NAXÇIVAN :

25 Noyabr 2026, Çərşənbə

Azərbaycanda yeni layihələndirmə normaları təsdiq edilib

...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən təsdiq edilmiş heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar qüvvəyə minib.

Dövlət Komitəsindən  bildirilib ki, sənəd müasir texnologiyaların tətbiqini, enerji səmərəliliyinin artırılmasını və ekoloji təhlükəsizliyin təmin olunmasını, eləcə də heyvan və quşların saxlanılması üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.

Yeni normalar tikiləcək, yenidən qurulacaq heyvandarlıq və quşçuluq müəssisələrinə şamil edilir. Sənəddə müxtəlif növ kənd təsərrüfatı heyvanlarının və quşların saxlanılması üçün bina və yerləşgələrin, mühəndis sistemlərinin, su təchizatı və ventilyasiya qurğularının layihələndirilməsinə, həmçinin yanğın təhlükəsizliyinə dair tələblər müəyyən edilib.

Sənədin əsas istiqamətlərindən biri ağıllı kənd təsərrüfatı (Smart Farming) texnologiyalarının tətbiqidir. Xüsusilə temperatur, rütubət və havanın keyfiyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərindən istifadə tövsiyə olunur. Məsələn, heyvanlarda istilik stressi riski yarandıqda ventilyasiya və soyutma sistemlərinin avtomatik işə salınması, həmçinin su sərfiyyatındakı qeyri-adi artımlar barədə xəbərdarlıq edən rəqəmsal sayğacların tətbiqi nəzərdə tutulur.

Enerji səmərəliliyinə və resurslardan qənaətlə istifadəyə də xüsusi diqqət ayrılıb. Nəzərdə tutulan həllər arasında enerji istehlakının azaldılması, istehsalat proseslərində yaranan istiliyin təkrar istifadəsi və istilik nasoslarının tətbiqi yer alır.

Yeni normalarda heyvan və quşların saxlanılması üçün təhlükəsiz, əlverişli şəraitin yaradılmasına xüsusi önəm verilib. Müxtəlif heyvan növlərinin xüsusiyyətləri nəzərə alınmaqla mikroiqlim, su təchizatı və döşəmə örtükləri ilə bağlı tələblər müəyyən edilib. Belə ki, döşəmə örtükləri sürüşkən olmamalı, su keçirməməli və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olmalıdır.

Fövqəladə hallar zamanı heyvan və quşların təhlükəsiz təxliyəsi də yeni normaların mühüm istiqamətlərindəndir. Sənəddə heyvanların təxliyəsi üçün xüsusi istiqamətləndirici keçidlərin, maneəsiz çıxışların və təhlükəsiz toplanma sahələrinin nəzərdə tutulması tələb olunur. Ayrı-ayrı bölmələrə ayrılmış binalarda hər bölmədən ən azı iki müstəqil təxliyə marşrutu təmin edilməlidir. Eyni zamanda, quşların təxliyəsi zamanı həddindən artıq sıxlıq nəticəsində onların xəsarət almasının və tələf olmasının qarşısının alınması üçün müvafiq layihələndirmə həlləri nəzərdə tutulur.

Ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə istehsalat tullantılarının və çirkab sularının ətraf mühiti çirkləndirməsinin qarşısının alınması, eləcə də onların səmərəli istifadəsi və emalı ilə bağlı tələblər müəyyən edilib.

Yeni normaların qüvvəyə minməsi ilə 1984-cü ildə təsdiq edilmiş və 40 ildən artıq müddətdə tətbiq olunan “СНиП 2.10.03-84” normativ sənədinin Azərbaycan ərazisində hüquqi qüvvəsi dayandırılıb.

Nəşr edilib : 25.11.2026 17:35