Bu tədbir Azərbaycan milli Mətbuatının 150 illiyi ...
23:26 30.05.2025
0
0
0
NAXÇIVAN :
31 May 2025, Şənbə
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar muxtar respublikada start verilən silsilə bayram tədbirlərinin növbətisi Sədərək rayonunda keçirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tədbiri açıq elan edərək 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları səmimi-qəlbdən təbrik edib. O, çıxışında uşaqlara göstərilən dövlət qayğısından, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsinin əhəmiyyətindən danışıb. Həmçinin N.Cahidzadə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritetlərindən danışıb, bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışına uşaqları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək başlayıb. O bildirib ki, uşaqların hüquqlarının müdafiəsi və onların hərtərəfli inkişafı ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin əsas istiqamətlərindən biridir. Komitə sədri qeyd edib ki, uşaq siyasəti ilə əlaqədar qanunvericilik aktları uşaqların hüquqlarının müdafiəsi və sağlam inkişafı üçün mühüm hüquqi baza yaradır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə uşaqların sosial müdafiəsi və təhsil sahəsində mühüm layihələr icra olunur. Təhsildən yayınan uşaqların müəyyənləşdirilməsi məqsədilə evlərdə genişmiqyaslı monitorinqlər aparılıb və nəticələrə əsasən həmin uşaqların siyahısı hazırlanaraq xüsusi bazaya əlavə olunub.
Komitə sədri Ramilə Seyidova çıxışında qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikasında atılmış uşaqlar yoxdur. Bu, dövlətin uşaq siyasətinin uğurla həyata keçirilməsinin bariz nümunəsidir. O vurğulayıb ki, uşaqların hüquqlarının qorunması məqsədilə qanunvericilik bazası təkmilləşdirilmişdir. Komitə sədri əlavə edib ki, bütün bu tədbirlər uşaqların sosial rifahının təmin olunmasına, onların cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə xidmət edir.
Komitə sədri çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.
Tədbirdə Sədərək rayonu üzrə təhsil sahəsində ən yüksək nəticə göstərən şagird Müjdə Pənahova çıxış edərək qazandığı uğurlar haqqında danışıb. O, əldə etdiyi nailiyyətlərdə yaradılan əlverişli şəraitin, göstərilən diqqət və qayğının, həmçinin müasir təhsil imkanları və dəstəyin mühüm rol oynadığını qeyd edib. M.Pənahova dövlət tərəfindən gənclərə və şagirdlərə göstərilən bu diqqətə görə dərin minnətdarlığını ifadə edib.
Tədbir çərçivəsində rayon üzrə 2024-2025-ci tədris ilində təhsil və idman sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində Sədərək rayonu üzrə fəaliyyət göstərən uşaq musiqi məktəbləri, tam orta məktəblərin şagirdləri və körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.
Digər xəbərlər