriyən körpənin addımlarını görən hər bir azərbaycanlı bütöv Azərbaycanı və Vətən üçün can verən oğulları ilə qürur duyur.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər