NAXÇIVAN :

10 Oktyabr 2026, Şənbə

Azərbaycan MDB məkanında: strateji əməkdaşlıq və artan regional nüfuz

...

Azərbaycanın regional proseslərdə artan rolu, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə və müxtəlif dövlətlərlə qurduğu qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri ölkəmizin strateji mövqeyini gücləndirən əsas amillərdəndir. Respublikamızın MDB-yə üzv dövlətlərlə münasibətlərinin qarşılıqlı fayda, siyasi dialoq və çoxşaxəli əməkdaşlıq prinsipləri əsasında inkişafı da bu strategiyanın mühüm istiqamətlərindən biridir. Bu baxımdan, oktyabrın 9-da Prezident İlham Əliyevin iştirakı ilə Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasları Birlik çərçivəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi və Azərbaycanın mövqeyinin təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın regional siyasətində xüsusi yer tutan istiqamətlərdən biri Türkmənistanla münasibətlərdir. Tarixi köklərə, ortaq mənəvi dəyərlərə və çoxəsrlik dostluq ənənələrinə əsaslanan Azərbaycan-Türkmənistan əlaqələri bu gün strateji tərəfdaşlıq xarakteri daşıyır. Son illərdə dövlət başçıları arasında intensiv təmaslar və qarşılıqlı səfərlər münasibətlərin inkişafına yeni dinamika verib, siyasi dialoqun davamlılığını təmin edib və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradıb.
Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında qeyd etdiyi kimi, Azərbaycan ilə Türkmənistan arasında münasibətlər çoxəsrlik dostluq, qardaşlıq əlaqələrinə əsaslanır və strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasındakı münasibətlər tarixi-mənəvi təməllərlə yanaşı, müasir dövrün strateji maraqlarına da söykənir. İkitərəfli əlaqələr iqtisadi-ticari əməkdaşlıq, enerji, nəqliyyat və regional kommunikasiyalar sahələrində də yeni imkanlar formalaşdırır.

MDB çərçivəsində etibarlı tərəfdaşlıq və humanitar əlaqələr

35 illiyini qeyd edən MDB bu gün dövlətlərarası dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi baxımından əhəmiyyətini qoruyur. Beynəlxalq münasibətlərdə gərginliklərin və geosiyasi dəyişikliklərin müşahidə olunduğu bir vaxtda müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi üzv dövlətlərə ortaq maraqları müəyyənləşdirmək, mövcud problemləri müzakirə etmək və əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirmək imkanı verir. Azərbaycan üçün də bu platformada iştirak qarşılıqlı hörmət, suverenliyə ehtiram və milli maraqlara əsaslanan əməkdaşlıq prinsiplərinin təşviqi baxımından əhəmiyyətlidir.
Ölkəmizin MDB məkanında fəallığı humanitar əlaqələrin inkişafında da özünü göstərir. Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi və Üçüncü MDB Oyunlarının Azərbaycanda keçirilməsi xalqlar arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edən mühüm təşəbbüslərdir. Bu tədbirlər üzv dövlətlərin nümayəndələrinə Azərbaycanın mədəni irsi, tarixi və müasir inkişafı ilə daha yaxından tanış olmaq imkanı yaradıb.
Laçının mədəniyyət paytaxtı statusu daşıması, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətlidir. Şəhərdə təşkil edilən tədbirlər onun tarixi-mədəni irsinin təbliğinə, bölgənin turizm potensialının nümayişinə və yenidənqurma işlərinin miqyasının diqqətə çatdırılmasına imkan verib. Bu proses Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf mühitinin yaradılması istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Üçüncü MDB Oyunlarının ölkəmizin yeddi şəhərini əhatə etməsi isə Azərbaycanın beynəlxalq idman tədbirlərinin təşkili sahəsində təcrübəsini və infrastruktur imkanlarını nümayiş etdirib. Müxtəlif ölkələrdən minlərlə idmançının və qonağın iştirakı ilə keçirilən yarışlar xalqlar arasında ünsiyyətin, qarşılıqlı tanışlığın və dostluq münasibətlərinin möhkəmlənməsinə də töhfə verib.

Faydalı əməkdaşlığın vacib prioritetlərindən biri – Xəzərin ekoloji təhlükəsizliyi

Azərbaycanın regional əməkdaşlıq siyasətində ekoloji təhlükəsizlik məsələləri də mühüm yer tutur. Oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammiti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev sammitdəki çıxışında Xəzər dənizinin dayazlaşması probleminin getdikcə kəskinləşdiyinə diqqət çəkərək onun səbəblərinin elmi əsaslarla araşdırılmasının, dəniz səviyyəsinin aşağı düşməsinə təsir edən amillərin müəyyənləşdirilməsinin və qəbul edilən qərarların icrasına nəzarət üzrə daimi əməkdaşlıq mexanizminin yaradılmasının vacibliyini vurğulayıb. 
Dövlətimizin başçısı Xəzərin nadir ekosisteminin qorunmasının bütün Xəzəryanı dövlətlər üçün müştərək vəzifə olduğunu qeyd edərək bildirib: “Ötən illər ərzində ölkələrimiz tərəfindən geniş müqavilə-hüquqi baza yaradılıb. Azərbaycan, demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır. 2018-ci ildə imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya tarixi əhəmiyyətə malikdir. Bu, Xəzəryanı beş dövlətin uzun illər apardıqları birgə işin nəticəsidir”.
Dövlətimizin başçısının sammitdə diqqətə çatdırdığı kimi, Xəzər dənizinin səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Xəzərin Azərbaycan sektorunda isə dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində, təxminən, 30 min hektar quru sahə yaranıb. Mövcud tendensiyanın davam etməsi ciddi, hətta fəlakətli nəticələrə səbəb ola bilər. Problem yalnız ekoloji vəziyyətlə məhdudlaşmır, həm də sahilyanı ərazilərdə yaşayan insanların həyatına, iqtisadi fəaliyyətə, nəqliyyata, limanların və digər infrastruktur obyektlərinin işinə birbaşa təsir göstərir. Bütün bunlar Xəzərin dayazlaşmasının yalnız ekoloji deyil, həm də iqtisadi və strateji əhəmiyyət daşıyan problem olduğunu göstərir.
Prezident İlham Əliyevin hələ 2022-ci ildə Aşqabadda keçirilən Altıncı Xəzər Sammitində xüsusi ekspert qruplarının yaradılması ilə bağlı irəli sürdüyü təşəbbüs də problemin həllinə birgə və elmi yanaşmanın vacibliyini ortaya qoyur. Bu mövqe Azərbaycanın regional əməkdaşlığa kompleks yanaşdığını, Xəzərin ekoloji təhlükəsizliyini və dayanıqlı inkişafını ümumi məsuliyyət kimi qiymətləndirdiyini təsdiqləyir. Xəzərin mühüm nəqliyyat və enerji marşrutlarının keçdiyi məkan olması isə onun ekoloji vəziyyətinin qorunmasını regionun gələcək inkişafı baxımından daha da aktuallaşdırır.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Bu prosesdə çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillər də mühüm rol oynayır. Prezident İlham Əliyev çıxışında vurğulayıb: “Bununla yanaşı, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir. Belə bir yanaşma zəruri tədbirləri vaxtında həyata keçirməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin nəticələrini minimuma endirməyə imkan verəcək. Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq. Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir. Ümidvaram ki, bugünkü sammit bu yolda mühüm addım olacaq”.

Regional nüfuzu artıran mühüm amil –nəqliyyat-logistika imkanları

Azərbaycanın regional mövqeyini gücləndirən əsas istiqamətlərdən biri nəqliyyat-logistika infrastrukturunun inkişafıdır. Əlverişli coğrafi mövqeyə malik ölkəmiz son illərdə müasir avtomobil və dəmir yollarının, limanların və logistika imkanlarının yaradılmasına böyük investisiyalar yatırıb. Nəticədə, respublikamız Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yükdaşımaların həyata keçirilməsi üçün mühüm tranzit məkanına çevrilib.
Bu infrastrukturun əhəmiyyəti beynəlxalq ticarət əlaqələrinin genişləndiyi və təchizat zəncirlərinin şaxələndirildiyi indiki dövrdə daha aydın görünür. Etibarlı tranzit imkanları yüklərin daha səmərəli daşınmasına, regional bazarlar arasında əlaqələrin möhkəmlənməsinə və ölkələrin iqtisadi əməkdaşlığının dərinləşməsinə şərait yaradır. Azərbaycanın coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirməsi Prezident İlham Əliyevin uzunmüddətli inkişaf strategiyasının mühüm nəticələrindən biridir.
2026-cı ilin birinci yarısında ölkəmizdən keçən tranzit daşımalarının həcminin 10 faiz artaraq, təxminən, 8 milyon tona çatması bu sahədəki inkişaf dinamikasını göstərir. Ortamüddətli perspektivdə həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutları üzrə yükdaşımaların hər bir istiqamətdə 15 milyon tona çatdırılması hədəfi Azərbaycanın tranzit potensialını daha da genişləndirmək niyyətini ortaya qoyur. Bu məqsədə nail olunması infrastruktur imkanlarının artırılması ilə yanaşı, beynəlxalq tərəfdaşlarla koordinasiyanın gücləndirilməsini və marşrutların rəqabət qabiliyyətinin yüksəldilməsini də tələb edir.
Nəqliyyat sahəsində əldə olunan nəticələr Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti ilə də sıx bağlıdır. Tranzit daşımalarının artması logistika, xidmət və ticarət sahələrində iqtisadi fəallığı yüksəldir, eyni zamanda ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə şərait yaradır. Bu baxımdan, nəqliyyat infrastrukturu yalnız yüklərin daşınmasını təmin edən vasitə deyil, həm də yeni investisiyaların cəlb edilməsinə, iqtisadi imkanların genişləndirilməsinə və regional inteqrasiyanın dərinləşməsinə xidmət edən strateji resursdur. Bu strategiyanın mühüm istiqamətlərindən biri olan Zəngəzur dəhlizi və (TRIPP layihəsi) Azərbaycanın tranzit potensialının daha da artırılması ilə yanaşı, regionun nəqliyyat-kommunikasiya xəritəsinin yenidən formalaşması, mövcud marşrutların şaxələndirilməsi və beynəlxalq yükdaşımaların səmərəliliyinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu layihələrin reallaşdırılması region ölkələri arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, Avrasiya nəqliyyat şəbəkəsində bağlantıların gücləndirilməsinə və Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verə bilər.

MDB-yə sədrlik Azərbaycanın regional mövqeyini daha da gücləndirəcək

Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etməsi ilə bağlı qərarın dəstəklənməsi ölkəmizin Birlik daxilində əməkdaşlığın inkişafına töhfə vermək imkanlarını genişləndirir. Prezident İlham Əliyev iclasda bu etimadın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: “Hörmətli həmkarlar, Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istərdim. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq. Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazırdır”. Bu məsuliyyət Azərbaycanın dövlətlərarası dialoqun davam etdirilməsi, praktiki əməkdaşlıq istiqamətlərinin təşviqi və qarşılıqlı faydaya əsaslanan təşəbbüslərin irəli sürülməsi üçün əlavə imkanlar yaradır.
Beləliklə, Azərbaycanın MDB-yə həmsədrliyi və sonrakı ildə sədrliyi ölkəmizin beynəlxalq əməkdaşlıq platformalarında artan fəallığının vacib göstəricilərindəndir. 2027-ci ildə Özbəkistanla birlikdə həmsədrlik edəcək Azərbaycan 2028-ci ildə Birliyə tam sədrliyi öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. Türkmənistan, Özbəkistan və Azərbaycanın formalaşdırdığı troyka çərçivəsində əməkdaşlıq da bu prosesin mühüm tərkib hissəsidir.
Müstəqillik tarixində ilk dəfə MDB-yə sədrlik edəcək ölkəmiz bununla yanaşı, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə, Türk Dövlətləri Təşkilatında və CICA platformasında sədrliyi ilə də beynəlxalq əməkdaşlıq gündəliyində fəal iştirak edir. 2027-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Azərbaycana keçməsi və sammitin ölkəmizdə keçirilməsinin, eləcə də 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi etməsinin nəzərdə tutulması Azərbaycanın müxtəlif çoxtərəfli platformalarda üzərinə götürdüyü məsuliyyətin miqyasını göstərir.
Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müxtəlif siyasi və iqtisadi platformalar arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni nümayiş etdirir. Uzun illər Ermənistan-Azərbaycan münaqişəsi səbəbindən MDB-yə sədrliyin reallaşmaması fonunda bu mərhələyə gəlinməsi ölkəmizin suverenliyinin və regional mövqeyinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 
Beləliklə, Azərbaycan artıq yalnız regional təşəbbüslərin iştirakçısı deyil, həm də çoxtərəfli əməkdaşlığın gündəliyinin formalaşdırılmasında və dövlətlərarası dialoqun inkişafında məsuliyyət götürən ölkə kimi çıxış edir. Bu reallıq Azərbaycanın qarşıdakı illərdə beynəlxalq əməkdaşlıq əlaqələrini daha da genişləndirmək, dövlətlər arasında qarşılıqlı etimadı möhkəmləndirmək və ortaq maraqlara əsaslanan təşəbbüsləri təşviq etmək imkanlarını artırır. Bütün bunlar ölkəmizin müstəqil xarici siyasət kursunun ardıcıllığını, milli maraqlara əsaslanan tərəfdaşlıq modelini və beynəlxalq miqyasda üzərinə götürdüyü məsuliyyətin artdığını nümayiş etdirir.
Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışı Azərbaycanın MDB məkanında həyata keçirdiyi siyasətin əsas istiqamətlərini aydın şəkildə göstərir. Bu fəaliyyət siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əlaqələrin möhkəmləndirilməsi və nəqliyyat-logistika imkanlarının inkişafı kimi bir-birini tamamlayan istiqamətləri əhatə edir.
Beləliklə, Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakı, strateji tərəfdaşlarla münasibətlərini möhkəmləndirməsi və tranzit potensialını genişləndirməsi ölkəmizin regional proseslərdə mövqeyinin güclənməsinə mühüm töhfə verir. Dəyişən geosiyasi şəraitdə bu imkanlardan səmərəli istifadə edilməsi isə həm ölkəmizin iqtisadi inkişafının sürətləndirilməsi, həm də regionda qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.


Nail ƏSGƏROV

Nəşr edilib : 09.10.2026 18:29