HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə se...
10:33 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
İndi ilin elə vədəsidir ki, kənd adamının gününün çoxu əkin-bacada keçir. Qədim Naxçıvanın ən böyük əkinçilik rayonu olan Şərurda hansı əkin sahəsinə üz tutsaq, orada zəhmətkeş kənd adamlarını, torpağa bağlı insanları görürük. Ömrünü təsadüfi qazanclara deyil, həqiqi zəhmətə bağlayan zəhmət adamlarını. Bu rayonda torpağın dilini bilən zəhmətkeş insanlar çoxdur. Onlardan biri də Şərur rayon Düdəngə kənd sakini Mübariz Şirəliyevdir.
O, torpağa bağlılığı, zəhmətə sevgini ata-babalarından öyrənib. Torpağı əkib-becərməyi özünün alın yazısı bilib və bununla qürur duyub. Yaşa dolduqca, torpağın sonsuz səxavətinin şahidi olduqca ona daha çox bağlanıb. O, torpağı əkib-becərdikcə torpaq da onun başını uca edib. Ötən il zəhmətkeş əkinçinin zəhməti hədər getməyib, 150 tondan artıq taxılı olub. Cari ildə Zeyvə və Düdəngə kəndlərində 23 hektar taxıl əkini aparıb. Taxıl sahəsində bütün aqrotexniki işlər həyata keçirilib.
Deyir ki, torpaq suya susadığı kimi insanoğlunun zəhmətinə, alın tərinə də möhtacdır. Hər zaman ondan qulluq tələb edir, onu zəhmətə səsləyir. Dünyada halallıq axtaran əliqabarlı insanlar torpağın bu harayına həmişə hay verib, ona üz tutublar. Zəhmət adamı deyir ki, əkinçilik də digər işlər kimi təcrübə tələb edir. İşlədikcə, torpağın dilini öyrəndikcə daha çox məhsul götürürsən. Kənd təsərrüfatı bitkiləri vaxtında suvarılmadıqda, hətta vaxtından əvvəl və ya normadan artıq suvarıldıqda belə məhsuldarlığa təsir göstərir. O da çalışdığı illər ərzində topladığı təcrübəyə əsaslanaraq torpağı aqrotexniki qaydalara uyğun olaraq əkib-becərməyə çalışır. Belə olduqda torpaq daha çox məhsul verir. Taxılçılıqda yüksək məhsuldarlığa nail olmağın müxtəlif şərtləri vardır. Bunlardan biri də növbəli əkin sisteminə əməl etməkdir. Belə halda taxıl sahəsində alaq otları olmur və yaxud çox az olur. Alaq otlarının olmamağı taxılın yaxşı inkişafına və bol məhsul götürüləcəyinə zəmin yaradır. Onu da qeyd edim ki, ehtiyac olduqda alaq otlarına qarşı kimyəvi mübarizə üsulundan da istifadə edirik. Yüksək məhsuldarlığın əsas şərtlərindən biri də torpağa vaxtında gübrələrin verilməsidir. Bu da, təbii ki, yüksək məhsuldarlığa təminat verir.
Zəhmətkeş müsahibim onu da qeyd edir ki, bu il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. 24 fevral 2026-cı ildə bu tədbirlərin davamı olaraq Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncam “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə imzalanıb. 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusu qazılıb əhalinin istifadəsinə veriləcək. Bu sərəncamlar qədim diyarda dayanıqlı su mənbələrindən istifadənin genişləndirilməsi və mövcud resurslardan daha səmərəli yararlanmaq, su təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Tanrının heç nəyi əsirgəmədiyi bu diyarda zəhmətkeş insanların torpağa qarışan alın təri ilə torpağa atılan hər toxum cücərib böyük qollu-budaqlı ağaca dönür. Bu yerin sakinləri onlara lütf olunan hər nemətin qədrini bilir, bunu özünə borc hesab edir.
Bu gün zəhmətkeş kənd adamı dövlətimizin qayğısı ilə əhatə olunub. Bütün bunlardan səmərəli istifadə edən zəhmətkeş insanlar kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməklə yanaşı, öz məşğulluğunu təmin edir, həm də bol məhsul istehsal etməklə ixrac imkanlarını artırır.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər