NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib

...

Ulu Öndər Heydər Əliyevin həyatının mənası Azərbaycan idi, ölkəmizin inkişafı və tərəqqisi idi. Ümummilli Liderimizin respublikamıza rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuş, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsasları və müstəqillik konsepsiyası hazırlanmışdır. Ölkəmizin tarixinə Qurucu və Xilaskar rəhbər kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Ümummilli Liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işlərdə həmişə xalqa arxalandığını vurğulayaraq demişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri vardır. Dahi İnsan müdrik siyasəti, uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gercəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına nail olmuş, ölkəmiz özünün geostrateji, iqtisadi və mədəni potensialı sayəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Tarix sübut edir ki, yalnız xalqa bağlı olan, onun maraqlarını qoruya bilən, Vətən və millət sevgisi ilə yaşayan siyasətçilər böyük uğur qazanırlar. Siyasi fəaliyyətinin bütün dönəmlərində dahi şəxsiyyət Heydər Əliyev xalqa bağlı olduğunu, ümummilli maraqları hər zaman uca tutduğunu dəfələrlə sübut etmişdir. Böyük rəhbər Vətəni, milləti qarşısında ölkənin taleyüklü məqamlarında bütün məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət və millət kimi tarixin sınaqlarından çıxarmışdır. Bununla da, xilaskarlıq missiyasını yerinə yetirmişdir. Azərbaycanın həqiqi müstəqilliyi, intibahı məhz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”,deyib şərəfli bir missiyanı üzərinə götürən Ulu Öndərin öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Ulu Öndər həmişə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənib, arxalanıb.

Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində dahi şəxsiyyət Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir. Ümummilli Lider Azərbaycan dövlətçiliyini, Azərbaycan xalqını fəlakətlərdən qurtarmış, dövlətçiliyi möhkəmləndirmiş, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini bərpa etmiş, sabitlik və firavanlığa şərait yaratmışdır. Çox çətinliklə əldə etdiyimiz müstəqilliyimizi dönməz və əbədi etmişdir. Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin qurduğu dövlətin taleyini tapşıracağı yeni liderin seçilməsində nümayiş etdirdiyi özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapırdı. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi: “Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözləri Ümummilli Liderin uzaqgörənliyinin və seçiminin alternativsizliyinin bariz nümunəsidir.

Dahi şəxsiyyət Heydər Əliyevin bu arzuları artıq reallığa çevrilib. Prezident İlham Əliyev ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirib. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə  bayrağımız əzəmətlə dalğalanır. Qarabağ zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövləti və güc mərkəzi bu reallıqları qəbul edir, onunla hesablaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Xalqımız əmindir ki, Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var.

Hazırda Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlayır. Bu gün fəxrlə deyirik ki, ölkəmizin, xalqımızın qazandığı bütün nailiyyətlər Ümummilli Liderimiz Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim uğurlar qazanaraq böyük zirvələri fəth edir. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli dövlətdir.  

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası sabitlik, inkişaf, qanunçuluq və ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə bu fikirlərlə qayıtmışdı və ömrünün sonunadək də buna sadiq qaldı. Ulu Öndər Heydər Əliyev qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Ülkər BAYRAMOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 07.05.2026 15:13