NAXÇIVAN :

14 Fevral 2026, Şənbə

Naxçıvanda ət təminatı ilə bağlı ciddi risklər müşahidə olunmur

img

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb ki, mövsümi amillərdən asılı olaraq xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradıb. Xüsusilə heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir məkanda toplanması, satış və daşınma prosesləri zamanı infeksiya törədicilərinin yayılması riski daha yüksəkdir. Bu səbəbdən epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında heyvan bazarlarının fəaliyyəti 2025-ci il 25 oktyabr tarixdən etibarən müvəqqəti olaraq dayandırılıb.

Bəs Naxçıvanda heyvan bazarlarının bağlanması təsərrüfat sahiblərinə, həmçinin ət bazarlarında qiymətə necə təsir göstərib? Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən “Şərq qapısı”nın sorğusuna cavab olaraq bildirilib ki, bazarların fəaliyyətinin dayandırılmasının əsas məqsədi heyvanlar arasında birbaşa təmasın qarşısını almaq və yoluxucu xəstəliklərin yayılma riskini minimuma endirməkdir. Vurğulanıb ki, təsərrüfat sahiblərinin heyvan satışını birbaşa öz təsərrüfatlarında həyata keçirmələrinə hər hansı problem və ya məhdudiyyət qoyulmayıb, diri heyvan bazarlarına tətbiq olunan müvəqqəti məhdudiyyətlər kəsim prosesinin davamlılığına və təminatına mənfi təsir göstərməyib. Eyni zamanda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 50 nömrəli Qərarı ilə “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilib. Göstərilən tələblərə uyğun olaraq bazarlarda yenidənqurma işləri aparıldıqdan və zəruri infrastruktur təmin edildikdən sonra onların fəaliyyəti bərpa olunacaq.

Ümumiyyətlə, heyvan bazarlarının fəaliyyəti hansı tarixdən bərpa olunacaq və bunun üçün hansı qaydalara riayət olunmalıdır? Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi İlahə Ağayeva bildirib ki, bu qaydalara əsasən heyvanlar nəzarətsiz hərəkətin qarşısını alan materiallarla əhatə olunmalıdır: “Bazar daxilində heyvanların nəqliyyat vasitələrindən təhlükəsiz şəkildə boşaldılması və yüklənməsi üçün xüsusi bölmələr yaradılmalı, satılan heyvanların növünə və fizioloji vəziyyətinə – yəni boğaz, balalı və digər heyvanlara uyğun müvəqqəti yerləşdirmə sahələri təmin olunmalıdır bölmələrin döşəmələri möhkəm, su keçirməyən, asan təmizlənən, yuyulan və dezinfeksiya edilə bilən olmalıdır. Bundan əlavə, bazarda olan bütün heyvanlar baytarlıq mütəxəssisləri tərəfindən ümumi klinik baxışdan keçirilməlidir. Xəstəliyə şübhəli olan heyvanlar dərhal digər heyvanlardan ayrılmalı, onların satışı qadağan edilməli və xüsusi izolyatorlarda saxlanılmalıdır. Belə hallarda baytarlıq qanunvericiliyinə uyğun olaraq zəruri tədbirlər görülür ki, bu da yoluxucu xəstəliklərin yayılmasının qarşısını almağa xidmət edir”.

Qeyd edilib ki, heyvan bazarlarında baytar həkimlərinin fəaliyyəti üçün ayrıca otaq ayrılmalı, həmin otaq baxışların aparılması, sənədləşmə və nəzarət tədbirlərinin həyata keçirilməsi üçün zəruri şəraitlə təmin olunmalıdır. Bu qaydalara uyğun olaraq yalnız baytarlıq-sanitariya tələblərinə tam cavab verən heyvan bazarlarının fəaliyyətinə icazə veriləcək. Məhz bu və digər tələblərə əməl edən heyvan bazarlarının fəaliyyəti  bərpa olunacaq”.

İctimaiyyəti maraqlandıran əsas məsələlərdən biri isə bu qərarın ət bazarlarında qiymətlərə və təminata təsiri ilə bağlıdır. Müsahibimiz qeyd edib ki,  Naxçıvan Muxtar Respublikasında hazırda stasionar kəsim məntəqəsi mövcud deyil. Bu səbəbdən kəsim prosesinə nəzarət alternativ mexanizm əsasında təşkil olunur. Belə ki, Naxçıvan şəhəri və onun 7 rayonu üzrə baytar mütəxəssisləri ərazilər üzrə təhkim olunub və heyvanların kəsimi birbaşa həmin əməkdaşların nəzarəti altında həyata keçirilir. Kəsimdən əvvəl heyvanların kliniki baxışı aparılır, sağlamlıq vəziyyəti qiymətləndirilir, kəsimdən sonra isə ət və ət məhsulları baytarlıq-sanitariya ekspertizasından keçirilir. Satış üçün yararlı hesab edilən ət və ət məhsulları müvafiq baytarlıq sənədləri ilə – ekspertiza aktı və baytarlıq şəhadətnaməsi ilə təmin olunur. Bu sənədlər olmadan ət məhsullarının satışına icazə verilmir. Beləliklə, kəsim prosesi nəzarətsiz şəkildə deyil, tam şəkildə dövlət baytarlıq nəzarəti altında həyata keçirilir.

Sonda ət satışı fəaliyyəti ilə məşğul olan sahibkarların diqqətinə bir daha çatdırılıb ki, diri heyvanların bir inzibati ərazidən digərinə daşınması yalnız yerli baytar mütəxəssislərinin iştirakı ilə həyata keçirilməlidir. Bu zaman heyvanlara kliniki baxış keçirilməli, onların daşınmasına dair müvafiq sənədlər  verilməli və daşınma zamanı sanitar-gigiyenik normalara ciddi əməl olunmalıdır.

Ceyhun MƏMMƏDOV

DAHA ƏTRAFLI