Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıql...
13:55 14.06.2026
0
0
0
NAXÇIVAN :
14 Iyun 2026, Bazar
Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri olmaqla xalqımızın, millətimizin, dövlətçiliyimizin XX əsrdəki ən böyük milli sərvətidir. Bu müstəqilliyin qorunub saxlanılması, hüquqi, demokratik dövlət quruculuğu yolunda əldə olunan nailiyyətlər bilavasitə Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi, misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Qədim və zəngin bir tarixə malik olan doğma Azərbaycanımızın, müdrik xalqımızın taleyində, onun ictimai-siyasi və mədəni həyatında misilsiz xidmətlər göstərən bu tarixi şəxsiyyətin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla addımlayan güclü bir dövlətə çevrilmişdir. Bu gün sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni sahələrdə qazanılan uğurlar, aparılan islahatlar Azərbaycanın dünya birliyində nüfuzunu və mövqeyini gücləndirir.
Ümummilli Liderimiz Heydər Əliyev böyük uzaqgörənliklə: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam. Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır”, – deyərək ölkəmizə rəhbərliyi dövründə respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə qovuşdurmuş, Azərbaycan iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırmışdır. 1969-cu ildən etibarən Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və elmi cəhətdən qazandığı uğurların başlıca səbəbi Heydər Əliyev dühası və onun yaradıcı gücə malik inkişaf strategiyasıdır.
Müstəqilliyimizin ilk illərində Azərbaycan parçalanmaq, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycan “Olum, ya ölüm” dilemması ilə üzləşmişdi. Belə bir şəraitdə Azərbaycan xalqı, Azərbaycan ziyalıları müdriklik göstərərək milli liderimizə – o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ulu Öndər Heydər Əliyevə üz tutdu, xalqın ümid çırağını sönməyə qoymamağa, min bir əzabla qazanılmış dövlətçiliyimizi xilas etməyə səslədi. Doğma xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı Azərbaycanın gözləri önündə dağılmasına dözməyən, həyatını xalq yolunda şam kimi əridən görkəmli dövlət xadimi Heydər Əliyev də Vətənin dar günündə xalqının səsinə səs verdi, sabaha olan ümid çırağını yandırdı.
O dövrdə Azərbaycanda cərəyan edən hadisələrdən fərqli olaraq Naxçıvan görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin bərpası uğrunda mübarizənin mühüm siyasi mərkəzinə çevrilmişdi.1990-1993-cü illərdə Ümummilli Liderimizin Naxçıvanda yaşayaraq siyasi fəaliyyət göstərməsi, müstəqillik yolunun davamı və bərpası istiqamətində mühüm bir mərhələdir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Naxçıvanda siyasi hakimiyyətə qayıdışı, Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti Azərbaycanın istiqlal mübarizəsi yolunda xüsusi mərhələ təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi ilk dəfə Naxçıvanda qəbul olunmuş, keçmiş sovetlər ittifaqının hələ yaşadığı bir dövrdə cəsarətli addım kimi Naxçıvan Muxtar Respublikasının adından “sovet, sosialist” sözləri çıxarılmış, milli şüurun dirçəlməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın Azərbaycanın digər yerlərindən fərqli olaraq Naxçıvanda saxlanması şərtilə ilk dəfə bu torpağı tərk etmişlər. 20 Yanvar faciəsinə ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında verilmişdir.
Prezident İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək demişdir: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.
Böyük ömrün Naxçıvanda keçən üç ili ərzində görülən işlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəldilmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi. Bu dövrün tarixi təcrübəsi bir daha göstərir ki, Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyimizin təşəkkül prosesi Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayıdışı ilə Azərbaycan onu gözləyən təhlükədən xilas oldu. 1993-cü ilin 15 iyunu siyasi tariximizin yaddaşında xilas günü, “Milli Qurtuluş Günü” kimi qalır.
“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır... Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır”, – deyən Ulu Öndər Heydər Əliyevin yaratdığı şah əsər - müstəqil Azərbaycan dövlətinin sükanı bu gün etibarlı əllərdədir. Qədirbilən xalqımız müstəqilliyimizin memarı və qurucusu görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik ideyalarını əsas tutaraq müstəqillik yolu ilə inamla daha xoş gələcəyə irəliləyir. Xalqımız öz xoşbəxtliyini, ölkəmiz isə öz inkişaf və tərəqqisini bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilən Heydər Əliyev siyasətində, quruculuq və inkişaf yolunda tapır. Bu yol Azərbaycanın dünəni, bu günü və sabahıdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Məhz Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində üçrəngli bayrağımız 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda, işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalandırıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Ülkər BAYRAMOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər