Sonsuzluğa gedən yolda geri dönə bilməyənlər...
Həyat gözlənilməz hadisələr, təzadlarla doludur. Bu həqiqəti düşünəndə ağlımıza ilk olaraq müsbət düşüncələr gəlir, elə deyilmi?! Bəli, bəlkə də, deyə-gülə, həvəslə günlər öncədən çamadanlarını yığıb, yola düşəcəyi günü səbirsizliklə gözləmişdi onlar. Vətənin min bir naz-nemətindən sovqat aparacaq, bəlkə də, illərdir, görmədiyi, sarılmadığı bir yaxınına sürpriz edəcəkdi onlar. Lakin alınlarına görünməz qələmlə həkk olunmuş ömür payı, təəssüf ki, sona yetdi, əcəl səmalarda yaxaladı onları.
Həyat sürprizlərlə doludur. Lakin düz bir il öncə dekabr ayının 25-də həyat acı sürprizlər yaşatdı bir çox ailəyə. Çoxları bu sürprizi sevməsə də, istəməsə də, məcburən qəbul etməli oldu bağrına daş basaraq.
Axı niyə belə oldu? Nə üçün tale onları yad bir ölkədə ölümə məhkum etdi? Beynimizi məşğul edən bu suallarla yanaşı, qulaqlarımızda yalnız hələ də bir səs dalğalanır: “Hər şey yaxşı olacaq!” Bu səsdə həm həyəcan, həm də təşviş hiss olunurdu və bir də qorxmazlıq. Bu sözlərdə yatırdı ümid. Bu sözlərlə bərkidi, möhkəmləndi insanların yaşamaq arzusu. Bu sözlərlə təsəlli tapdı onlar.
Bəs nə üçün hər şey yaxşı olmadı? Nə üçün deyə-gülə çıxdıqları bu yol onları ölümlə qalım arasındakı incə cizgidə buraxdı?! Bu cizgini son anda keçənlər də oldu, əlbəttə. Təəssüflər olsun ki, keçə bilməyənlər də…
Nə üçün həyat onlara şirin deyil, acı üzünü göstərdi?! Bəlkə də, ömürlərinə ən gözəl xatirələri yazacaqdılar çıxdıqları bu yolda. Bəs nə üçün xoş anlar yaşamaq arzusu ilə mindikləri o təyyarə yaralı bir quş tək səmada süzülüb özgə torpağa düşdü?! Suallar çoxdur. Hansı ki hələ də cavab tapa bilmədiyimiz. Lakin acı bir həqiqət var ki, onlar geri dönə bilmədilər.
Qəza bizə nəyi göstərdi: Allahın böyüklüyünü, Vətənimizin kişi qeyrətli qadınları olduğunu, öz vəzifəsinə qırılmaz tellərlə sarılan qəhrəman oğulların əhatəsində olduğumuzu…
Və bu acı qəza bizə ölümün gözünə dik baxıb son anda belə başqalarının canını fikirləşən qəhrəman pilotları, əcəlin soyuq nəfəsini hiss etsə də, öz məlahətli səsi ilə insanların qəlbində ümid alovunu şölələndirən, bu alovla az da olsa, onları isitməyə çalışan mərd Azərbaycan qadınını, dilində “Allahu Əkbər” kəlməsi ilə Allaha sığınan mömin qardaşımızı, özü yaralı yatağında qıvrılsa da, “Yoldaşımı görmək istəyirəm”, – deyən qəlbi məhəbbətlə dolu ağsaqqalımızı tanıtdırdı bizə və bir də cəhənnəmi yaşayarkən sığına biləcəyi qucaq tapmayan, ata-ana nəvazişindən uzaq olan 13 yaşlı Məhəmmədəlini.
Onlar geri dönə bilməsələr də, elə təyyarənin cızdığı sonsuzluq simvolu tək yaddaşımıza sonsuz həkk olundular. O gün Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 38 nəfərə məzar oldu. 29 nəfərə isə ikinci bir həyat bəxş edildi. O gün səmalara yazıldı qəhrəmanlığın tarixi.O gün burada həlak olanların son baxışları, son gülüşləri indi yalnız xatirələrdə yaşayır.
Ölümündən sonra “Milli Qəhrəman” adını alan Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninov illər keçsə belə, səmanın qəhrəman qoruyucuları kimi daim xatırlanacaqlar. Onlar yalnız bir qəzanın qurbanları deyil, həm də xilaskarları oldular. Öz həyatları yarım qalsa da, göstərdikləri şücaətlər sayəsində bir çox insana həyat oldular.
Qəza bizə bir daha nəyi göstərdi? Həyatın çox qısa olduğunu və bizə bir nəfəs qədər yaxın olan əcəlin nə zaman, harada bizi haqlayacağının məlum olmadığını. Onun üçün həyatı doya-doya yaşayaq, pislik etməkdən, küsülülükdən uzaq olaq, sevdiklərimizə dörd əllə sarılaq. Çünki az sonra nə olacağı bəlli deyil. Bu hadisə hər birimizin qəlbində yara izi qoydu. Bu izlər asan yoxa çıxmayacaq, əlbəttə. Hər çətin anımızda Hökuməni xatırlayacağıq və yenə onun sözləri ilə güc tapacağıq özümüzdə: Hər şey yaxşı olacaq!
Türkanə ƏSƏDOVA