NAXÇIVAN :

21 Sentyabr 2026, Bazar ertəsi

Azərbaycanın enerji siyasətində yeni mərhələ: Qobustandan Naxçıvana uzanan “yaşıl enerji” yolu

...

Azərbaycanın enerji siyasətində təbiətin bir neməti kimi qəbul etdiyimiz günəş bu gün iqtisadi resursa, sabah isə ölkənin enerji təhlükəsizliyinin və ixrac potensialının mühüm dayaqlarından birinə çevrilməkdədir.

Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirakı Azərbaycanın bərpa olunan enerji siyasətində yeni mərhələnin daha bir mühüm göstəricisi oldu.

Qaradağ rayonunda istifadəyə verilən 100 meqavat gücündə “Qobustan” Günəş Elektrik Stansiyası ildə, təxminən, 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Layihənin reallaşması nəticəsində hər il, təxminən, 45 milyon kubmetr təbii qaza qənaət olunması və karbon emissiyalarının 97 min ton azaldılması gözlənilir. “Qobustan” Azərbaycanın enerji siyasətində dəyişən prioritetlərin, “yaşıl iqtisadiyyat”a keçidin və yeni investisiya mexanizmlərinin real nəticəsini nümayiş etdirən layihələrdən biridir.

“Qobustan” Azərbaycanda hərrac yolu ilə həyata keçirilən ilk günəş elektrik stansiyası layihəsi kimi xüsusi əhəmiyyət daşıyır. Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektarlıq ərazi bərpa olunan enerji mənbələri üçün müəyyənləşdirilib və 2024-cü ildə keçirilmiş hərracın qalibi Çinin “Universal International Holdings Limited” şirkəti olub. Bu məqam Azərbaycanın enerji sektorunda yeni iqtisadi yanaşmanın formalaşdığını göstərir. Dövlətin enerji siyasəti artıq yalnız istehsal güclərinin artırılması ilə məhdudlaşmır. Burada özəl kapitalın cəlb edilməsi, beynəlxalq tərəfdaşlığın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və uzunmüddətli enerji səmərəliliyinin təmin olunması da mühüm yer tutur.

Azərbaycanın bərpa olunan enerji sahəsində qarşıya qoyduğu hədəflər isə “Qobustan”la məhdudlaşmır. Stansiyanın istismara verilməsi ilə ölkədə bərpa olunan enerji mənbələrinin ümumi gücünün 2170 MVt-a çatacağı və onların ölkənin ümumi enerji gücündə payının, təxminən, 21,5 faizə yüksələcəyi bildirilir. 2027-ci ilin sonunadək daha 1,5 QVt civarında bərpa olunan enerji layihəsinin reallaşdırılması nəzərdə tutulur.

Analitik təhlil baxımından bu rəqəmlərin arxasında Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı daha geniş istiqamətlər dayanır. Çünki enerji siyasətində baş verən dəyişiklik artıq yalnız “Nə qədər elektrik istehsal edirik?” sualı ilə məhdudlaşmır. İndi əsas məsələlərdən biri enerjini hansı mənbədən əldə etməyimiz və  yeni  texnologiyalarla iqtisadi səmərəyə necə nail olmağımızdır. Bu baxımdan, “Qobustan” layihəsi Azərbaycanın yeni enerji modelinin konkret nümunələrindən biridir.

Azərbaycanın müasir iqtisadi inkişaf tarixini ənənəvi enerji resurslarından ayrı təsəvvür etmək mümkün deyil. Neft və qaz ölkənin sosial-iqtisadi imkanlarının genişlənməsində, regionların infrastrukturunun yenilənməsində və beynəlxalq mövqelərin möhkəmləndirilməsində mühüm rol oynayıb.

Lakin zaman və məkan baxımından yaşadığımız dünya sürətlə dəyişir. Enerji bazarlarında yeni texnologiyalar, enerji səmərəliliyi və aşağı karbonlu inkişaf istiqamətləri getdikcə daha böyük əhəmiyyət qazanır. Azərbaycan qloballaşma proseslərindən kənarda qalmır. Əksinə, ölkənin geniş günəş və külək potensialı yeni mərhələdə Azərbaycan üçün həmin resurs üzrə mütləq üstünlük yaradır. Burada əsas məsələ mövcud enerji potensialını yeni enerji mənbələri ilə tamamlayaraq  şaxələndirilmiş enerji sistemi yaratmaqdır.

Azərbaycanın “yaşıl enerji” siyasətinə nəzər saldıqda Qaradağdakı “Qobustan” layihəsinin arxasında duran mühüm ünvanlarından biri də Naxçıvandır. Naxçıvanın günəş enerjisi sahəsində potensialı onun coğrafi və iqlim xüsusiyyətləri ilə sıx bağlıdır. Günəşli günlərin çoxluğu, geniş ərazilər və enerji sektorunun inkişaf perspektivləri muxtar respublikanı bərpa olunan enerji layihələri üçün əlverişli məkanlardan birinə çevirir.

Artıq Naxçıvanda “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik Stansiyalarının yaradılması istiqamətində işlər görülür. Hər iki stansiyanın gücü 25 meqavat olmaqla ilkin mərhələdə ümumi 50 meqavatlıq günəş enerjisi gücünün formalaşdırılması nəzərdə tutulur. Layihələr üzrə ildə, təxminən, 122 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 26 milyon kubmetr təbii qaza qənaət və 57 min ton karbon emissiyasının qarşısının alınması gözlənilir. Muxtar respublikada 600 hektardan artıq ərazinin gələcək bərpa olunan enerji layihələri üçün müəyyənləşdirilməsi göstərir ki, söhbət yalnız iki günəş stansiyasından getmir.

Prezidentimizin diqqəti və qayğısı nəticəsində Naxçıvanın enerji potensialı regionda iqtisadi üstünlüyə çevrilir. Naxçıvanın gələcək inkişafını yalnız istehsal olunan elektrik enerjisinin həcmi ilə ölçmək düzgün olmaz. Günəş enerjisi iqtisadiyyatın digər sahələrinə də təsir göstərə bilər. Bu isə daha böyük enerji strategiyasının başlanğıcı deməkdir.

Əgər böyük həcmdə ucuz və təmiz elektrik enerjisi istehsal olunursa, bunun ardınca enerji tutumlu sənaye sahələrinin inkişafı, yeni investisiyaların cəlb edilməsi, müasir texnologiyaların tətbiqi və yeni sahibkarlıq imkanlarının yaranması üçün şərait genişlənir. Məsələn, gələcəkdə Naxçıvanda günəş panelləri ilə yanaşı, onların quraşdırılması və texniki xidməti, enerji anbar sistemləri, rəqəmsal enerji idarəetməsi, enerji səmərəliliyi texnologiyaları və mühəndislik xidmətləri üzrə yeni fəaliyyət istiqamətlərinin formalaşması mümkündür. Günəş enerjisinin üstünlüyü ondadır ki, onun mənbəyi tükənmir.

Azərbaycanın qarşısında duran əsas məsələ isə bu təbii üstünlüyü müasir texnologiya, investisiya və düzgün iqtisadi siyasətlə birləşdirərək davamlı inkişafın yeni resursuna çevirməkdir. Əslində, günəş enerjisinin ən maraqlı tərəfi onun sadəliyindədir. Günəş işıq saçır, panellər onu elektrik enerjisinə çevirir, elektrik isə iqtisadi fəaliyyət üçün yeni imkan yaradır. Bu sadə prosesin arxasında isə böyük iqtisadi sistem dayanır: investisiya, texnologiya, məşğulluq, enerji təhlükəsizliyi ixrac.

Naxçıvanın “yaşıl enerji” perspektivini daha da əhəmiyyətli edən digər amil onun coğrafi mövqeyidir. Azərbaycanın Türkiyə ilə enerji əməkdaşlığının inkişafı fonunda Naxçıvanın gələcəkdə “yaşıl enerji” istehsal edən və bu enerjinin regional bazarlara çıxarılmasında iştirak edən mərkəzlərdən birinə çevrilməsi perspektivi meydana çıxır. Naxçıvanın günəşi yalnız Naxçıvanın enerji ehtiyaclarını ödəyən təbii resurs deyil, gələcəkdə ixrac potensialı yaradan iqtisadi sərvətə çevrilə bilər.

“Yaşıl enerji” keçidi yalnız enerji şirkətlərinin və dövlət qurumlarının işi deyil. Bu prosesin arxasında mühəndislər, iqtisadçılar, texnoloqlar və tədqiqatçılar dayanır. Bu baxımdan, regionda flaqman ali təhsil müəssisəsinə çevrilən Naxçıvan Dövlət Universitetinin rolu da əhəmiyyətli dərəcədə artır. Burada bərpa olunan enerji, enerji iqtisadiyyatı, “yaşıl texnologiyalar”, enerji səmərəliliyi və innovasiya istiqamətlərində tədqiqatların genişləndirilməsi muxtar respublikada formalaşan yeni enerji ekosisteminə elmi dəstək verəcəkdir.

Universitet-sənaye əməkdaşlığının genişləndirilməsi isə tələbələrin və gənc tədqiqatçıların real layihələrə cəlb olunmasına, yeni ideyaların kommersiyalaşdırılmasına və yerli mütəxəssis potensialının gücləndirilməsinə imkan yarada bilər. Beləliklə, “yaşıl enerji” yalnız elektrik stansiyası deyil, həm də yeni bilik və insan kapitalına əsaslanan iqtisadiyyatın formalaşması deməkdir.

Bu gün qürurla qeyd etmək olar ki, ölkənin müxtəlif regionlarını əhatə edən “yaşıl enerji” sistemi artıq uğurla tətbiq olunur. Bu sistemdə hər regionun öz üstünlüyü var. Qaradağ investisiya, infrastruktur və enerji istehsalı baxımından mühüm mərkəzdirsə, Naxçıvan günəş enerjisi potensialı, coğrafi mövqeyi və Türkiyə istiqamətində enerji əməkdaşlığı imkanları ilə seçilir.

“Qobustan” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi, Naxçıvanda yeni Günəş elektrik stansiyalarının yaradılması və daha böyük bərpa olunan enerji layihələrinin planlaşdırılması göstərir ki, Azərbaycan öz enerji gələcəyini çoxşaxəli şəkildə qurur. Qobustan bir nümunə, Naxçıvan isə böyük perspektivi ola böyük bir iqtisadi potensialdır.

Dövlət başçımızın Qobustanda yandırdığı günəş enerjisi lampası isə əslində, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvanda gələcəyin daha böyük “yaşıl enerji” layihələrinə işıq salır.

                                                                               Turqan BABAYEV

Naxçıvan Dövlət Universitetinin dosenti,

                                                                   iqtisad üzrə fəlsəfə doktoru

Nəşr edilib : 21.09.2026 13:30