NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Tikinti sahəsində qanunverici tələblərə əməl olunması və qanunsuz tikintilərin qarşısının alınması

...

Müasir dövrdə tikinti sahəsi ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmaqla yanaşı, ciddi hüquqi tənzimləmə tələb edən fəaliyyət sahəsidir. Şəhər və yaşayış məntəqələrinin planlı şəkildə inkişafı, insanların təhlükəsiz və rahat mühitdə yaşaması birbaşa olaraq tikinti prosesinin qanunvericiliyə uyğun aparılmasından asılıdır. Bu baxımdan, tikinti sahəsində müəyyən edilmiş normativ tələblərə riayət olunması yalnız hüquqi öhdəlik deyil, həm də ictimai məsuliyyət məsələsidir.

Son illər ölkəmizin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da tikinti və abadlıq işləri geniş vüsət almış, şəhər və digər yaşayış məntəqələrinin siması əhəmiyyətli dərəcədə dəyişmişdir. Müasir yaşayış komplekslərinin, sosial obyektlərin və infrastruktur layihələrinin həyata keçirilməsi regionun davamlı inkişafına xidmət etməklə yanaşı, şəhərsalma sahəsində normativ yanaşmanın əhəmiyyətini daha da artırmışdır. Bu inkişaf fonunda tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması xüsusi aktuallıq kəsb edir.

Ölkəmizdə tikinti fəaliyyəti “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi” ilə tənzimlənir. Həmin məcəlləyə əsasən tikinti işlərinə başlamazdan əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, onun təyinatı tikinti məqsədlərinə uyğun olmalı və müvafiq icra hakimiyyəti orqanından icazə alınmalı, tikinti yalnız təsdiq edilmiş layihə sənədləri əsasında həyata keçirilməlidir. Bu tələblərin pozulması aparılan tikinti işinin qanunsuz (özbaşına tikili) hesab olunmasına səbəb olur.

Qanunvericiliyə görə fərdi yaşayış evlərinin tikintisi zamanı da müəyyən edilmiş qaydalara ciddi əməl olunmalıdır. Bu qaydalar tikilinin yerləşdirilməsi, ölçüləri, mərtəbəliliyi, həmçinin qonşu torpaq sahələri ilə münasibətləri əhatə edir. Xüsusilə tikililər arasında normativ ara məsafələrinin qorunması mühüm əhəmiyyət kəsb edir. Bu məsələ “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” ilə tənzimlənir və həmin normalar yaşayış mühitində təhlükəsizliyin, sanitariya şəraitinin və qonşuluq hüquqlarının təmin olunmasına xidmət edir.

Ara məsafələrinin gözlənilməməsi praktikada ən çox rast gəlinən pozuntulardan biridir. Bir çox hallarda vətəndaşlar tikintini torpaq sahəsindən maksimum istifadə prinsipi ilə həyata keçirərək qonşu sahələrlə tələb olunan məsafəni saxlamırlar. Bu isə qonşu obyektlərdə gün işığının azalmasına, havalandırmanın zəifləməsinə, məişət şəraitinin pisləşməsinə və mübahisələrin yaranmasına səbəb olur. Bu cür mübahisələr isə çox vaxt məhkəmə müstəvisinə çıxarılır və nəticədə, tikilinin qismən və ya tam sökülməsi ilə bağlı qərarlar qəbul oluna bilər.

Tikinti sahəsində qanunvericiliyin tələblərinin pozulması yalnız qonşuluq münasibətlərinə təsir etmir, eyni zamanda vətəndaşın öz hüquqlarını da risk altına qoyur. Qanunsuz tikililər, adətən, dövlət qeydiyyatına alınmır, bu isə həmin əmlak üzərində mülkiyyət hüququnun tam reallaşdırılmasına mane olur. Belə hallarda tikilinin satılması, bağışlanması və ya ipoteka predmeti kimi istifadə edilməsi çətinləşir. Bundan əlavə, kommunal xidmətlərə qoşulma zamanı da ciddi problemlər yaranır.

Qanunvericilik tikinti sahəsində dövlət nəzarətinin həyata keçirilməsini də nəzərdə tutur. Müvafiq orqanlar tərəfindən aparılan yoxlamalar zamanı qanunsuz tikinti faktları aşkar edildikdə tikinti işlərinin dayandırılması, inzibati məsuliyyət tədbirlərinin tətbiqi və bəzi hallarda tikilinin sökülməsi barədə qərarların qəbul edilməsi mümkündür. Bu tədbirlər şəhərsalma intizamının qorunması və qanunvericiliyin icrasının təmin olunması məqsədi daşıyır.

Mütəxəssislər qeyd edirlər ki, bu kimi halların qarşısının alınmasının ən effektiv yolu vətəndaşların, cəmiyyətimizin hüquqi maarifləndirilməsidir. Tikintiyə başlamazdan əvvəl müvafiq qurumlara müraciət etmək, layihə sənədlərini peşəkar mütəxəssislərə hazırlatmaq və normativ tələblərlə tanış olmaq gələcəkdə yarana biləcək problemlərin qarşısını əhəmiyyətli dərəcədə alır. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər.Unutmaq olmaz ki, qanunlara uyğun tikinti aparmaq yalnız hüquqi tələb deyil, həm də təhlükəsiz və keyfiyyətli yaşayış mühitinin təminatıdır.

Nəticə etibarilə, tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunması həm fərdi, həm də ictimai maraqların qorunmasına xidmət edir. Qanunsuz tikililərin qarşısının alınması yalnız dövlət nəzarəti ilə deyil, eyni zamanda vətəndaşların məsuliyyətli yanaşması ilə mümkündür. Hər bir vətəndaş tikinti prosesinə başlamazdan əvvəl qanuni tələbləri nəzərə almalı, şəhərsalma normalarına riayət etməli və bu sahədə formalaşmış qaydalara hörmətlə yanaşmalıdır. Yalnız bu halda sağlam, təhlükəsiz və planlı şəhər mühitinin formalaşdırılması mümkün olacaqdır.

Həsən BABAYEV 

 Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin

Məhkəmə Ekspertiza Mərkəzinin Mühəndis-texniki ekspertiza bölməsinin

       rəisi, kiçik ədliyyə müşaviri

Nəşr edilib : 14.05.2026 15:35