NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Haqlı və güclü Azərbaycanı yaradan, yaxud Cənubi Qafqaz regionuna sülh gətirən Lider

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi irsini davam etdirərək və Ulu Öndərin səyləri nəticəsində yaradılmış möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə çevrilirlər. Bu mənada, Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantıdır. O, ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradıb, güclü və müstəqil Azərbaycan naminə çalışıb. Bununla da xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanaraq liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer edib. 

Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. O, müasir, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqeləri olan ölkənin rəhbəridir. Təkcə ötən ilə nəzər salsaq, görərik ki, yanvar-noyabr aylarının yekunları Prezident İlham Əliyevin formalaşdırdığı uzunmüddətli, inklüziv və nəticəyönümlü inkişaf modelinin real təsirlərini aydın şəkildə üzə çıxarır. Xüsusilə də nəqliyyat və logistika sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın regi-onal və qlobal əhəmiyyətini daha da artırmışdır. Ölkənin aparıcı nəqliyyat-logistika mərkəzinə çevrilməsi Prezident İlham  Əliyevin irəli sürdüyü geoiqtisadi baxışın məntiqi nəticəsidir. Zəngəzur dəhlizinin açılmasına dair əldə olunan tarixi razılaşma isə Azərbaycanın regional inte-qrasiya və sülh gündəliyində aparıcı rolunu strateji səviyyədə möhkəmləndirmişdir.
Bütün bu nəticələr bir daha sübut edir ki, Prezident İlham  Əliyevin qurduğu iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun gücləndirilməsinə, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına xidmət edir. Bu modelin mahiyyəti Prezidentin öz ifadəsi ilə desək, “Daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaratmaq, Azərbaycan xalqının rifah, təhlükəsizlik və davamlı inkişaf şəraitində yaşamasını təmin etməkdir”. 
2020-ci ildə Azərbaycan 30 il davam edən mənasız danışıqlara son qoyaraq öz torpaqlarını işğaldan azad etdi. Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra isə torpaqlarımız üzərində dövlət suverenliyimiz təmin edildi. Qazanılmış tarixi zəfər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin üzvi bağlılığının məntiqi nəticəsi olmuşdur.  
Prezident İlham Əliyev Qarabağı işğaldan azad etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı böyük xalqdır və biz Qarabağı unutmamışıq. Azərbaycan təkcə Ermənistanla və dünya erməniliyi ilə yox, həm də Ermənistanın himayədarları ilə də müharibə apardı və qələbə qazandı.
Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb olub. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada mühüm geostrateji məntəqələrdən olan Cənubi Qafqaz bölgəsində yeni reallıqlar fonunda saatlar Bakı vaxtı ilə qurulur. Yəni şərtləri qalib və üstün tərəf olan Azərbaycan diktə edir. 
Dünya ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin yaradılması, yeni tərəfdaşların tapılması və yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsi, mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas komponentləridir. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edən və onun beynəlxalq miqyasda siyasi nüfuzunun artırılmasında əvəzsiz xidmətlər göstərən dövlətdir. Azərbaycan Avropa    İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Azərbaycan regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə töhfə verir.
2025-ci ilin ən böyük nailiyyətlərindən biri – 8 avqust tarixdə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamənin imzalanması, sülh müqaviləsinin paraflanmasıdır. Sülh müqaviləsinin təşəbbüskarı isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlət başçısı müharibədə qalib gəldiyi kimi, sülhü də qazanır. Regionda ümumi vəziyyətin köklü şəkildə dəyişməsi və münaqişənin bitməsi bu istiqamətdə görülən işlərin məntiqi davamıdır. 
Vaşinqton Sammitinin nailiyyətlərindən biri Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir. Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verəcək. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.
Cənab Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində dayanıqlı məskunlaşma, infrastrukturun bərpası, təhlükəsiz yaşayış, ekoloji təmiz texnologiyalar və “yaşıl inkişaf” prinsiplərinin tətbiqi əsas məqsəd kimi müəyyən edilib. Artıq  uğurla icra edilən “Böyük Qayıdış” proqramı ilə bağlı Prezident cənab  İlham Əliyev qeyd edir ki, “Bu gün “Böyük Qayıdış” pro-qramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz – bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır”.
Strateji planlaşdırma, nəhəng icra və əlaqələndirmə prosesi, minatəmizləmə, infrastrukturun bərpası və artıq insanların geri qaytarılması – bütün bunlar qısa zamanda görülən böyük işlərdir. Bizim yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Bu, görünməmiş haldır və biz bunun şahidi oluruq. 
Tarix cənab Prezidenti 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin qələbə bir çox cəhətdən Onun Prezidentliyinin dəst-xətini müəyyənləşdirdiyi kimi, həm də ölkəmizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırladacaq. Bütün bunlar bacarıqlı diplomatın, dahi strateqin, qüdrətli sərkərdənin diplomatiya, siyasət və hərb meydanında qazandığı qələbənin təzahürüdür. Qarşıda isə ölkə başçısının rəhbərliyi ilə bütün ərazilərində suverenliyini bərpa etmiş Azərbaycanı daha parlaq bir gələcək gözləyir. Cənab Prezidentin öz sözləri ilə desək: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. 
Prezident cənab İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə – bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. O, dünyanın ən çətin və mürəkkəb münaqişələrindən birini təkbaşına həll edərək adını tarixə Müzəffər Ali Baş Komandan, Qalib Prezident kimi yazdıran dövlət xadimi, yenilməz sərkərdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın ən nüfuzlu liderlərindən biri olaraq qəbul edilməsi onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir.  Kim nə deyirsə desin, cənab İlham Əliyevin dünya liderlərindən biri olması artıq qəbul edilmişdir. O bunu qəbul etdirdi.
Azərbaycan xalqı gücünü öz liderindən alır. Lider isə xalqına arxalanır, bunu dəfələrlə bəyan edən ölkə başçısı bir gerçəyi də dilə gətirir: “Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var”. 

Məmməd BABAYEV

DAHA ƏTRAFLI