NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Azərbaycan-Mərkəzi Asiya: müasir reallıq və möhkəmlənən əməkdaşlıq

...

Cənubi Qafqazın, bütövlükdə isə Avropa ilə Asiyanın qovuşduğu məkanda mühüm strateji mövqeyə sahib olan Azərbaycanın müasir geosiyasi reallıqdakı çəkisi ölkəmizin tam suverenliyi, səmərəli tərəfdaşlıq münasibətləri və ardıcıl şəkildə dəstəklədiyi sülh siyasəti fonunda daha aydın görünür. Yaxın regionumuzda hələ də həllini tapmayan münaqişələrin yaratdığı mürəkkəb vəziyyətə baxmayaraq, Azərbaycanın Orta Dəhliz üzərində etibarlı tranzit ölkə kimi mövqeyi Çindən Avropayadək uzanan geniş coğrafiyada yeni imkanlar açır. Bu baxımdan, ölkəmizin Mərkəzi Asiyadakı dost və qardaş dövlətlərlə qurduğu sıx siyasi, iqtisadi və mədəni əlaqələr hazırda tarixinin ən yüksək mərhələsinə yüksəlməkdədir. Bu münasibətlər yalnız ikitərəfli əməkdaşlığın inkişafına deyil, həm də ortaq maraqlar ətrafında birləşməyə imkan verən çoxtərəfli platformanın formalaşmasına xidmət edir.

Mərkəzi Asiya ölkələrini Azərbaycandan Xəzər dənizi ayırsa da, yeni reallıqlar fonunda bu dəniz, əslində, birləşdirici amil kimi daha böyük əhəmiyyət qazanır. Azərbaycan-Mərkəzi Asiya münasibətləri artıq siyasi dialoqdan iqtisadi əməkdaşlığa, nəqliyyat-logistika əlaqələrindən enerji layihələrinə, humanitar münasibətlərdən turizm və mədəni əməkdaşlığa qədər geniş sahələri əhatə edən çoxşaxəli sistemə çevrilir. Azərbaycan üçün Mərkəzi Asiya, ilk növbədə, Şərqlə Qərb arasında formalaşan yeni iqtisadi və nəqliyyat əlaqələrinin mühüm tərəfdaşlıq məkanıdır. Mərkəzi Asiya ölkələri üçün isə Azərbaycan Xəzər dənizi üzərindən Cənubi Qafqaza, Türkiyəyə və Avropa bazarlarına çıxış imkanlarını genişləndirən əsas istiqamətlərdən biridir. Beləliklə, coğrafi yaxınlıq qarşılıqlı maraqlarla tamamlanaraq yeni əməkdaşlıq modelinin əsasını təşkil edir.

Çinin təşəbbüsü ilə gündəmə gələn və inkişaf edən Orta Dəhliz bu əməkdaşlığın yeni üfüqlərini açır. Avropanın enerji təchizatının şaxələndirilməsi, Çinin sənaye və innovasiya potensialının genişlənməsi, eləcə də beynəlxalq ticarətdə alternativ və təhlükəsiz nəqliyyat marşrutlarına tələbatın artması Orta Dəhlizin, dolayısı ilə Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir. Çindən başlayaraq Mərkəzi Asiyaya, oradan Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut artıq yalnız yüklərin daşındığı nəqliyyat xətti deyil. O, yeni geosiyasi reallıqlar şəraitində sabitliyə, etibarlı tərəfdaşlığa və uzunmüddətli əməkdaşlığa söykənən mühüm iqtisadi əlaqələr sistemidir.

Bu gün Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığından danışarkən Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanla qarşılıqlı ticarət, uzunmüddətli investisiyalar, sənaye və innovasiya sahəsində tərəfdaşlıq, kənd təsərrüfatı, enerji, “yaşıl enerji”, nəqliyyat və logistika layihələri ön plana çıxır. Bu sahələrin hər biri əməkdaşlığın iqtisadi məzmununu zənginləşdirməklə yanaşı, tərəflərin regional və beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsinə də töhfə verir.

Tarixi-mədəni yaxınlıq Azərbaycanla Mərkəzi Asiya xalqlarını ortaq maraqlar ətrafında birləşdirən mühüm amillərdəndir. Keçmiş sovet dövründə formalaşmış qardaşlıq münasibətləri Azərbaycanın Xəzərin o tayındakı və daha uzaqdakı bu beş ölkə ilə hərtərəfli əlaqələrinin inkişafı üçün müəyyən zəmin yaratmışdı. Mərkəzi Asiya dövlətlərinin torpaqlarımızın işğalı dövründə Azərbaycana göstərdikləri mənəvi dəstək, 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfərdən sonra isə münasibətlərin daha da möhkəmləndirilməsi bu tarixi yaxınlığın yeni məzmun qazandığını göstərir. Qarabağın yenidən qurulması və dirçəldilməsi prosesində qardaş ölkələrin iştirakı da bunun bariz nümunəsidir.

Özbəkistanın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Qırğızıstanın isə Ağdamda Manas adına məktəbin inşasına verdiyi töhfələr bu həmrəyliyin əməli ifadəsidir. Türkmənistanın Füzulidə məscid layihəsində iştirakı da qardaş ölkələr arasında mənəvi bağların və qarşılıqlı dəstəyin göstəricisidir. Prezident İlham Əliyevlə sıx dostluq münasibətləri olan bu dövlətlərin liderlərinin Qarabağa səfərləri və burada səsləndirdikləri siyasi mesajlar da ortaq iradənin və birliyin gücünü nümayiş etdirir.

Dövlət başçımızın türk birliyinin gələcək inkişafına verdiyi önəm, bu istiqamətdə həyata keçirilən siyasət və Azərbaycanın beynəlxalq nüfuzu ölkəmizin Türk dünyasında mövqeyini daha da gücləndirir. Vaxtilə Böyük İpək Yolunun müxtəlif qolları üzərində yerləşən bu coğrafiyalarda xalqlar arasında yaranmış tarixi bağlar bu gün yeni iqtisadi münasibətlər, rəqəmsal əlaqələr və mədəniyyətlərarası dialoq vasitəsilə davam etdirilir. Beləliklə, ortaq tarixi yaddaş müasir dövrdə müstəqil siyasi iradənin, elmi-mədəni əməkdaşlığın və dayanıqlı inkişafın mühüm dayaqlarından birinə çevrilir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının yeni mərhələsində Qazaxıstan, Özbəkistan və Türkmənistanla nəqliyyat, logistika və enerji sahələrində əlaqələr xüsusi yer tutur. Qırğızıstan və Tacikistanla münasibətlərdə də iqtisadi əməkdaşlıqla yanaşı, humanitar və mədəni əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır. Bununla belə əməkdaşlığın bu istiqamətlərini bir-birindən ayırmaq deyil, onları vahid regional tərəfdaşlıq sisteminin tamamlayıcı sahələri kimi qiymətləndirmək daha doğru olardı.

Bu baxımdan, 2025-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının yeddinci Məşvərət görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi yer alması diqqətəlayiq hadisə idi. Bundan əvvəl, 2023-cü ildə Tacikistanda və 2024-cü ildə Qazaxıstanda keçirilən görüşlərdə iştirak edən Azərbaycan bununla Mərkəzi Asiya ilə əməkdaşlıq mexanizmlərindəki mövqeyini daha da möhkəmləndirdi. 2026-cı il oktyabrın 8-də Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının səkkizinci Məşvərət görüşü isə münasibətlərin inkişafında növbəti mühüm mərhələ oldu.

Ötən illə müqayisədə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin 50 faizdən çox artması, Azərbaycanda bu ölkələrin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi, eləcə də Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması əməkdaşlığın iqtisadi əsaslarının genişləndiyini göstərir. Bu göstəricilər siyasi dialoqun konkret iqtisadi nəticələrlə möhkəmləndiyini təsdiqləyir.

2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşünə Azərbaycanın ev sahibliyi etməsi də ölkəmizin regional əməkdaşlıqdakı artan rolunun göstəricisidir. Avazada qəbul olunan sənədlər və əldə edilən razılaşmalar əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinə, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Mərkəzi Asiya dövlət başçılarının Azərbaycanın növbəti görüşə ev sahibliyini dəstəkləməsi isə ölkəmizin bu coğrafiya ilə münasibətlərinə verilən yüksək siyasi qiymətin ifadəsidir. Bu yaxınlaşma Türk dünyasının digər mühüm mərkəzləri ilə əlaqələrin genişlənməsi, o cümlədən Türkiyə ilə regional iqtisadi və nəqliyyat bağlarının gücləndirilməsi baxımından da yeni imkanlar yaradır.

Bu gün Türk dünyasının coğrafi bağlantılarının genişlənməsində Naxçıvanın və Zəngəzur dəhlizi ilə bağlı proseslərin xüsusi yeri var. Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin gələcək perspektivlərindən danışarkən Naxçıvanın Türkiyə ilə birbaşa sərhədə malik olması onun regional nəqliyyat və turizm əlaqələrindəki potensialını da diqqətə çatdırır. Orta Dəhlizin inkişafı, Azərbaycan-Naxçıvan-Türkiyə istiqamətində nəqliyyat əlaqələrinin genişlənməsi muxtar respublika üçün yeni iqtisadi imkanlar yarada bilər. Bu imkanlar yalnız tranzit daşımaları ilə məhdudlaşmır. Logistika infrastrukturunun inkişafı, turizm marşrutlarının genişləndirilməsi və regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi də Naxçıvanın gələcək inkişafında mühüm rol oynaya bilər.

Azərbaycan-Mərkəzi Asiya münasibətləri bu gün yalnız ortaq tarixə və mədəni yaxınlığa söykənən dostluq əlaqələri deyil. Bu münasibətlər müstəqil dövlətlərin qarşılıqlı maraqlarını uzlaşdıran, iqtisadi imkanlarını birləşdirən və regionun gələcək inkişafına istiqamət verən strateji tərəfdaşlıq modelidir. Xəzərin iki sahilini birləşdirən bu əməkdaşlığın daha da möhkəmlənməsi Azərbaycanın regional mövqeyini gücləndirməklə yanaşı, Türk dünyasının iqtisadi, nəqliyyat və humanitar əlaqələrinin genişlənməsinə də xidmət edir.

Əli CABBAROV

Nəşr edilib : 23.10.2026 10:37