Azərbaycan Baş nazirinin müavini Samir Şərifov Sur...
16:32 04.05.2025
0
0
0
NAXÇIVAN :
04 May 2025, Bazar
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ordubad Rayon Mədəniyyət Sarayında Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev: Çar” bədii filminin təqdimat mərasimi keçirilib.
Azərbaycanın layiqli övladı, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş “Tağıyev” bədii filminin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir. Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.
Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyində, 2024-cü ildə təqdim olunub. Filmin ilk hissəsi ilin əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq 70 mindən çox tamaşaçı kütləsi toplaya bilib. Eyni zamanda bədii filmin ilk hissəsi dünyaca məşhur "Dehancer Colourist Awards 2024" festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasının qalibi olub.
Təqdimatı keçirilən "Tağıyev: Çar" filmin ikinci hissəsidir. Filmdə XIX əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələr işıqlandırılır.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun da iştirak etdiyi tədbirdə çıxış edən filmin prodüseri, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev filmin təqdimatına göstərilən dəstəyə görə təşəkkür edib, bundan ilhamlanaraq növbəti filmlərlə yenidən Naxçıvanda izləyicilərlə görüşə gələcəklərini qeyd edib.
Filmin rejissoru Zaur Qasımlı çıxış edərək filmin ərsəyə gəlməyində əməyi olan hər kəsə, o cümlədən sponsorlara təşəkkürünü bildirib.
Qeyd edək ki, “Tağıyev” silsilə filmi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi, “Neqsol” Holding, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Digər xəbərlər