NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

...

BMT Baş Assambleyasının Xüsusi Siyasi və Müstəmləkəsizləşdirmə Komitəsinin (Dördüncü Komitə) birinci plenar iclası zamanı Azərbaycan BMT-nin dekolonizasiya səylərinə sarsılmaz dəstəyini bir daha təsdiq edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"BMT Baş Assambleyasının Xüsusi Siyasi və Müstəmləkəsizləşdirmə Komitəsinin (Dördüncü Komitə) birinci plenar iclası zamanı Azərbaycan BMT-nin dekolonizasiya səylərinə sarsılmaz dəstəyini bir daha təsdiq edib və müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasını sürətləndirmək üçün fəaliyyəti gücləndirməyə çağırıb", - məlumatda bildirilib.
Qeyd edək ki, iclasda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova çıxış edib:
"Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Baş Assambleyanın dekolonizasiyaya dair müvafiq qətnamələrində təsbit olunmuş prinsiplərin tam həyata keçirilməsini ardıcıl olaraq müdafiə edib.
Baş Assambleyanın "Müstəmləkəçiliyin aradan qaldırılması üzrə Dördüncü Onillik" adlı 75/123 saylı qətnaməsinin həyata keçirilməsinə dair Baş Katibin məruzəsinə (A/80/80) təqdim etdiyi yazılı təqdimatında Azərbaycan, Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya səylərinə sarsılmaz dəstəyini vurğulayıb və müstəmləkəçiliyin tamamilə ləğv edilməsi istiqamətində bu prosesin sürətləndirilməsinə çağırıb".

Nəşr edilib : 01.10.2026 21:42