NAXÇIVAN :

27 Sentyabr 2026, Bazar

Ağ işıq

...

Esse
Qəhrəman şəhidlərimizin xatirəsinə

Həmin gecə ürəyində qəribə bir hiss vardı. Sanki uzun bir yolun sonunda görünən o ağ işığı tutmaq, onu ovcunda saxlayıb evə qayıdanda ötən il onu əsgərliyə yola salmış anasına hədiyyə etmək istəyirdi.
Uşaqlıqda qaranlıqdan qorxsa da, böyüyüb kişiləşəndən sonra səhər sübhdən oyanıb Günəş şəfəqlərinin buludların arasından qaranlığı qılınc kimi yarıb keçməsinə heyrətlə baxardı. Elə baxardı ki, sanki indicə əlinin çatmadığı o işıq sütunlarından birini tutacaq, onunla bütün dünyanı gəzəcək, hamıdan əvvəl geri qayıdıb Vətəninin gözəlliklərindən danışacaqdı.
Komandiri də, əsgər yoldaşları da onu çox sevirdi. Hərbi həyatı yaşadıqca onun cəsarətinə hamı hörmət edirdi. Yorulmur, silahını gözündən uzağa qoymur, düşməni gözündən vurmaq üçün gecə-gündüz, gözünü belə yummadan çalışırdı. Onunla bir sırada xidmət edən əsgərlərin Şuşa, Laçın həsrətini özününkü bilir, Xudafərinin fatehi olmağı arzulayırdı.
Artıq on doqquz yaşı vardı. Amma bəzən yuxularında yenə də uşaqlarla oynayır, qarşıdakı təpənin arxasında gizlənən xain Təpəgözün tək gözünü nişan alıb vururdu. Otuz ildir, yurdunu viran qoyan, Qarabağa qan udduran düşmənin qan tutmuş gözünü nişan alırdı.
Bəzən səbri çatmır, təkbaşına Mübariz olmaq istəyirdi. Ancaq həmin payız hamı yola hazırlaşırdı. Murovun zirvəsindən bütün Qarabağa yayılacaq o ağ işığı tutmaq üçün yola çıxacaqdılar.
…Səhərə yaxın əmr gəldi: səbrimiz qurtardı! Kağızı götürüb anasına son məktubunu yazdı: “Biz getdik, ana! Darıxma! Sənə ağ işıq gətirəcəyəm”. Və getdi… Vətənin azadlığı anasına hədiyyə olacaqdı.

Əli Cabbarov

Nəşr edilib : 27.09.2026 16:36