NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Yeni eranın təhlükəsizlik addımı

...

Dünya dəyişir, biz isə bu dəyişikliyin mərkəzində hər gün bir az daha sürətlə qaçırıq. Artıq həyətlərdə top dalınca qaçan uşaq səslərini planşetlərin, smartfonların ekranından gələn süni melodiyalar əvəz edir. Bir vaxtlar nağıl kitablarının vərəqlərindəki sehrli dünyalara səyahət edən uşaqlar, indi sosial şəbəkələrin sonsuz və çox vaxt nəzarətsiz axınında özlərinə yer axtarırlar. Lakin bu rəqəmsal okean həm imkanlarla dolu bir xəzinə, həm də fırtınalı və təhlükəli bir dərinlikdir.
Azərbaycan Respublikası Prezidentinin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” 27 fevral 2026-cı il tarixli Sərəncamı məhz bu dərinlikdə boğulmamaq, uşaqlarımızın təmiz dünyasını rəqəmsal mühitin zərərli toz-torpağından qorumaq üçün atılmış tarixi addımlarından biridir. Ölkəmizdə rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin gündəlik həyatda əhəmiyyətli yer tutmasına səbəb olsa da, uşaqların bu aləmə çox erkən yaşda daxil olması yeni təhlükəsizlik çağırışlarını da bərabərində gətirir. Bu, hüquqi tənzimləmə ilə yanaşı, həm də gələcəyin mənəvi və psixoloji təməllərini qorumaq üçün qurulan bir sipərdir.
Tez-tez şahid oluruq ki, uşaqlar sosial şəbəkələrə daxil olarkən hələ həyatın acı-şirinini ayırd edə bilməyəcək yaşda olurlar. Beynəlxalq təşkilatların və elmi-tədqiqat qurumlarının araşdırmaları da göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunması, onların psixoloji rifahı və sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə mexanizmlərinin tətbiqi qaçılmazdır. Sərəncama əsasən artıq sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı konkret hüquqi aktlar hazırlanacaq. Bu da o deməkdir ki, hər qapı hər kəsə, xüsusən də azyaşlılara nəzarətsiz şəkildə açılmayacaq.
Bu böyük işin təməli həm də məktəblərdən keçir. Belə ki, təhsil müəssisələrində mobil və elektron cihazların istifadəsinə dair yeni qaydalar müəyyən ediləcək, tədris proqramlarına isə rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzuları daxil ediləcəkdir. Biz uşaqlara təkcə oxumağı yox, bu nəhəng virtual dünyada özlərini müdafiə etməyi də öyrətməliyik. Eyni zamanda valideynlər, müəllimlər və uşaqlar üçün geniş maarifləndirmə proqramları həyata keçiriləcək, uşaqların rəqəmsal rifahı ilə bağlı elmi tədqiqatlar təşviq olunacaqdır.
İndi bizim borcumuz uşaqların o səssiz səsini eşitmək, onların şəxsi həyatını və ləyaqətini dövlət səviyyəsində qorumaqdır. Bu Sərəncam rəqəmsal dünyanın “vəhşi” qaydalarına qarşı bir mədəniyyət və təhlükəsizlik manifestidir. Çünki bu gün texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib, amma onun yaratdığı imkanlarla yanaşı, təhlükələri də artır. Uşaqlar isə bu dünyanın ən həssas və müdafiəyə ehtiyacı olan iştirakçılarıdır. Onlar bəzən paylaşdıqları bir şəkilin, yazdıqları bir şərhin gələcəkdə necə nəticələr doğura biləcəyini dərk etmirlər. Məhz buna görə də onların əvəzinə düşünmək, onları qorumaq və maarifləndirmək həm valideynlərin, həm təhsil müəssisələrinin, həm də dövlət qurumlarının üzərinə düşən mühüm məsuliyyətdir.
Rəqəmsal mühitdə hər bir məlumat sürətlə yayılır, silinməsi isə, demək olar ki, mümkünsüz olur. Bir anlıq diqqətsizlik illərlə davam edən psixoloji təzyiqə, kiberzorakılığa və sosial təcridə səbəb ola bilər. Bu baxımdan, qəbul olunan qərarlar həm də cəmiyyətin gələcəyinə yönəlmiş strateji addımdır. Çünki sağlam, güvənli və ləyaqətli mühitdə böyüyən uşaqlar sabahın məsuliyyətli vətəndaşları olacaq.
Unutmayaq ki, bu gün uşaqların rəqəmsal dünyada qoyduğu izlər, sabah onların həyat yoluna çevriləcək. O izlər ali təhsil seçimində, karyera quruculuğunda qarşılarına çıxa bilər. Ona görə də biz onların gələcəyini də düşünməliyik. 

 Elnurə CƏFƏROVA
 

Nəşr edilib : 23.05.2026 19:30