NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

20 oktyabr – Zəngilanın azadlıq və dirçəliş günü

...

Zəngilan Azərbaycanın zəngin təbiəti, qədim tarixi və özünəməxsus mədəni irsi ilə seçilən gözəl guşələrindən biridir. 1993-cü ilin 29 oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilan ağır günlər yaşadı. Minlərlə insan öz evini tərk etmək məcburiyyətində qaldı. Onlar doğma ocaqlarını, təsərrüfatlarını və illərlə formalaşdırdıqları həyatlarını geridə qoyaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldular. 27 il ərzində rayonun infrastrukturu tamamilə dağıdıldı, tarixi və dini abidələri vandalizmə və dağıntılara məruz qaldı. Lakin hər bir zəngilanlının və bütövlükdə, Azərbaycan xalqının qəlbində doğma ocağa dönmək inamı bir an belə olsun sönmədi.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərin azad edilməsi istiqamətində mühüm uğurlar qazandı. 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Şəhərlə yanaşı, rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndləri də azad edildi. Həmin gün Zəngilan üzərində dalğalanan üçrəngli bayrağımız bizim milli qürurumuzun, zəfərimizin və ədalətin bərpasının rəmzi oldu, ədalətsizliyə son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiya, Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgərlərimizin fədakarlığı və xalqın birliyi bu zəfərin əldə olunmasında həlledici rol oynadı. Bu zəfər xalqımızın “dəmir yumruq” ətrafında birləşməsinin və qəhrəman şəhidlərimizin qanı bahasına əldə edildi.

Zəngilanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri müharibə nəticəsində dağıdılmış yaşayış məntəqələrinin bərpası, infrastrukturun yenidən qurulması və əhalinin doğma torpaqlara qayıdışının təmin edilməsi idi. Bu məqsədlə rayonda genişmiqyaslı tikinti, abadlıq və infrastruktur layihələri həyata keçirilir. Bu gün Zəngilanda yollar çəkilir, yeni yaşayış məntəqələri salınır və insanların doğma yurdlarına qayıtması üçün şərait yaradılır. Məqsəd sakinlərin təhlükəsiz, rahat və müasir şəraitdə yaşamasını təmin etməkdir. Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi və Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin gələcəyi üçün atılan mühüm addımlardandır. Bu layihə Zəngilanın təkcə yenidən qurulan yaşayış məntəqəsi deyil, həm də Azərbaycanın regional nəqliyyat və iqtisadi əlaqələrində əhəmiyyətli mövqeyə malik bölgələrindən biri kimi inkişafına töhfə verir. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi artıq ölkə daxilində və beynəlxalq müstəvidə Böyük Qayıdışın ilk uğurlu modeli kimi qəbul olunur. Müasir yaşayış evləri, “yaşıl enerji zonası”, məktəb, tibb məntəqəsi və müasir xidmət sahələri doğma yurdlarına qayıdan sakinlərin rahatlığı üçün hər cür şərait yaradır. Dövlətin əsas vəzifələrindən biri bu quruculuğun davamlı olmasını, sakinlərin doğma torpaqlarında təhlükəsiz yaşamasını və iqtisadi imkanların genişlənməsini təmin etməkdir.

Zəngilan Beynəlxalq Hava Limanı rayonun və bütövlükdə, Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafı baxımından mühüm infrastrukturdur. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də istifadəyə verilməsi bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm hadisə oldu.

Şəhərin və rayonun yol-nəqliyyat infrastrukturunun yenilənməsi, yaşayış məntəqələrinin bərpası, sosial obyektlərin yaradılması və iqtisadi imkanların genişləndirilməsi bu bölgənin inkişafına xidmət edir. İnşa edilən Horadiz-Zəngilan-Ağbənd dəmir yolu böyük strateji əhəmiyyət kəsb edir. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilan həm də gələcəkdə Avropa ilə Asiyanı birləşdirəcək Zəngəzur dəhlizinin mühüm və qovşaq nöqtələrindən biri kimi regionun iqtisadi gələcəyinə yön verir.

Bu gün Zəngilan tamamilə yeni bir inkişaf mərhələsini – dirçəliş dövrünü yaşayır. Azad olunandan dərhal sonra başlanan genişmiqyaslı bərpa və quruculuq işləri bu torpaqlarda həyatın sürətlə yenidən canlandığını göstərir. Müasir infrastruktur, yenidən qurulan kəndlər, qaçqın və məcburi köçkünlərimizin doğma ocaqlarına qayıtması – bütün bunlar dövlətimizin gücünün və xalqımızın əzminin təzahürüdür. Zəngilan artıq dirçəlişin, sülhün və tərəqqinin simvoluna çevrilib.

20 oktyabr – Zəngilan Şəhəri Günü həm də Vətən uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsinin ehtiramla yad edildiyi gündür. Bu gün mübarizəmizin, birliyimizin və doğma yurda qayıdışımızın rəmzidir. Zəngilan yenidən yaşayır və onun gələcəyi quruculuq, inkişaf və əmin-amanlıq üzərində formalaşır.

                                                                               Gülxarə TARVERDİYEVA
                               Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 20.10.2026 14:15