FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müra...
19:20 26.07.2026
0
0
0
NAXÇIVAN :
26 Iyul 2026, Bazar
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyulunu müstəqil, qüdrətli Azərbaycan dövlətinin qazandığı bütün uğurların, nailiyyətlərin, müasir dövlətçilik yolunda parlaq səhifələrin yazıldığı təməl tarix kimi daim böyük qürur və fəxarət hissi ilə xatırlayır, əziz tuturuq. Həmin gün həm də xalqımızın öz milli kimliyinə, mənəvi dəyərlərinə qayıdışının başlanğıcı hesab olunur.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın sosial-iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanıb. Dahi şəxsiyyət hakimiyyətə gəlişi ilə milli düşüncəni oyadıb, illər sonra qurulacaq müstəqil Azərbaycanın potensial bazasını yaradıb. Həmin zaman kəsiyi tamamilə fərqli şərtlərin diktə olunduğu dövr olsa da, dahi şəxsiyyət öz şəxsi bilik və bacarığı sayəsində irəlilədiyi vəzifə pillələrində artıq xalqının gələcək mövcudluğu üçün yeni şərtlərin yaradılmasının özü üçün milli vəzifə olduğunu qətiləşdirib. Təsadüfi deyil ki, bu gün bir çox tarixçi və siyasətçilər haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının XX əsrdəki milli qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən başlanır. İqtisadi çətinliklərlə müşayiət olunan həmin dövr həm də yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın öz sahib olduqlarından yararlana bilməməsi, ittifaq tərkibində olan digər respublikalardan ən geridə qalması ilə fərqlənirdi. Dahi şəxsiyyət o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
Fəaliyyətinin amalı, qayəsi doğma Azərbaycanın parlaq gələcəyi olan Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək ictimai şüurlardakı qorxunu aradan qaldıraraq müasir tariximizin ən şanlı və parlaq salnaməsini yazıb. Dahi şəxsiyyət müdrik, uzaqgörən fəaliyyətiilə inqilabi dəyişiklik yaradaraq ölkəmizin çoxəsrlik dövlətçilik tarixində milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrünün bünövrəsini qoyub.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik konsepsiyasını yaratmışdır. Ona görə də 1969-cu ilin 14 iyulunda Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.
Azərbaycan xalqının tükənməz gücünə, zəngin potensialına dərindən inanan görkəmli dövlət xadimi Heydər Əliyev böyük qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını hələ o illərdə yaratmağa başlamışdı. Ümummilli Liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. O illərdə Ulu Öndər Heydər Əliyev, ilk növbədə, bugünkü dövlət müstəqilliyimizin əsası olan güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin etməsinə şərait yaratmışdı. Respublikanın hər yerində böyük quruculuq işləri aparılmış, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, Azərbaycan üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, bu sahələrdə işləyə bilən güclü kadr potensialı formalaşdırılmışdır.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövrü Azərbaycanda ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur. Milli təəssübkeşlik hissi ilə zəngin olan bu quruculuq dövrünün baş memarı dahi rəhbər Heydər Əliyev idi. Sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövləti məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur Ümummilli Liderimiz bu barədə deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.
Şərəfli ömrünü Azərbaycan xalqının nicatına həsr edən Ulu Öndərimiz Azərbaycan xalqının qəlbində tarix yaradan böyük şəxsiyyət kimi yaşayır. Ümummilli Liderimiz sovetlər birliyi dönəmində ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanın müstəqilliyinin əsasını qoymuşdur. Onun uzaqgörən, düşünülmüş siyasəti nəticəsində keçmiş ittifaqın iqtisadi və siyasi cəhətdən zəif bir respublikası olan Azərbaycan qısa zaman kəsiyində sürətli inkişaf yoluna çıxarılmışdır. 1969-cu ildən sonra Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və elmi cəhətdən qazandığı uğurların başlıca səbəbi Heydər Əliyev dühası və onun yaradıcı gücə malik inkişaf strategiyasıdır.
Ümummilli Liderimiz Heydər Əliyev böyük uzaqgörənliklə: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam. Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır”, – deyərək ölkəmizə rəhbərliyi dövründə respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə qovuşdurmuş, Azərbaycan iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırmışdır.
Müstəqil Azərbaycan bu gün Heydər Əliyev siyasəti ilə qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, ən böyük azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir. Ümummilli Liderimizin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir.
Bu gün böyük dövlət xadimi Heydər Əliyevin işi və əməlləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf və tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Ümummilli Liderimizin fəal yaradıcı gücə malik olan idealları yaşayır. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi tədbirləri ən dəqiq formada Ulu Öndərimizin özü belə ifadə etmişdir: “Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik”.
Bu gün memarı Heydər Əliyev olan Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir. Hərtərəfli inkişаf хəttini dаvаm еtdirən ölkə Prеzidеnti cənab İlham Əliyevin həyаtа kеçirdiyi tədbirlər nəticəsində Аzərbаycаn dаhа dа inkişаf еdərək rеgiоndа lidеr dövlətə çеvrilmişdir. Bu inkişаf ölkə həyаtının bütün sаhələrini, еləcə də bütün rеgiоnlаrı əhаtə еdir.
Xalqımız öz xoşbəxtliyini, ölkəmiz isə öz inkişaf və tərəqqisini bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilən Heydər Əliyev siyasətində, quruculuq və inkişaf yolunda tapır. Bu yol Azərbaycanın dünəni, bu günü və sabahıdır. Azərbaycan bu yolla irəliləyərək yüksəlir, inkişafının sürəti ilə dünyanı heyrətə salır. Belə inkişaf tempi isə Azərbaycana yad deyil. Ötən əsrin 70-ci illərində də ölkəmiz bu cür vüsəti Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaşamışdı. İndi isə Ümummilli Liderin bu ideyaları ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin ideyaları yaşayır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır. Çünki bu yolu Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan qalib xalqın qalib lideri Prezidentimiz cənab İlham Əliyev davam etdirir.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər