NAXÇIVAN :

31 Iyul 2026, Cümə

Azərbaycan-Qırğızıstan münasibətləri: strateji tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə

...

Azərbaycan və Qırğızıstan arasında münasibətlər son illərdə tarixi-mədəni bağlılıq, qarşılıqlı siyasi etimad və ortaq maraqlar əsasında dinamik inkişaf edərək nümunəvi tərəfdaşlıq modelinə çevrilib. Əlaqələrin möhkəmlənməsində dövlət başçılarının siyasi iradəsi və ardıcıl diplomatik təşəbbüslər həlledici rol oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin iyulun 30-da Qırğızıstana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində Çolpon-Ata şəhərində keçirilən yüksək səviyyəli görüş, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın III iclası və aparılan danışıqlar əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsinə xidmət edən mühüm qərarlarla yadda qaldı. Əldə olunan razılaşmalar və imzalanan sənədlər göstərdi ki, Azərbaycan-Qırğızıstan əlaqələri artıq təkcə siyasi dialoqla məhdudlaşmır, hüquqi və institusional baxımdan da yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu addımlar gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirməklə yanaşı, strateji tərəfdaşlığın daha möhkəm əsaslar üzərində inkişafına əlverişli zəmin yaradır.

Münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən mühüm siyasi-hüquqi addım

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin ən mühüm nəticəsi, şübhəsiz ki, “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması oldu. Bu sənəd iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmiləşdirən mühüm siyasi-hüquqi addımdır. Müqavilə Bakı ilə Bişkek arasında formalaşmış əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin genişlənməsi üçün yeni imkanlar açır. Eyni zamanda sənəd Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi xarici siyasətin yeni mərhələyə qədəm qoyduğunu və Türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsinə mühüm töhfə verdiyini göstərir.

Sənəd siyasi etimadın, qarşılıqlı dəstəyin və uzunmüddətli əməkdaşlıq iradəsinin institusional əsaslarını gücləndirir. Müqavilənin əsasını dövlətlərin suveren bərabərliyi, müstəqilliyə, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı maraqların nəzərə alınması prinsipləri təşkil edir. Bu yanaşma ikitərəfli münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşmadığını, regional və beynəlxalq platformalarda da əlaqələndirilmiş fəaliyyət üçün möhkəm zəmin yaratdığını nümayiş etdirir.

Bununla yanaşı, tərəflərin bir-birinə qarşı yönəlmiş hər hansı ittifaq və ya bloklarda iştirak etməmək öhdəliyini təsdiqləməsi münasibətlərin qarşılıqlı etimad, müstəqil qərarvermə və strateji həmrəylik prinsiplərinə söykəndiyini göstərir.

Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata Birgə Bəyanatında vurğuladığı kimi, müttəfiqlik münasibətləri yalnız yüksək səviyyəli siyasi dialoq deyil, həm də qarşılıqlı məsuliyyət, etimad və uzunmüddətli strateji əməkdaşlıq öhdəliyidir: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdəhəm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.

Çolpon-Ata şəhərində dövlət başçılarına ali dövlət təltiflərinin – I dərəcəli “Manas” və “Heydər Əliyev” ordenlərinin təqdim olunması səfərin rəmzi yekunlarından biri olmaqla yanaşı, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ən yüksək siyasi etimad və strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirdi. Bu addım iki ölkə liderinin qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da dərinləşdirilməsinə və gələcək birgə fəaliyyətə sadiqliyinin mühüm ifadəsi kimi qiymətləndirilə bilər.

Siyasi-iqtisadi əməkdaşlıq genişlənir, qarşılıqlı etimad möhkəmlənir

İyulun 31-də Çolpon-Atada keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın III iclası iki ölkə arasında əməkdaşlığın yeni siyasi mərhələyə daxil olduğunu nümayiş etdirdi. İclas təkcə ikitərəfli münasibətlərin mövcud vəziyyətinin müzakirəsi ilə məhdudlaşmayaraq gələcək əməkdaşlığın strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb etdi. Ən vacib nəticə isə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi istiqamətində siyasi iradənin bir daha təsdiqlənməsi oldu. Bu, qarşılıqlı etimadın yüksək səviyyəsini və əməkdaşlığın uzunmüddətli strateji maraqlar üzərində qurulduğunu göstərir. Belə hüquqi-siyasi çərçivə əlaqələrin davamlı inkişafı və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması üçün möhkəm zəmin yaradır.

Dövlətlərarası Şura son illərdə Azərbaycan-Qırğızıstan münasibətlərinin institusional əsaslarının möhkəmləndirilməsində mühüm rol oynayır. Məhz bu platforma çərçivəsində iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, təhsil, humanitar əlaqələr və turizm sahələrində qəbul edilən qərarlar ardıcıl şəkildə həyata keçirilir. Bu isə əməkdaşlığın yalnız siyasi dialoqla məhdudlaşmadığını, konkret layihələr və qarşılıqlı maraqlar üzərində inkişaf etdiyini göstərir.

Son illərdə qarşılıqlı investisiyaların artması, Qırğız-Azərbaycan Fondunun fəaliyyətinin genişlənməsi, Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” proqramına, xüsusilə Qarabağın bərpasına göstərilən dəstək, humanitar layihələrin icrası və turizm sahəsində yeni təşəbbüslər münasibətlərin məzmununu daha da zənginləşdirib. Bu istiqamətlər həm iqtisadi əməkdaşlığın genişlənməsinə, həm də xalqlar arasında etimadın möhkəmlənməsinə xidmət edir.

Dövlət başçılarının çıxışları da əməkdaşlığın artıq konkret nəticələr üzərində qurulduğunu təsdiqlədi. Prezident İlham Əliyevin Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstəyi, Ağdamda “Manas” adına məktəbin istifadəyə verilməsini, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini və Qırğız-Azərbaycan Fondunun fəaliyyətini xüsusi vurğulaması göstərir ki, münasibətlər siyasi bəyanatlar mərhələsini geridə qoyaraq real layihələr və praktiki təşəbbüslərlə zənginləşən yeni inkişaf mərhələsinə daxil olub.

Fondun maliyyə imkanlarının artırılması barədə qəbul edilən qərar isə birgə investisiya layihələrinin genişləndirilməsi üçün yeni perspektivlər açır. Sitat: “Siz müxtəlif sahələrdə əməkdaşlığı qeyd etdiniz. Əlbəttə, mən bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacağına əminəm. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, fond inkişaf etdikcə layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək”.

Prezident Sadır Japarov çıxışında Qırğızıstan ilə Azərbaycan arasında həllini gözləyən heç bir siyasi məsələnin olmadığını xüsusi vurğuladı. Bu fikir iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini və əməkdaşlığın qarşılıqlı etimad əsasında inkişaf etdiyini göstərir. Hazırda tərəfdaşlığın əsas istiqamətləri iqtisadiyyat, nəqliyyat, enerji, investisiya, təhlükəsizlik və humanitar sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi ilə xarakterizə olunur. Formalaşmış etimad mühiti isə bu əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.

İclas zamanı turizm və infrastruktur sahələrində əməkdaşlığa da xüsusi diqqət yetirildi. İssık-Kul bölgəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən “Bakı” hotelinin açılması, iki ölkənin qarşılıqlı sərmayə və regional inkişaf imkanlarından səmərəli istifadə etdiyini göstərir. Bu layihələr Azərbaycanın Qırğızıstan üçün təkcə siyasi müttəfiq deyil, həm də iqtisadi inkişaf proseslərinə töhfə verən etibarlı tərəfdaş olduğunu təsdiqləyir.

Azərbaycan və Qırğızıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı da ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verir. Ortaq tarix, dil və mədəni irs üzərində qurulan bu tərəfdaşlıq son illərdə nəqliyyat-kommunikasiya layihələri, iqtisadi inteqrasiya, enerji və təhlükəsizlik sahələrində daha da möhkəmlənib.

Dövlətlərarası Şuranın III iclası bir daha göstərdi ki, Azərbaycan-Qırğızıstan münasibətləri artıq strateji tərəfdaşlıq çərçivəsini aşaraq müttəfiqlik mərhələsinə yüksəlib. Bu yeni mərhələ siyasi etimadın möhkəmlənməsini, institusional əməkdaşlığın genişlənməsini və Türk dünyasında inteqrasiyanın dərinləşməsinə xidmət edən uzunmüddətli əməkdaşlıq modelinin formalaşdığını nümayiş etdirir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərdi. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkə arasında formalaşmış yüksək siyasi etimadın hüquqi ifadəsi olmaqla yanaşı, gələcək əməkdaşlığın daha geniş və sistemli əsaslar üzərində inkişafına imkan yaradır. Göründüyü kimi, bu gün Azərbaycan və Qırğızıstan əlaqələri yalnız tarixi-mədəni yaxınlıq və siyasi həmrəyliklə deyil, həm də konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar, humanitar təşəbbüslər və regional əməkdaşlıq imkanları ilə xarakterizə olunur. Dövlətlərarası Şuranın fəaliyyəti, birgə fondun imkanlarının genişləndirilməsi və həyata keçirilən layihələr göstərir ki, tərəflər münasibətləri praktiki nəticələr üzərində qurmağa xüsusi önəm verirlər. Yeni müttəfiqlik mərhələsi iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə, regional sabitlik və iqtisadi inkişafın təşviqinə mühüm töhfə verəcək. Qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan bu tərəfdaşlıq Azərbaycan ilə Qırğızıstanın həm ikitərəfli, həm də beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətini daha da gücləndirəcək.

                                                                                                       Nail ƏSGƏROV

Nəşr edilib : 31.07.2026 14:56