NAXÇIVAN :

14 Iyun 2026, Bazar

Bitməyən yurd həsrəti və ya qayıdışa addım-addım

img

2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə tarixi görüş keçirildi. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. Bu fikirlər həm zalda, həm ekran qarşısında oturan qərbi azərbaycanlılarda böyük ümid və sevinc hissi yaratdı. Çünki bu fikirləri səmimi mühitdə keçən görüşdə Qarabağı bizə qaytaran Müzəffər Ali Baş Komandan, ölkə başçısı İlham Əliyev səsləndirmişdi. Bu görüşdən sonra “Qərbi Azərbaycana qayıdış” konsepsiyası hazırlandı. Bu ideya ətrafında qərbi azərbaycanlılar təşkilatlandı. Əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdən ibarət olan konsepsiyadan irəli gələn vəzifələrin həlli istiqamətində mühüm işlər həyata keçirilməkdədir. Bu qəbildən olan tədbirlər sırasında Naxçıvanda keçirilən festivallar əhəmiyyətliliyi ilə seçilir. 
İlk festival 2023-cü ilin noyabr ayında baş tutdu. Naxçıvan artıq III “Qərbi Azərbaycana qayıdış” festival-konqresinə hazırlaşır. İyunun 18-19-u tarixlərdə keçiriləcək növbəti festival Zəngəzur dəhlizi üzərində yerləşən qədim və zəngin tarixə malik Ordubad şəhərində təşkil olunacaq. Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək. Festival-konqresin əsas məqsədi Ermənistan Respublikasının inzibati sərhədləri daxilindəki qədim yurd yerlərimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə yaratdığı mədəniyyəti təbliğ etməklə yanaşı, Qərbi Azərbaycana sülh yolu ilə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etməkdən ibarətdir.
“Bu festivallar bizdə həm də böyük ruh yüksəkliyi yaradır. Hər iki festivalın iştirakçısı olmuşam. III festivalı da səbirsizliklə gözləyirəm. Bu festival yalnız tarixi həqiqətləri çatdırmaqla kifayətlənmir, eyni zamanda dəyərlərimiz, adət-ənənəmiz, milli ruhumuz yaşadılır. Bu, bir daha göstərir ki, aradan illər keçsə də, biz öz doğma torpaqlarımızı unutmamışıq. O torpaqların bizə bəxş etdiyi ruhu, sevgini, dəyərləri bu gün də yaşadırıq”, – deyir Bəhman Ağayev. 1946-cı ildə Keşişkənd rayonunun Hors kəndində dünyaya göz açıb. Doğulduğu torpağı qarış-qarış gəzib, Ələyəz, Amağu, Zeytə kənd­lərində təhsil alıb. O vaxt tam orta təhsili bitirmək üçün Qərbi Azərbaycanın 21 kəndindən uşaqlar Qovuşuğa gələrmiş. Bəhman Ağayev də Qovuşuqdan məzun olduqdan sonra təhsilini İrəvanda kənd təsərrüfatı texnikumunda davam etdirib. Danışdıqca xatirələr çözələnir, bəzən cümlələr arasında rabitə qırılır. Ürək doludur, ürək torpaq həsrətlidir. Gah üzünə təbəssüm qonur, gah da gözlərinə kədər çökür. Səbirlə dinləyirəm. Torpaq həsrəti balanın anasından ayrı düşməsi qədər kədərli və nisgillidir. Deyir, yenidən qayıda bilsəm, Ələyəzlə Qovuşuq kəndləri arasındakı Yastı bulaqdan doyunca su içərdim. Bəlkə, onda 23 yaşındaykən məcburən tərk etdiyim ana Vətənimin illərlə ürəyimdə gəzdirdiyim nisgilinə su səpəm. 
Həmsöhbətim Bəhman Ağayev ailəsi ilə birlikdə 1969-cu ildə Şərur rayonunun Maxta kəndinə köçüb: “Atam Ağa Ağayev ermənilərin sonralar adını dəyişdirib Yeğednadzor etdikləri Keşişkənddə rayon partiya komitəsində işləyib. Orada yeganə rəhbər vəzifədə olan azərbaycanlı idi. Soydaşlarımızın problemi, qayğıları ilə maraqlanar, əlindən gələn köməyi əsirgəməzdi. Onların dayağı idi. Ona görə atamı nəinki vəzifədən, yurd yerindən uzaqlaşdırmaq üçün hər fitnə-fəsada əl atırdılar. Adamların güzəranını, yaşayışını çətinləşdirirdilər. Bununla da insanları öz doğma torpaqlarından köç etməyə məcbur buraxırdılar. Və beləliklə, biz Maxta kəndinə köçdük”.
Qərbi Azərbaycan torpaqlarından sonuncu köçə və 1990-cı ilin Qanlı Yanvar hadisələrinə dözməyən atası Ağa kişi dünyasını dəyişir: “1988-ci ildən başlayan hadisələrə, doğma yurdlarından insanların didərgin salınmasına atamın ürəyi dözmədi. Son 200 ildə tarixi torpaqlarımıza köçürülən ermənilər bərəkətli torpaqlardan yaxşı mənada faydalanmaq, qonşuluq münasibətlərini saxlamaq yerinə tariximizi mənimsəyib, Azərbaycan xalqının min illər boyu yaratdığı abidələrə, dəyərlərə qarşı vandalizm siyasəti həyata keçirdilər. Dayaqlarını möhkəmləndirdikdən sonra insanları öz doğma, isti ocağından ayrı saldılar. Öz çirkin niyyətlərini Qarabağda da göstərdilər. Uzun illər insanlar torpaq həsrəti ilə yaşadı, torpaq həsrəti ilə dünyasını dəyişənlər oldu. Lakin bu gün Qarabağa və Şərqi Zəngəzura böyük köç davam edir. İnanırıq ki, biz də öz doğma torpaqlarımıza qayıdacağıq. İllər keçər, qərinələr ötər, lakin yurd nisgili heç zaman bitməz. Ermənilər yer adlarımızı dəyişsələr də, tarixi həqiqəti dəyişə bilməzlər. Tarix göstərir ki, Qərbi Azərbaycan torpaqları öz sinəsində Azərbaycançılıq möhürü daşıyır. Və biz öz avtomobilimizlə torpaqlarımıza qayıdacağıq. Addım-addım o günə doğru gedirik”. 

 Ruhiyyə RƏSULOVA
 

DAHA ƏTRAFLI