NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

“Sülh və Barışıq üçün Gernika mükafatı”

...

Prezident İlham Əliyevin dünyaya nümunə olacaq sülh modelinin qurulması istiqamətindəki fəaliyyətinə verilən qiymətdir

44 günlük Vətən müharibəsində torpaqlarını azad edərək 30 illik münaqişəyə son qoyan, 2023-cü ildə antiterror əməliyyatı ilə ərazisinin suverenliyini və bütövlüyünü bərpa edən Azərbaycan bir daha dünyaya ədalətin, tarixi həqiqətlərin gec-tez öz yerini tapdığını göstərdi. Ölkə başçısı səbrini, əzmini nümayiş etdirməklə qan tökmədən münaqişənin məhz sülh yolu ilə həllinə çalışıb. Çıxışları zamanı ölkə başçısı dəfələrlə bildirib ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən biz artıq sülh şəraitində yaşayırıq. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası, təqribən, 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik.

Vətən müharibəsində qazanılan zəfər yalnız torpaqların işğaldan azad olunması deyil, haqqın, ədalətin təntənəsi idi. Ondan sonrakı proseslər, sülhün bərqərar olması yönündəki addımlar regionda təhlükəsizliyin və sabitliyin modeli kimi dünyaya təqdim olundu. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Ermənistanı revanşizmə və regionu yeni qarşıdurmaya sürükləyən cəhdlərin qarşısı alındı. Ötən ilin avqustunda Vaşinqtonda baş tutmuş tarixi zirvə görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı, Birgə Bəyannamə imzalandı. İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasına töhfə verməklə yanaşı, iqtisadi, ticari və digər sahələrdə də real əməli fəaliyyət öz nəticələrini göstərməkdədir. Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Azərbaycanın ortaya qoyduğu mövqe göstərir ki, uzunmüddətli münaqişəyə baxmayaraq, güclü siyasi iradə ilə sülh əldə etmək mümkündür.

Gerçəkləşən “Böyük Qayıdış” proqramı sayəsində şəhərlər, düşmənin viran qoyduğu kəndlər abadlaşır, insanlar öz doğma yurduna köç edir, evlərdən, isti ocaqlardan körpə gülüşləri eşidilir. Bu həm də sülhün təntənəsidir. Ölkə başçısının əzmlə yürütdüyü sülhə söykənən daxili və xarici siyasətinin bariz göstəriciləridir. Qısa zamanda Qarabağı cənnətə çevirən ölkə başçısı İlham Əliyevin, təbirincə desək, dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin, müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bu gün Azərbaycan regionda özünü təhlükəsiz ölkə kimi güc və imkanları hesabına təsdiq edib.

Dövlət başçısının ölkədə, eləcə də regionda sabitliyin qorunması istiqamətində atdığı addımlar dünya dövlətləri tərəfindən də təqdir olunur. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmüşdür. Bu mükafat ənənəvi olaraq münaqişələrin qarşısının alınmasına, dialoqun təşviqinə və barışığın möhkəmləndirilməsinə töhfə verən siyasi liderlərə təqdim olunur. “Sülh və Barışıq üçün Gernika mükafatı” Prezident İlham Əliyevin sülhün təşviqi istiqamətində xidmətlərinin qlobal səviyyədə qəbul edilməsinin və qiymətləndirilməsinin təsdiqidir. Bu eyni zamanda Cənubi Qafqazdakı yeni siyasi reallığın beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. Mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunmasının isə rəmzi mənası var. “Sülh və Barışıq üçün Gernika mükafatı” Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyır.

Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində vurğulandığı kimi, Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır.

“Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

 Münaqişələr özü ilə ancaq dağıdıcılıq, iztirab, sülh isə quruculuq və rifah gətirər. Gernika faciəsi kimi biz də 34 il bundan əvvəl dəhşətli Xocalı faciəsini yaşadıq və ağrı-acısını uzun illər çəkdik. Xocalıya dönüş, Xocalının dirçəldilməsi, dağıntıların üzərində yenidən qurub-yaratmaq əzmi bir daha göstərdi ki, tarixi ədalət gec-tez yerini tapır və bu bütün dünyaya sülhün insanlar üçün daha gərəkli olduğu mesajını verir. 30 illik münaqişənin ədalətli həllinə nail olan ölkə başçısı İlham Əliyevin dünyaya nümunə olacaq sülh modelinin qurulması istiqamətindəki fəaliyyəti, enerji təhlükəsizliyinə töhfə verən layihələr, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, müxtəlif platformalarda fəal iştirak, humanizm prinsiplərinə sadiqlik Azərbaycanın mövqelərini möhkəmləndirib, dostluq əlaqələrini genişləndirib. Öz ədalətli mövqeyi, güclü siyasi iradəsi ilə dünyaya sülh və barışıq mesajı verən ölkə başçısı İlham Əliyev bu ilin fevralında “Zayed İnsan Qardaşlığı Mükafatı”na da layiq görülüb. Bu mükafatlar Azərbaycanın dayanıqlı sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi töhfələrin dəyərləndirilməsidir. Bu gün hələ də müharibə vəziyyətində olan ölkələr Azərbaycan nümunəsindən faydalana, sülhə, barışığa imza ata, insanlığa, qardaşlığa töhfə verə bilərlər. Sülh özü ilə xalqlara rifah, müharibə isə fəlakət gətirər. Qoca tarix də bütün dövrlərdə müharibə törədənləri lənətləyib, sülhə xidmət edənlərin isə adını qızıl hərflərlə öz səhifəsinə yazıb, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürüb.                         

                        Ruhiyyə RƏSULOVA

 

Nəşr edilib : 29.04.2026 15:28