Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşul...
17:39 28.10.2026
0
0
0
NAXÇIVAN :
28 Oktyabr 2026, Çərşənbə
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rumıniyanın Buxarest İqtisadi Tədqiqatlar Universitetinin rektoru professor Nicolae İstudor və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Constanstin Marius Profiroiu ilə görüşüb.
Bu barədə AMEA dan bildirilib. AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasının tarixi, əldə etdiyi nailiyyətlər, eləcə də müasir dünya elminin çağırışlarından irəli gələrək aparılan tədqiqatlar barədə məlumat verib. Son dövrlərdə AMEA-nın beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli Azərbaycan ilə Rumıniya arasında elmi əməkdaşlığa və birgə tədqiqatların aparılmasına önəm verildiyini, hazırda Akademiyanın Rumıniyanın iki ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini söyləyib. O, AMEA-nın Buxarest İqtisadi Tədqiqatlar Universiteti ilə sosiologiya, fəlsəfə, kibertəhlükəsizlik və süni intellekt sahələrində əməkdaşlığın perspektivləri olduğunu bildirib, bu istiqamətdə həmin universitetlə əməkdaşlıq memorandumunun imzalanmasını təklif edib. Bundan əlavə, birgə konfransların təşkili, elmi jurnallarda məqalə mübadiləsi, eləcə də doktorantların yay məktəblərində iştirak imkanları müzakirə olunub. Akademik İsa Həbibbəyli Rumıniya ilə qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını qeyd edib.
Görüşdə çıxış edən professor Nicolae İstudor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat verib. Rektor bildirib ki, 1913-cü ildə əsası qoyulan universitetdə 13 fakültə fəaliyyət göstərir və ingilis, fransız, alman dillərində təhsil proqramları da mövcuddur. Onun sözlərinə görə, universitetdə 27 mindən çox tələbə təhsil alır, tədris prosesinə özəl sektordan və xarici ölkələrdən dəvət olunan mütəxəssislər də cəlb edilir. Universitet, həmçinin ABŞ, Böyük Britaniya və Fransada çalışan rumın professorlarla əməkdaşlıq edərək diaspor nümayəndələrinin akademik fəaliyyətə cəlb olunmasına çalışır. Nicolae İstudor bildirib ki, universitetin Kanadada yerləşən Kvebek Universiteti ilə birgə həyata keçirdiyi MBA proqramı beynəlxalq reytinqlərdə yüksək mövqeyə malikdir və proqram QS reytinqində 25-ci yerdə qərarlaşıb. Rektor Rumıniyada fəaliyyət göstərən elmi akademiyalarla əlaqələrə də toxunub. O, universitetin Rumıniya Akademiyası ilə birgə tədqiqat layihələri həyata keçirdiyini, eləcə də bir sıra elmi istiqamətlər üzrə fəaliyyət göstərən akademiyalarla əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.
Professor Constanstin Marius Profiroiu isə təmsil etdiyi universitetin beynəlxalq əməkdaşlıq əlaqələri, akademik mübadilə proqramları barədə məlumat verib. Prorektor bildirib ki, universitet dünyanın 82-dən çox elmi qurum və ali təhsil müəssisəsi ilə tərəfdaşlıq əlaqələri qurub. Əməkdaşlıqda Avropa ölkələri ilə yanaşı, Asiya, Şimali və Cənubi Amerika, Afrika və Avstraliyadakı qurumlar da təmsil olunur. Son illərdə Türkiyə ilə əlaqələrin genişləndirildiyini, hazırda bu ölkənin 32-dən çox universiteti ilə əməkdaşlıq edildiyini qeyd edib. Constanstin Marius Profiroiu universitetin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasının prioritetlərdən biri olduğunu vurğulayıb.
Müzakirələr zamanı Azərbaycan Milli Elmlər Akademiyası və Rumıniyanın Buxarest İqtisadi Tədqiqatlar Universiteti arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanması barədə razılıq əldə olunub.
Qeyd edək ki, görüşdə AMEA-nın akademik-katibi akademik Arif Həşimov, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və AMEA-nın Rəyasət Heyətinin elmi katibi iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov da iştirak ediblər.
Digər xəbərlər