Ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetləri
Rəqəmsal inkişaf və süni intellect
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın məqsədi ölkədə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. Adıçəkilən Sərəncam Azərbaycanın qlobal inkişaf tendensiyalarına uyğun olaraq süni intellekt sahəsində beynəlxalq çağırışlara cavab vermək və ölkənin rəqabət qabiliyyətini artırmaq məqsədini daşıyır. Həmçinin yüksək hesablama infrastrukturunun inkişafı, süni intellektin etik və məsuliyyətli istifadəsi, qlobal standartların tətbiqi, məlumatların məxfiliyinin qorunması və innovativ həllərin risklərinin azaldılması da hədəflər arasındadır.
“Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”. Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr edilən müşavirədə səsləndirdiyi bu fikirlər rəqəmsal inkişafın və süni intellektin artıq ayrıca texnoloji istiqamət deyil, ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyən edildiyini göstərdi. Ötən illər ərzində ölkəmiz neft-qaz və digər sahələrdə beynəlxalq şirkətlərlə olan əlaqələrdə böyük təcrübə qazanıb. Dövlətimiz qonşu ölkələrlə müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etməklə həm də yeni platformalar yaradıb. Dövlət başçısı süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının qlobal miqyasda ölkələrin gələcək inkişafını müəyyən edən amillər olduğunu vurğulamaqla Azərbaycanın da bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərməli olduğunu açıq şəkildə ifadə edib. “Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir”.
Data mərkəzləri üçün başlıca şərt 10 min meqavatlıq generasiya gücü və ən azı
2 min meqavat sərbəst enerji potensialı
Ölkə başçısının çıxında 10 min meqavatlıq generasiya gücü və ən azı 2 min meqavat sərbəst enerji potensialının data mərkəzləri üçün başlıca şərt kimi vurğulamağı bu sahəyə strateji yanaşmanı nümayiş etdirdi. Azərbaycanın mövcud üstünlüklərini də diqqətə çatdıran dövlət başçısı enerji generasiya gücünün artımı, istifadə olunmayan enerji ehtiyatları, geniş nəqliyyat və enerji infrastrukturu, fiber-optik bağlantıların inkişafı, müsbət investisiya mühiti və beynəlxalq tərəfdaşlıq platformalarını – süni intellekt və data mərkəzləri kimi yeni iqtisadi istiqamətlər üçün baza kimi təqdim etdi: “Son 20 il ərzində generasiya gücümüz, təxminən, iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, – istər qaz, istər hidro, istər günəş, külək, – bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir”.
Beynəlxalq idarəetmə təcrübəsinə uyğun sistemli yanaşma
Dünyanın bir çox inkişaf etmiş və qabaqcıl ölkələrində süni intellekt siyasəti dövlət qurumları, universitetlər və texnologiya şirkətlərinin təmsil olunduğu xüsusi ofislər və məsləhətçi şuralar vasitəsilə formalaşdırılır, bu da strateji və praktiki əsaslandırılmış qərarları təmin edir. Həmin ölkələrin təcrübəsi göstərir ki, süni intellekt siyasətinin effektiv icrası yalnız strategiyanın qəbul edilməsi ilə yox, mərkəzləşdirilmiş koordinasiya ilə mümkün olur.. Dövlət başçısı həmin müşavirədə hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verdi ki, bu da gələcəkdə dövlət qurumlarında bu sahədə böyük işlər görüləcəyini göstərir. Yaradılacaq qurumlar hökumətin mərkəzi icra sisteminin tərkibində fəaliyyət göstərərək milli süni intellekt strategiyasının əlaqələndirilməsinə, prioritet sahələrin müəyyən edilməsinə və icranın monitorinqinə cavabdeh olacaqlar. Bu təcrübə artıq bir çox ölkələrdə var. Gələcəkdə yaradılacaq bu qurumların əsas hədəfi dövlət qurumlarında kibertəhlükəsizlik sahəsində effektivliyi artırmaqdır.
“Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır”.
Beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesaj
Dövlət başçısının rəqəmsal infrastrukturu və süni intellekti prioritet elan etməsi daxili idarəetmə islahatı olmaqla bərabər, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesajdır. Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin ayrıca əksini tapması, eyni zamanda Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahədə çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir. Mövcud enerji generasiya gücü, tranzit və fiber-optik bağlantılar, eləcə də sabit investisiya mühiti süni intellekt və data mərkəzi layihələri üzrə beynəlxalq texnologiya şirkətləri və maliyyə fondları üçün Azərbaycanın praktiki və iqtisadi cəhətdən cəlbedici platforma olduğunu göstərir.
“İndi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu bizim böyük üstünlüyümüzdür. O cümlədən dünən bu binada Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Eyni zamanda bizim Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri var”, – deyən ölkə başçısı ölkəmizin son illərdə qazandığı üstünlükləri qeyd edərək dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq formatında çalışmağın üstünlüyündən bəhs edib, bu sahəyə daha güclü təkan verilməli olduğunu vurğulayıb. Bu işdə dövlət qurumlarının qarşısındakı ən böyük vəzifə bu sahədə çox sıx koordinasiyalı şəkildə hərəkət edilməli, pərakəndəliyə yol verilməməli olunduğunu xüsusilə diqqətə çatdırıb.
Kadr hazırlığı əsas vəzifələrdən biridir
21-ci əsr bütün sahələrdə texnoloji inkişaf əsridir. Bu dövrün tələblərinə uyğun ixtisaslar seçilməsi, mütəxəssislər hazırlanması olduqca vacibdir. Azərbaycanda son illərdə bu istiqamətdə gözə çarpacaq dərəcədə işlər görülür. Təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərilməklə bərabər, ali məktəblərdə bu sahə üzrə təhsil alan tələbələr dövlət vəsaiti hesabına qabaqcıl sayılan ölkələrdə xüsusi kurslara göndərilir. Nəticədə, həm Azərbaycandakı ali məktəblərdə təhsil alan, həm də xaricdə təhsil almağa göndərilən gənclər bu ixtisas üzrə peşəkarlığı artırmaqla yanaşı, xarici dilləri də yüksək səviyyədə öyrənirlər. Dövlətimiz gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacağını nəzərə alaraq orta məktəblərdə şagirdlərə ilkin biliklərin öyrədilməsi üçün xüsusi kabinələrin açılmasını diqqətdə saxlayıb. Dövlət başçısı həmin müşavirədə tədris proqramına da müəyyən dəyişikliklər edilməsini təhsilin qarşısında məqsəd qoyub.
“Hesab edirəm ki, bugünkü müşavirə və bu məsələnin Prezidentin nəzarəti altında olması bizim bir çox tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizdə olan imkanlar nədən ibarətdir? Mənim sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər indi siz tərəfdən də çatdırılmalıdır ki, biz bu sahəyə güclü təkan verək” Prezident İlham Əliyevin bu fikirlərindən yola çıxaraq deyə bilərik ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr edilən müşavirədə qarşıya qoyulan öhtəliklər Azərbaycanın süni intellekt sahəsində strateji baxışının formalaşdırılması və sistemli yanaşmanın təmin edilməsi ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsi istiqamətində görülən işlərin daha da sürətləndirilməsində mühüm rol oynayacaq.
Ramiyə ƏKBƏROVA