NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində “Tənzimləmə” İşçi Qrupunun iclası olub

...

Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) nümayəndələrinin iştirakı ilə “Tənzimləmə” İşçi Qrupunun iclası baş tutub.
“Şərq qapısı” EMTA-nın yaydığı məlumata istinadən xəbər verir ki, görüşün açılışında EMTA-nın Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyev və EPDK-nın Xarici Əlaqələr Qrupunun rəhbəri Mustafa Yavuzdemir çıxış edərək iştirakçıları salamlayıb və iki qardaş ölkə arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulamaqla İşçi Qrupunun işinə uğurlar arzulayıblar.
İclasın gündəliyinə uyğun olaraq, tərəflər Azərbaycan-Türkiyə IV Enerji Forumunun Protokolunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini nəzərdən keçiriblər və bu çərçivədə əldə olunmuş nailiyyətləri müzakirə ediblər.
Qeyd olunub ki, Azərbaycan-Türkiyə IV Enerji Forumunun Protokolu ilə müəyyən edilmiş tapşırıqlara uyğun olaraq “Tənzimləmə” İşçi Qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində tərəflər arasında 8 mühüm mövzu üzrə onlayn formatda fəal təcrübə mübadiləsi aparılıb.
Daha sonra EMTA-nın Enerji sahəsində liberallaşdırma şöbəsinin mütəxəssisi Mətin Şıxıyev “Azərbaycanın enerji sektoru: Son yeniliklər və gələcək perspektivlər”, EPDK-nın enerji üzrə mütəxəssisi Furkan Günday isə “Türkiyənin elektrik enerjisi bazarı: Mövcud vəziyyət və son yeniliklər” mövzusunda təqdimatlarla çıxış ediblər.
Tərəflər, həmçinin gələcək əməkdaşlıq perspektivlərini müzakirə edərək birgə atılacaq addımları və işçi qrupun gələcək fəaliyyət istiqamətlərini müəyyən ediblər.

Nəşr edilib : 11.09.2026 18:44