NAXÇIVAN :

08 Mart 2026, Bazar

Burada yad adam yoxdu

...

...Sanki bütün təbiət nəfəsini içinə çəkib qışa hazırlaşır Payızda. Fəslin son günlərində kəndin girişində insanı qarşılayan tək şey isə səssizlikdir. Hava bir az soyuqdur, sərtliyi hiss olunur, torpaqdan qalxan payız qoxusu isə insanı valeh edir. Kədərli əsən payız küləyi bu qoxunu sakitcə və qəribə bir tərzdə insanın bədənində dolaşdırır. Burada təbiətlə bərabər nəfəs aldıqda torpağın uzun bir yuxuya getməyə hazırlaşdığını hiss etmək mümkündür. 
Şəhərin səs-küyündən uzaqda, bir-birinə boylanan dağların əhatəsində yerləşən bu kənddə payız danışmır, sadəcə, var olduğunu hiss etdirir: duman, sükut, torpaq qoxusu. Və kəndin girişindən başlayan yolu ağaclar sanki rəng mərasiminə “çevirib”: sarıdan narıncıya, qırmızıdan qəhvəyiyə... Ləngərli rəqslərini isə külək əsdikcə bu yarpaqların “simasında” hər addımda görmək mümkündür. Payız burada təkcə bir fəsil deyil, həm də bir xatirə, sakitlik, ən əsası isə bir dövrdür. Payızda kənd adı kimi daha dərin, daha həssas görsənir. 
Payızda bir şeyi hiss edirsən: həyətlərdə səliqə ilə düzülmüş odun yığınları, çardaq altına yığılmış ot tayaları, evlərin zirzəmisinə düzülmüş meyvələr sanki qışa göndərilən səssiz “məktublar”dır. Payız bu kənd üçün daha böyük önəm kəsb edir. Bəlkə, adına görə?! Əli Babayev deyir ki, payız fəslinin son günləri kəndə başqa cür toxunur: “Payızda torpaq tamam başqa qoxur, elə bil, illərin yığılan xatirəsini yenidən açır. Payızın bu kənd üçün önəmli olmasının səbəbi isə kəndin adı ilə bağlıdır. Payızlıq sahədə yerləşdiyinə görə kənd belə adlandırılıb, həmçinin bura köçlərin əksəriyyəti elə payız fəslində reallaşıb. Kəndin adı isə “payız” sözündən olub “uc, son nöqtə, ətək, dib” deməkdir”. Bu sözləri eşidəndə kəndin niyə belə hisslə dolu olduğunu daha yaxşı anlayır insan. Payız burada, sadəcə, fəsil deyil, sanki kəndin ürəyindən çıxan bir nəfəsdir. 
Kəndin yolları payızda həmişəkindən daha romantik, daha cəlbedici görünür. Dar, bəzən də səliqəsiz küçələri gəzdikcə torpaq bir az yaş, hava bir az ətirli, ürək isə qəribə bir yumşaqlıq içində olur. Bu yollardan keçən hər kəs sanki haradasa içində gizli bir xatirəni oyadır. Kənd sakinləri üçünsə bu yollardakı günlər həm yorğunluğun son anları, həm də rahatlığın başlanğıcıdır. Həyətdən-həyətə uzanan tüstü telləri kənd insanının isti nəfəsini xatırladır. Bu tellər onların həm bir-birinə bağlılığının, həm də qohumluğun göstəricisidir. Kənd sanki böyük bir ailənin evi kimidir: evdən evə gedən yolun uzunluğu azdır, amma insanların bir-biri ilə nə qədər yaxın olduğunu anlamaq üçün çox da uzağa getmək lazım deyil. “Burada yad adam yoxdur”, – gülümsəyərək deyir kənd sakini İbrahim Orucov. Sözünə zarafatla davam edərək “Burada yad adam görsən, deməli, ya qonaqdır, ya da kiminsə kürəkəni (gülür)”. Hamımız elə bir-birimizə qohumuq, kəndin ağacı da, daşı da qohumdur”, – deyə davam edir sözlərinə. Onun dediyinə görə bir vaxtlar kiçik məkan olan Payıza Qərbi Azərbaycanın müxtəlif kəndlərindən köç edilib, zaman keçdikcə    ailələr böyüyüb, genişlənib və bütöv kənd bir-birinə qohum zəncirinə çevrilib. Burada həyat yavaşdır, sakitdir, amma bir o qədər də şəndir. İnsanlar qohumluğun verdiyi güvənlə yaşayır, hər ev digərinin yükünə çiyin verir.
Kənd məktəbinə doğru enərkən uzaqdan uşaq səsləri gəlir. Saralmış, nəmli otlar üzərində qızılı yarpaqları toplayan uşaqlar sanki payızla yarışır – kimin yığdığı yarpağın rəngi daha gözəldir? Kimin tapdığı yarpaq daha bütövdür?.. Bu fəsildə uşaqlar da dəyişir, payız onları ilhamla doyurur. Sanki hər   uşağın içində gizli bir duyğu oyanır. 
Yorğun, amma xoşbəxt, soyuq, amma canlı, səssiz, amma öz içində yüz hekayə ilə dolu olan bu kənddə payızın bu günlərində evlərin üzərində gümüşü duman asılır, hər addımda torpağın nəfəsi duyulur. İndi torpağı xalça kimi bəzəyən yarpaqlar artıq ağacın dili deyil, küləyin ürəyidir: nə qədər əsirsə, bir o qədər pıçıldayırlar. Həyətlərdə yandırılan xəzəlin tüstüsü qalxır. O tüstünün qoxusu insanı illərin o tayına aparır. Bəzən tüstü içərisindən görünən közün işığı kəndin içindəki həyatın, istiliyin, kiminsə dəmlədiyi çayın, kiminsə yandırdığı sobanın, kiminsə pəncərə önündə qurduğu xəyalların işığıdır. Hər evin həyətindən yayılan işıq bu dumanın içində kiçik bir ümid nöqtəsi kimi görünür.
Payızda payızın sonu, əslində, kəndin nəfəs aldığı vaxtdır. Bu günlərdə kənd həm bitən mövsümün hüznünü, həm də gələn qışın dincliyini bir yerdə daşıyır. Burada hər şey qapanır, amma heç nə sıradan çıxmır, kənddə hər şey daha incə, daha yumşaq, daha ürəkdən olur. Sanki təbiətin özü də sevir bu anı: ağaclar sevgiyə bürünür, külək qucaqlayır, torpaq səni yormur...
Şəhərdən bir qədər aralıda yerləşən bu kənd, insanın unudulmuş hisslərini oyadan, tələskən dünyadan onu qoparıb aparan və qoynunda saxlayan bir məkan kimidir. Bu kənddə payız hər şeyə səssizcə toxunur: ağaca, torpağa, insana, xatirəyə… Burada həyat nə çox, nə də ki azdır, sadəcə, yetərincədir. Bəlkə də, elə buna görədir ki, insanlar bu kənddən ayrılmaq istəmir, çünki öz dilləri ilə pıçıldadığı bir həqiqət tapırlar: bəzən ən dərin səslər ən uzaq yerlərin sakitliyində eşidilir. Elə Payızın adı kimi...    

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 21.12.2025 10:40