NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

...

Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Sahibə Qafarova Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərdiyini, siyasi sahə ilə yanaşı, digər sahələrdə də uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib. O, bu gün ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğulayıb.

Söhbət zamanı Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin əhəmiyyəti qeyd olunaraq, iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın münasibətlərimizin yüksək səviyyəsinin daha bir göstəricisi olduğu vurğulanıb. Prezident İlham Əliyevin sözügedən dövlət səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Leji ilə görüşündə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığı qeyd olunub.

Görüşdə parlamentlərimiz arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi diqqətə çatdırılaraq, parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Birgə Bəyanatda parlamentlər arasında əməkdaşlığa dair məsələlərin əks olunduğu ifadə edilib.

Nəşr edilib : 15.05.2025 17:54