Azərbaycan Güləş Federasiyasının Etika və İntizam ...
23:54 13.05.2026
0
0
0
NAXÇIVAN :
14 May 2026, Cümə axşamı
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin ötən illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahə və istiqamətləri üzrə dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Heydər Əliyev xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə həmişə öz xalqının yanında olmuşdur. Azərbaycanın həqiqi müstəqilliyi, intibahı məhz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, – deyib şərəfli bir missiyanı üzərinə götürən Ulu Öndərin öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Ulu Öndər həmişə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənib, arxalanıb. Tarix sübut etdi ki, dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə-neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə qadirdir. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi oldu, ölkəmiz davamlı inkişaf yoluna çıxdı.
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik konsepsiyasını yaratmışdır. Ona görə də 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın qurulması işinə ötən əsrin 70-80-ci illərində başlamışdı. Məhz bu illərdə sovet imperiyasının sərt rejiminə baxmayaraq, dahi şəxsiyyət Azərbaycanı müstəqilliyə hazırlamışdır. O illərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində əldə olunmuş uğurlar Ümummilli Liderimizin gərgin əməyinin nəticəsidir. Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində dahi şəxsiyyətin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi Ulu Öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ölkəmiz ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerləri tuturdu. Görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi.
Azərbaycan xalqının tükənməz gücünə, zəngin potensialına dərindən inanan görkəmli dövlət xadimi Heydər Əliyev böyük qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını yaratmağa başlamışdı. Ümummilli Liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. O illərdə Ulu Öndər Heydər Əliyev, ilk növbədə, bugünkü dövlət müstəqilliyimizin əsası olan güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin etməsinə şərait yaratmışdı. Respublikanın hər yerində böyük quruculuq işləri aparılmış, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, Azərbaycan üçün yeni müəssisələr istifadəyə verilmiş, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdir. Ən başlıcası budur ki, Ulu Öndər xalqımızın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdir.
Şərəfli ömrünü Azərbaycan xalqının nicatına həsr edən Ulu Öndərimiz Azərbaycan xalqının qəlbində tarix yaradan böyük şəxsiyyət kimi yaşayır. Onun uzaqgörən, düşünülmüş siyasəti nəticəsində keçmiş ittifaqın iqtisadi və siyasi cəhətdən zəif bir respublikası olan Azərbaycan qısa zaman kəsiyində sürətli inkişaf yoluna çıxarılmışdır. 1969-cu ildən sonra Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və elmi cəhətdən qazandığı uğurların başlıca səbəbi Heydər Əliyev dühası və onun yaradıcı gücə malik inkişaf strategiyasıdır. Ümummilli Liderimiz Heydər Əliyev böyük uzaqgörənliklə: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam. Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır”, – deyərək ölkəmizə rəhbərliyi dövründə respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə qovuşdurmuş, Azərbaycan iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırmışdır.
1990-1993-cü illərdə Ümummilli Liderimizin Naxçıvanda yaşayaraq fəaliyyət göstərməsi müstəqillik yolunun davamı və bərpası istiqamətində mühüm bir mərhələdir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Naxçıvanda siyasi hakimiyyətə qayıdışı, Naxçıvandan başlanan müstəqillik yolunun Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. O dövrdə Azərbaycanda cərəyan edən hadisələrdən fərqli olaraq Naxçıvan görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin bərpası uğrunda mübarizənin mühüm siyasi mərkəzinə çevrilmişdi.
Bu dövrün tarixi təcrübəsi bir daha göstərir ki, Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyimizin təşəkkül prosesi xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev ölkə vətəndaşlarının hüquqlarını qoruya bilən dövlətin əsasını qoymuşdur. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi kimi sağlığında xalqın qəlbində heykəlləşmiş, əbədiləşmişdir.
Müstəqil Azərbaycan bu gün Heydər Əliyev siyasəti ilə qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, ən böyük azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir. Ümummilli Liderimizin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir.
Bu gün Azərbaycan dövlətinin elə bir sahəsi, cəmiyyət həyatının elə bir istiqaməti yoxdur ki, orada Ümummilli Liderimizin izi olmasın. Hər bir sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu, onun ideyalarının uğurla davam etməsini aydın müşahidə edirik. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyən Ulu Öndərin ruhu bu gün şaddır. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı, haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta, həm də düşmənə göstərməkdədir. Çox şükürlər olsun ki, Azərbaycan Prezidentinin müdrik siyasəti, ordumuzun qətiyyəti sayəsində bizim bayrağımız Laçında, Şuşada, Xocalıda, Xankəndidə dalğalanır.
Azərbaycanın bugünkü sabitliyi, iqtisadi gücü və beynəlxalq aləmdəki mövqeyi dahi şəxsiyyət Heydər Əliyev irsinin, onun müdrik siyasətinin layiqli davamıdır. Azərbaycanın reallaşdırdığı qlobal layihələr, işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyük quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, yürüdülən uğurlu daxili və xarici siyasət Heydər Əliyevin dövlətçilik yanaşmasının modernizasiya edilmiş formalarıdır. Bu siyasətin təməl prinsipləri əsasında dövlətimizin iqtisadiyyatı sürətlə inkişaf edir və Azərbaycanın müstəqilliyi möhkəmlənir. Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmdəki mövqeyi Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğunda atdığı addımların və həyata keçirdiyi islahatların nəticəsidir.
Ulu Öndərin müəyyən etdiyi siyasi kursun və inkişaf strategiyasının təməlində müstəqil və qüdrətli Azərbaycan dövlətçiliyi, respublikamızın təhlükəsizliyi, xalqın yüksək rifahı dayanır. Xalqımız 2003-cü ildə Prezident İlham Əliyevə etimad göstərəndə Heydər Əliyev ideyaları ətrafında səfərbər olmuşdu. Ötən illərin hər bir siyasi, iqtisadi və sosial nəticəsi göstərir ki, Prezident İlham Əliyev siyasi varis kimi, Ulu Öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirməklə, həm də onları dövrün çağırışlarından irəli gələrək daha da zənginləşdirir. Bu illər ərzində respublikamızın hər bir inkişaf nümunəsi Heydər Əliyev ideyalarının təntənəsidir. Prezident İlham Əliyevin dediyi kimi: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Qızıltac Şahbazova
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi
Digər xəbərlər