NAXÇIVAN :

28 Iyun 2026, Bazar

Azərbaycan dünya iqtisadi güclərini bir araya gətirir

...

Respublikamızın ABŞ və Çinlə strateji tərəfdaşlığı regiona böyük dividendlər qazandıracaq

Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan malik olduğu coğrafi şərait və təbii resurslarından maksimum səmərəli istifadə etməklə hərtərəfli sosial-iqtisadi inkişaf xəritəsi müəyyənləşdirib. Bu xəritə təkcə bir ölkə, bir region üçün deyil, ümumilikdə, bütün dünya üçün faydalı, sərfəli əməkdaşlıq platforması ortaya qoyur. Bəli, respublikamızın müəllifi olduğu, qlobal çağırışlara əsaslanan meqa layihələr, nəqliyyat-logistika potensialı iqtisadi güclərin maraq kəsişməsinə səbəb olmaqla dünya nizamının formalaşdırılmasına əvəzsiz töhfələr verir. Başqa sözlə, ölkəmiz artıq etibarlı ticarət tərəfdaşlığı statusu üzərində mühüm geoiqtisadi mərkəz modeli formalaşdırmaqdadır. Azərbaycan dövlətinin sahibi olduğu bütün imkanlar fonunda apardığı çoxvektorlu, balanslı siyasət nəticəsində dünyanın iki iqtisadi gücü –  ABŞ və Çin bir araya gəlir.
Azərbaycanla Çin arasında münasibətlər son bir neçə ildə, daha dəqiq desək, Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra yeni reallıqlar çərçivəsində yüksək inkişaf yoluna qədəm qoyub, müxtəlifsəviyyəli işgüzar səfərlər zamanı yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. 2024-cü il iyulun 3-də imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə ölkələrarası qarşılıqlı etimadın və əməkdaşlığın təməlləri daha da möhkəmləndirilib, dünya iqtisadi sisteminin mənzərəsini dəyişdirə biləcək vacib strateji məqsədlər irəli sürülüb. Ötən il aprelin 23-də Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində liderlər arasında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” isə hər iki ölkənin bir-biri üçün prioritet təşkil edən sahələri etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiqləməklə bu tərəfdaşlığı yeni, daha yüksək mərhələyə daşıyıb.
Azərbaycanın bir neçə ildə Çinlə olan əlaqələrindəki oxşar tendensiya bir neçə ay ərzində ABŞ ilə münasibətlərində də özünü göstərib. Belə ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton zirvəsindən sonra Azərbaycan-ABŞ  əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksəlmişdir. Hazırda daha da möhkəmlənərək həm regional, həm də qlobal əhəmiyyətli geosiyasi faktora çevrilməkdədir. Ekspertlər tərəfindən bu, dünya tarixində misli görünməmiş siyasi nailiyyət, böyük diplomatik müvəffəqiyyət kimi qiymətləndirilir. Bu il fevralın 10-da respublikamız müstəqillik dönəmindəki  mühüm siyasi uğurlarından birinə imza ataraq dünyanın bir nömrəli ölkəsi ABŞ ilə strateji tərəfdaşlıq yoluna qədəm qoyub və münasibətlərin yüksəlişinə dair xartiya imzalanıb. Beləliklə, respublikamız hazırda dünyanın iqtisadi baxımından iki ən güclü ölkəsi ilə strateji tərəfdaş əlaqələrinə malik olub. Yaxın gələcəkdə Çinlə olan etibarlı ticarət əməkdaşlığı ABŞ-nin tərəfdaşlığı ilə daha da güclənəcək və hər iki güc ortaq layihələrdə bir araya gələcəklər.

“Bir kəmər, bir yol” təşəbbüsü, TRIPP layihəsi

Bu gün Çinlə ABŞ-nin maraqları Cənubi Qafqazda Azərbaycanın fəal rolu ilə reallaşan layihələr vasitəsilə kəsişir. “Bir kəmər, bir yol” təşəbbüsü və Zəngəzur dəhlizi (TRIPP) layihəsi bu kəsişmənin əsas özəkləridir. Nəqliyyat-logistika baxımından Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa ilə Asiya arasında böyük ticarət körpüsü yaratmaqla, birinci növbədə, Azərbaycan-Çin strateji tərəfdaşlığının güclənməsinə mühüm töhfələr verir. Son illərdə yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, növbəti illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və doqquz beynəlxalq hava limanı da daxil olmaqla bütün infrastrukturlar Azərbaycanın Orta Dəhlizin rentabelliyinin artırılmasındakı fəal rolunun mühüm göstəriciləridir. Orta Dəhlizlə yükdaşımaların həcminin son 5 ildə    7 dəfə artması da məhz ölkəmizin bu sahədəki aktiv fəaliyyətinin nəticəsidir. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə vasitəsilə Avropaya uzanan bu beynəlxalq nəqliyyat marşrutunun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infra­struktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı 
zəmin yaradacaq. 
Bu mühüm iqtisadi əməkdaşlıq platforması (Orta Dəhliz) yaxın gələcəkdə Çinlə yanaşı, həm də Azərbaycan-ABŞ strateji tərəfdaşlığında aparıcı rol oynayacaq. Təsadüfi deyildir ki, Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin bu il  fevralın 10-da ölkəmizə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nda da regi­onal bağlantılar sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi baxımından Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyəti xüsusi vurğulanır. Hazırkı reallıq odur ki, Avropa və Asiya arasında ticarət körpüsü yaradan respublikamız Orta Dəhlizin yükaşırma qabiliyyətinin artırılması istiqamətində atdığı mütərəqqi addımlarla Avrasiyanın nəqliyyat xəritəsini formalaşdırmaqla iki iqtisadi gücün – ABŞ ilə Çinin marağını eyni mərkəzdə birləşdirməyi bacarıb. 
Məlum olduğu kimi, bu gün Çin də daxil olmaqla Orta Asiya ölkələri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından maksimum istifadə edərək premium Avropa bazarından böyük dividendlər əldə edirlər. Məhz bütün bu iqtisadi, ticari üstünlükləri nəzərə alsaq, həm ABŞ-Azərbaycan, həm də Çin-Azərbaycan əlaqələrinin inkişafı baxımından növbəti dövrdə Orta Dəhlizin daha önəmli yer tutacağı qəna­ətinə gələ bilərik. ABŞ-nin Azərbaycanla Strateji tərəfdaşlığa dair xartiyada Orta Dəhlizə dair birgə əməkdaşlıq niyyətini ifadə etməsi layihəyə yeni böyük həcmdə investisiya yatırımının olacağını göstərən mühüm amildir. Digər tərəfdən, Vaşinqton Sülh Sammitində əldə olunan  razılaşmalara əsasən Zəngəzur dəhlizi (TRIPP) layihəsi də artıq reallaşmaq mərhələsindədir ki, bu da Orta Dəhlizin əhəmiyyətinin regional və qlobal səviyyədə kifayət qədər artacağından xəbər verir.
Zəngəzur dəhlizinin açılması həm Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün tam şəkildə reallaşmasına və eyni zamanda ABŞ-nin qlobal iqtisadiyyatda mövqeyinin güclənməsinə töhfə verməklə hər iki iqtisadi güc üçün mühüm əməkdaşlıq körpüsü yarada bilər. Başqa sözlə, artıq Cənubi Qafqaz regionu ABŞ, Çin kimi dünya iqtisadiyyatının nəhənglərinin də yer aldığı böyük əməkdaşlıq mərkəzinə çevrilmək mərhələsindədir. Azərbaycan isə Çinlə yanaşı, ABŞ ilə strateji tərəfdaşlıq yoluna qədəm qoymaqla həm Naxçıvanla ölkəmizin digər ərazisi arasında quru əlaqəsinə nail olacaq, həm də tranzit ərazi statusunu daha da möhkəmləndirməklə yeni siyasi, iqtisadi dividendlər qazanacaq. Eyni zamanda məlumdur ki, ABŞ və Çin müxtəlif ölkələrin iqtisadiyyatlarına və layihələrinə aktiv investisiya yatıran aparıcı dövlətlərdəndir. Belə olan halda bu amil iqtisadiyyatını şaxələndirməkdə maraqlı olan Azərbaycanla yanaşı, region ölkələri üçün mühüm önəm daşıyır. Bundan başqa, “Bir kəmər, bir yol” təşəbbüsünün və Zəngəzur dəhlizi (TRIPP) layihəsinin gerçəkləşməsi Böyük İpək Yolunun bərpasına xidmət etməklə, həm də Naxçıvanın tarixi missiyasını yenidən özünə qaytararaq bölgənin sosial-iqtisadi inkişafı prosesinə güclü təkan verəcək. Bütün bunların fövqündə Cənubi Qafqaz heç vaxt olmadığı qədər sülhün, təhlükəsizliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevriləcək. Bu məkanın qazandırdığı üstünlüklərdən həm Asiya, həm Avropa ölkələri, həm də ABŞ və Çin mühüm dividendlər əldə edəcək ki, bu da beynəlxalq iqtisadi münasibətləri yeni keyfiyyət mərhələsinə daşımaqla dünya nizamının düzgün formalaşmasında özünü göstərəcək.

 Nail ƏSGƏROV
 

Nəşr edilib : 16.06.2026 09:30